Evin həbsxanasında saxlanılan iki milli fəalın kimliyi açıqlanıb

21-06-2024, 15:04           
Evin həbsxanasında saxlanılan iki milli fəalın kimliyi açıqlanıb
Təxminən bir ay əvvəl həbs olunan və Evin həbsxanasının təcridxanasında dindirilən iki milli fəalın kimliyi onların həbsxananın ümumi bölməsinə köçürülməsindən sonra məlum olub.

İnsan haqları üzrə fəaliyyət göstərən HRA xəbər agentliyinin məlumatına görə, iyunun 19-da Məhəmməd Əbdi İskanlı və Hüseyn Bərmah adlı iki azərbaycanlı fəal Evin həbsxanasının 2-Əlif bölməsindən ümumi bölməyə köçürülüb.

Təxminən bir ay əvvəl bu fəallar digər azərbaycanlı fəal Ümid Şahi ilə birlikdə həbs edilmişdilər. Ümid Şahi bir neçə günlük sorğu-sualdan sonra zaminə buraxılmışdı.

Evin həbsxanasının 2-Əlif bölməsinin İslam İnqilabı Keşikçiləri Korpusunun kəşfiyyat təşkilatının nəzarəti altında idarə olunduğu bildirilir. Həbs olunan fəalların da eyni qurumun agentləri tərəfindən sorğu-sual edildiyi qeyd olunur.

Həmin fəalların təhlükəsizlik qüvvələri tərəfindən necə həbs edildiyi barədə hələ ki, detallı məlumat yoxdur. Lakin onların Tehran vilayətinin sakini olduğu bildirilib.

Məlumatlara görə, bu fəallar sosial mediada fəaliyyətlərinə görə həbs ediliblər və “nizamın müxalif qruplarına üzv olmaq” və “sistemə qarşı təbliğat fəaliyyəti göstərmək” ittihamları ilə qarşılaşıblar.

İran təhlükəsizlik qüvvələrinin və məhkəmə orqanlarının İran və İran Azərbaycanında türk fəallara qarşı təzyiqləri kəskin şəkildə artıb.

Əbdüləziz Əzimi Qədim Evin həbsxanasından göndərdiyi son audio müraciətində İran İslam Respublikası təhlükəsizlik qüvvələrinin təcridxanalarda insan haqlarını ciddi şəkildə pozduğunu və dindirmə zamanı fəallara işgəncə verdiyini bildirib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.