Fazil Mustafadan tarixçi alimlərə sərt cavab: “Siz bədbəxtlər...”
29-09-2016, 09:28
Deputat onu ittiham edənlərə elə sözlər dedi ki...; partiya sədri ilə alimlərin davası daha da qızışır “Məndən tələb edirlər ki, niyə Yaqub Mahmudova böyük tarixçi demirsən? Siz kimsiniz məndən bunu tələb edirsiniz?”
Tarixçi alimlərlə Böyük Quruluş Partiyasının sədri, deputat Fazil Mustafa arasında günlərdir davam edən qarşıdurma səngimək bilmir. Deputatın Səfəvilər tarixi ilə bağlı səsləndirdiyi fikirlərdən sonra başlayan narazılıq hər keçən gün dərinləşir, tənqidlərlə başlayan qarşıdurma artıq təhqirə keçib.
Hər keçən gün yeni-yeni tarixçi alimlər prosesə qoşulur, F.Mustafa barəsində tənqidlər səsləndirir, bəzən təhqirlərə belə yol verməkdən çəkinmirlər. Hazırda mətbuatda və sosial şəbəkələrdə əsl söz savaşı əsasən F.Mustafa ilə həmkarı, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı və tarixçi alim Dilavər Əzimli arasında gedir. Leyla Hüseynova və Sevinc Məlikzadə kimi xanım tarixçilər, bu qəbildən olan bəzi tarixçilər də deputatı sərt tənqid edən alimlər sırasındadırlar.
Barəsində aşağılayıcı fikirlər səsləndirənlərlə bağlı “Yeni Müsavat”a danışan F.Mustafa onlara sərt cavab verdi: “Tarixə baxışlarda yenilikçi olan insanlardan təpki almadım. Əksinə, dəstək aldıq. Tariximizdə baş verən hadisələr bizə bu günün kontekstindən maraqlıdır. Hansı faydalı miras tariximizdə varsa, onun üzərində mühakimə yürütməliyik. Bu məsələlərdə bir şeyin şahidi oldum ki, mətn oxumaq tənbəlliyi var. Mətndə yazmışam ki, Yaqub Mahmudov yaxşı tarixçidir, gözəl əsərləri var. Amma Azərbaycanda böyük tarixçi yoxdur. Deyirlər ki, onu niyə böyük tarixçi kimi qəbul etmirsən? Sizlər qəbul edin, mən ortaya qoyulan əsərlərə, yanaşmalara baxıram.
Bunlar yoxdursa, deyə bilmərəm. Problemlərə qarşı qoyduğum alternativ Məhəmməd Əmin Rəsulzadə və onun sistemidir. Amma onlar bağırırlar ki, şah babam, nə bilim şaxsey-vaxsey. Ancaq bu işlərlə məşğuldurlar. Rəsulzadənin fikirlərinə istinad edirəm. Müsahibəmdə ”Səfəvilər tarixi fəlakətimizdir" cümləsi başlığa çıxarılıb. Bu söz mənim deyil, Əhməd Ağaoğlunundur. Necə ki, köhnə paltar işə yaramır, tarix də belədir. Biz modern cəmiyyət qurmaq istəyiriksə, tariximizin sıxıntılı dövründən qurtulmalıyıq. Dediklərim budur, yoxsa kimsə kiməsə pərəstiş edirsə öz şəxsi işidir. Rəsulzadə və onun ailəsi ilə bağlı bir müddət öncə mənfi fikirlər səsləndirildi. Hanı bu tarixçilər? Niyə reaksiya vermədilər? Orta əsrlərə reaksiya verirsiniz, amma Rəsulzadənin ailəsi təhqir olunanda, susdunuz. Parlamentdə bununla bağlı məsələ qaldıranda biriniz dəstək verdiniz? Niyə vermədiniz? Çünki sizin üçün real tarix yoxdur. Bu gün Azərbaycanın xilaskarlarından biri, bəlkə də birincisi Nuru Paşadır.
Bunu bir dəfə dilə gətirmisiniz? Amma gedib XVI əsrdən yapışırsınız, Xomeyninin qurduğu sistemə bənzəyən tarixdən, amma Xomeynini belə bəyənmirsiniz. Bu gün Xomeyninin baş müşaviri Rəhim Səfəvidir. O da sizinkidir, generaldır, gedin ona da biət edin, deyin ki, bizim generaldır. Deyirlər ki, kitab oxumaqla tarixdən danışmaq olmaz. Mənim feysbuqda paylaşdığım kitabların sayı sizin ömür boyu oxuduğunuz kitabların sayından çoxdur. Deyir ki, Səfəviləri sevməyən Azərbaycan türkü sayılmaz. Bu ifadə nə deməkdir?
