Rus ordusu bu bölgədən də çıxır: Putin-Paşinyan razılaşmasının detalları – Polkovnik açıqladı

10-05-2024, 18:24           
Rus ordusu bu bölgədən də çıxır: Putin-Paşinyan razılaşmasının detalları – Polkovnik açıqladı
Ermənistanın baş naziri Nikol Paşinyanın Moskvaya səfəri çərçivəsində Rusiya prezidenti Vladimir Putinlə rus ordusunun bəzi ərazilərdən çıxarılması ilə bağlı razılıq əldə edilib. Ermənistanın İran və Türkiyə ilə sərhədində dayanan rus ordusunun qalması müqabilində digər əraziləri tərk edəcəyi bildirilir. O cümlədən, Zvartnost hava limanından rus hərbçilərinin çıxarılacağı da razılaşmaya əsaslanacaq.

Bunu Teleqraf.com-a hərbi ekspert, polkovnik Üzeyir Cəfərov deyib.

O qeyd edib ki, hətta Rusiya tərəfinin Türkiyə-İran sərhədində olan rus əsgərlərinin çıxarılmasını təklif etdiyi iddia edilir:

“Paşinyan isə hələlik buna ehtiyacın olmadığını deyib. Görünən odur ki, Ermənistan öz sərhədlərini qoruyacaq səviyyədə deyil. Sadəcə olaraq Azərbaycanla dəqiqləşdirilmiş sərhədlərdən rus ordusunun çıxarılacağı ilə bağlı razılıq var”.

Polkovnik hesab edir ki, rus ordusunun Ermənistan ərazisində dislokasiyası mümkündür:

“Bunun üçün yeni kazarmalar tikilib, hərbi düşərgələr hazırlanıb. Sözsüz ki, Azərbaycan özü üçün hərbi nöqteyi-nəzərdən hər hansı təhlükələrin olmamasını erməni tərəfinə çatdırıb. Ermənistan Azərbaycanla danışıqlar prosesində bu kimi iradlarla üzləşməmək üçün şərtləri təmin etməlidir”.

Üzeyir Cəfərova görə, Ermənistan tərəfindən bir müddət öncə qoşunların geri çəkilməsi təklifi var idi:

“Burada söhbət sərhəd qoşunlarının geri çəkilməsindən gedə bilməz. Çünki sərhədçilər məhz təhlükəsizlik üçün ərazidədir. Sadəcə olaraq ağır silahların geri çəkilməsi nəzərdə tutulurdu. Məhz Müdafiə Nazirliyinə aid ağır artilleriya və digər iri çaplı silahların geri çəkilməsi gündəmə gətirilmişdi. Təbii ki, Azərbaycanla Ermənistan sərhədləri tam olaraq delimitasiya edildikdən sonra üzbəüz nöqtədə rus ordusunun olması İrəvanla Moskva arasında olan bir işdir. Bunun Azərbaycana heç bir təsiri olmayacaq”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.