Azərbaycan Ermənistanın konstitusiyasını dəyişdirir - Paşinyan razı görünür...

25-01-2024, 00:05           
Azərbaycan Ermənistanın konstitusiyasını dəyişdirir -
Ermənistanın mövcud konstitusiyası sülh prosesinə əngəl yaratmır.

“Cebhe.info”nun məlumatına görə, Ermənistanın xarici işlər naziri Aratat Mirzoyan keçirdiyi mətbuat konfransında belə deyib. Qeyd edək ki, Ermənistan hakimiyyətinin konstitusiyada Müstəqillik Bəyannaməsinə istinad edildiyi üçün onu dəyişdirmək qərarına gəldiyi barədə məlumatlar yayılıb. Çünki bugünkü şərtlər daxilində Azərbaycanla sülh müqaviləsinin imzalanması və “Dağlıq Qarabağ”ın bu ölkənin tərkib hissəsi kimi tanınması konstitusiyaya ziddir. Konstitusiyanın preambulasında (Hər hansı hüquqi sənədin – direktiv aktın, deklarasiyanın, müqavilənin və s.-nin izahedici giriş hissəsi-red.) qeyd edilən Müstəqillik Bəyannaməsində keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin ərazisinin Ermənistana birləşdirlməsinə dair Ermənistan SSR Ali Sovetinin 1 dekabr 1989-cu il tarixli qərarı öz əksini tapıb. Bu isə Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə ziddir.

Belə olan şəraitdə hər hansı sülh müqaviləsindən söhbət gedə bilməz. Ona görə də Ermənistan hakimiyyəti konstitusiyanın köhnə mətnindən imtina etməyin vacib olduğunu anlayır. Lakin Mirzoyan indiki hakimiyyətin inqilabdan sonra konstitusiya islahatlarından bəhs etdiyini və bu məqsədlə müvafiq komissiyanın yaradıldığını bildirib.

“Məncə, bu, hüquqi münasibətləri və mexanizmləri təsbit etməklə yanaşı, ilk növbədə, vətəndaşla dövlət arasında cəmiyyətdaxili münasibətlərin qurulmasının fəlsəfi əsasını təşkil edən sənəddir. Bu, istifadəsinə və əhəmiyyətinə görə daxili sənəddir”,-xarici işlər naziri belə deyib. Nazir sülh prosesinin məhz indiki konstitusiyaya görə ləngiməsi ilə bağlı fikirlərlə də razılaşmayıb.

Eyni zamanda, o, həm Ermənistanın, həm də Azərbaycanın bir-birinin konstitusiyalarında hüquqi problem gördüyünü və təqdim etdiyini gizlətməyib. Bundan əvvəl Baş nazir Nikol Paşinyan Ermənistanın yeni konstitusiyaya ehtiyacı olduğunu bildirib. Ermənistanın 1995-ci ildə qəbul edilmiş konstitusiyasına 2005-ci, eləcə də 2015-ci illərdə əlavə və dəyişikliklər edilib. Ermənistan mediasının yazdığına görə, yeni konstitusiyanın qəbulu Paşinyan hakimiyyəti üçün çətin olmayacaq. Çünki yeni konstitusiya ümumxalq səsverməsi yolu ilə qəbul ediləcək. Bu halda referendum iştirakçılarının yarıdan çoxu, lakin ümumxalq səsverməsində iştirak etmək hüququ olan vətəndaşların ən azı dörddə bir hissəsi buna səs verməlidir. 2021-ci il iyunun 20-də keçirilmiş növbədənkənar parlament seçkilərində Paşinyanın liderlik etdiyi “Vətəndaş Müqaviləsi” Partiyası 688 min səs qazanıb. Qarşıdan gələn referendumda isə yeni konstitusiya mətninin qəbulu üçün 647 min səs tələb olunur. Yəni ali qanunun qəbuluna nail olmaq üçün Paşinyan hakimiyyətinin elektoral bazası və əlində olan inzibati resurslar kifayət edir.

Rəsmi orqanlar seçici siyahılarında təmizləmələr aparmaqla məsələni öz xeyrinə həll edə bilər. Üstəlik, Müstəqillik Bəyannaməsinin və hazırkı konstitusiyanın müəllifi olan revanşist müxalifətin cəmiyyətdə siyasi dəstəyi güclü deyil. Ona görə də Nikol Paşinyan öz məqsədinə çatacaq. Çünki Ermənistanda konstitusiya islahatı Nikol Paşinyana yalnız Azərbaycanla və Türkiyə ilə münasibətləri normallaşdırmaq üçün deyil, həm də öz hakimiyyətini gücləndirmək üçün lazımdır. Konstitusiya layihəsində əksini tapan təkliflər Ermənistanda hakimiyyətin formalaşması mexanizmlərinin dəyişməsini nəzərdə tutur. Ermənistan Ədliyyə Nazirliyinin hazırladığı konstitusiya islahatları konsepsiyasına əsasən, ölkədə azlıq hökumətinin formalaşdırılması və növbədənkənar seçkilərin tarixinə yenidən baxılması imkanları qeyd edilir. Bununla bağlı əsas qanunda təsbit edilməsini nəzərdə tutan təkliflərdən hansının seçiləcəyi isə hökumətdəki müzakirələrdən sonra məlum olacaq. Layihədə indiki Konstitusiya ilə müəyyən edilmiş sabit parlament çoxluğu prinsipindən imtina təklif edilir. Konstitusiyada Ermənistanda heç vaxt istifadə olunmayan azlıq hökumətinin formalaşdırılması imkanının yaradılması təklifi var.

Bu məqsədə çatmaq üçün iki fərqli variant irəli sürülür: Birincisi, ölkə Prezidenti Milli Məclisin ən çox deputatının etimadını qazanmış şəxsi Baş nazir təyin edə bilər.

İkinci varianta görə, İrəvan merinə olduğu kimi hüquqi rejim tətbiq edilir. Bu seçki modelində ən çox (nisbi) səs toplayan namizəd Baş nazir seçilir. Yeni konstitusiya layihəsi Nikol Paşinyana seçkilər zamanı hazırda parlamentdə 72 mandatla malik olduğu sabit çoxluğu əldə edə bilməsə belə, digər partiyalarla ittifaqa və dialoqa getməklə hakimiyyəti qazanmaq imkanı yaradır. Hətta Paşinyan digər rəqiblərini nisbi səs faizi ilə üstələməklə Baş nazir seçilə bilər. Ermənistan Prezidentinin Paşinyanın adamı olduğunu nəzərə alsaq, dövlət başçısının konstitusiyanın verdiyi bu səlahiyyətdən istifadə edəcəyi şübhə doğurmur.

Eyni zamanda, mövcud qanun parlamentin buraxılmasından sonra 30-45 gün ərzində növbədənkənar səsvermənin təşkilini nəzərdə tuturdusa, yeni konstitisiyada bu müddətin 50-60 günə çatdırılması təklif edilir. Yəni bu halda da Paşinyan hakimiyyətinin ömrünü uzatmaq imkanı əldə edir. Ona görə də Nikol Paşinyana konstitusiya islahatları özünün dediyi kimi, yalnız Ermənistanı regional geosiyasi vəziyyət uyğunlaşdırmaq üçün deyil, subyektiv maraqlarını təmin etmək üçün də lazımdır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.