Bundan böyük axmaqlıq yoxdur. Azərbaycanda siyasiləşmiş bir tarix var. Bundan qurtulmaq lazımdır. Kimisə qohum-tanışına görə institutda işə götürüblər, ortaya qoyduğu bir əsər yoxdur, amma bu günləri bizə ağıl öyrətməyə çalışır. Fikirlərimizi qəbul etməyə bilərsən, amma adam kimi polemikaya gir. Deyirəm ki, ən şərəfli tariximiz Rəsulzadə ilə başlayan tarixdir, biz İrandan qopmuşuq, təzədən bizi ora qaytarmayın. Rəsulzadə o qədər böyük zəka sahibi idi ki, Azərbaycan adını ona görə seçdi ki, bir daha İran arealına qayıtmayaq. Bunlar Rəsulzadəni başa düşməyiblər, çünki onu oxumurlar".
“Məndən tələb edirlər ki, niyə Yaqub Mahmudova böyük tarixçi demirsən? Siz kimsiniz məndən bunu tələb edirsiniz?”
Deputat bəzi mətbuat orqanlarının bu məsələdə sərgilədikləri mövqeyi də tənqid etdi: “Bəzən media qurumları savadsızlıqdan bu prosesə qoşulurlar ki, tarixçi alimlər Fazil Mustafanı məğlub etdilər. Məni necə məğlub edə bilərlər? Onlar debat aparmaq mədəniyyətində deyillər. Çox danışan biri var. Mənimlə debata çıxdı, sual verdilər ki, Azərbaycanın qurucusu kimdir, mən dirəşdim Rəsulzadə, o da dirəşdi ki, Babəkdir. Bununla necə polemika aparım? İndi də deyir ki, mənimlə debat təşkil edin.
Bu savadsızların hansı ilə debata çıxa bilərəm? Yoxsa biri deyir, tarixçi deyilsən, tarixə girişmə. Bu məsələlərdə debat mədəniyyətsizliyi də ortaya çıxdı. Direktora yaltaqlanmaq istəyirsiniz, gedin ayaqqabılarını silin. Məndən tələb edirlər ki, niyə Yaqub Mahmudova böyük tarixçi demirsən? Siz kimsiniz məndən bunu tələb edirsiniz?
Siz bədbəxtlər, Toynbii, Modreni, Karlı oxumamısınız. Bir dənə oxumusunuz ki, Toynbii ermənilərin lehinə bir cümlə işlədib. Onun sivilizasiya ilə bağlı əsərini oxumusunuz? Tarixi əzbərləməklə iş həll olunmur. Deyirlər ki, işimiz Səfəvilərin türk olduğunu sübut etməkdir, mən də deyirəm ki, türkdürlər, amma sizin işiniz budur? Dövlət o qədər pul ayırır ki, Səfəvilərin türk olduğunu sübut edəsiniz? Oradan-burdan dissertasiya köçürmək yolu ilə ortaya çıxmısınız. Bunlar Azərbaycanda düşüncə yeniliyinə əngəldirlər. Bu xəstələr hələ də düşünürlər ki, kabinetdə oturub tarixi sübut etməklə işğal olunmuş torpaqları qaytaracaqlar... Diplomum var, sən tarixdən danışma deyirlər.
Azərbaycanda bu gün kimə gəldi diplom paylayırlar. İmperiya bizimdir deyirsiniz, gedin İrandan bu gün ərazi tələb edin görüm edirsiniz. Biz bu dövləti rusların hesabına qurmuşuq. İran arealından bizi ayırmasaydılar, rus-tatar məktəbləri, Qori Müəllimlər Seminariyasını açmasaydılar, cahil olaraq molla dalınca gedən kütlə idik. Rəsulzadə, Üzeyir Hacıbəyov, Əhməd Ağaoğlu harada yetişib? Bunu öyrənin, gec deyil.
Mənə dəstək verənlər var, amma deyirlər ki, açıq şəkildə deməkdən qorxuruq, qaragüruhçuların əlində qalarıq. Kim qorxursa, öz işi, mən qorxmuram. Xalqım üçün düz sözü deməkdən çəkinməyəcəm. Beş nəfər cahil üçün faydalı söz deməkdən qorxmayacam. Bu xəstələr elə bilirlər ki, millət vəkili kimi bunları deyirəm. Sadəcə, araşdırmalarım əsasında fikirlərimi deyirəm. Tarix İnstitutunda bu qədər savadsız, tarixdən xəbəri olmayan şəxslərin olduğunu bilmirdim”.