Məqsədsiz-hədəfsiz toplum kompası xarab olan gəmi kimidir,...

7-05-2024, 08:54           
Məqsədsiz-hədəfsiz toplum kompası xarab olan gəmi kimidir,...
Toplumun böyük bir hissəsinin əsas hədəf kimi qəbul edə biləcəyi bir tezis olanda, dövlət də, xalq da daha əmin addımlarla o hədəfə doğru gedir. Son 30 ildə hədəf, məqsəd bəlli idi – Qarabağ, işğala son vermək, ərazi bütövlüyü və suverenliyimizin bərpası. Allah min şükür ki, bu hədəfə, bu məqsədə ən pozitiv ssenari ilə çatmaq mümkün oldu.
İndi məmləkətin məqsədi, toplumun böyük bir hissəsinin qəbul edə biləcəyi hədəf nədir?! Ərazi bütövlüyümüz var, öz ərazimizdə suverenliyimiz təmin edilib, Rusiya qoşunu da məmləkətdən çıxarılıb-çıxarılır, başqa heç bir dövlətə ərazi iddiamız yoxdur-olmamalıdır (sülh danışıqları xeyli irəliləyib, inşAllah ki, bu proses də bitəcək) – yaxşı, bundan sonra yolumuz-izimiz nədir?! Onu da deyim ki, məsələn, demokratiya məqsəd ola bilməz, qarşıya qoyulan məqsədə gedən yol ola bilər, və ya, AB-NATO-ya üzvlük hədəf ola bilməz, hədəfə gedən yolda alət ola bilər.
Hədəf, məqsəd hüququn üstünlüyünü təmin edən Rifah Dövlətinin qurulması, vətəndaş üçün işləyən hökumət (indi əksinədir) modelinin yaradılması ola bilər. Hə, Rifah Dövlətinə gedən yollarla bağlı fərqli ideyalar, tezislər ola bilər, bunu anlamaq lazımdır, amma bu məqsəd üzərində konsensusa gəlsək, hədəfə gedən yollarla bağlı ciddi, elmi, əsas da siyasi diskurs aça bilərik. O məqsədə “sağdan” da yol var, “soldan” da, kimsə “mərkəzdən” də getməyi təklif edə bilər – problem deyil, əsas məsələ odur ki, keyfiyyətli diskussiya etməyi bacaraq və hədəf üzərində konsensusa gələk.
Məqsədsiz-hədəfsiz toplum kompası xarab olan gəmi kimidir, yolunu tapa bilməyəcək, sular onu atıb-tutacaq, bundan heç kimə xeyir gəlməyəcək, gəminin içindəkilərin ürəkbulanması artacaq...
Natig Cəfərli
TEREF












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.