Moskva Patriarxlığının nümayəndəsi:“Ən təhlükəli tendensiya radikalizmin din adından istifadə etməsidir”

29-09-2016, 13:56           

“Müxtəlif dinlərin birgə yaşayışı aktual məsələyə çevrilib”.

Bunu V Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində keçirilən panel müzakirələrində Moskva Patriarxlığının xarici kilsə əlaqələri şöbəsinin sədri, Volokolam mitropoliti İlarion deyib.

O qeyd edib ki, mədəniyyətlər və dinlərarası dialoq zamanı bütün dinlər üçün bərabər şəkildə ədalət formalaşdırılmalıdır: "Birgə yaşamalıyıq, amma özünəməxsusluğumuzu itirməməliyik. Dinimizdə hətta düşmənlərə qarşı mərhəmət hissinin olması müxtəlif dinlərin birlikdə yaşamasına şərait yarada bilər. Fərdi yanaşma olmalıdır. Hər cəmiyyətin özünəməxsusluğu var”.

Mitropolit İlarion bildirib ki, bu gün ən təhlükəli tendensiya radikalizmin din adından istifadə etməsidir. “Mümkün deyil ki, terrorçuluq dini terrorçuluq olsun. Burada dini ritorika altında özünü gizlədən terror fəaliyyəti var. Bütün terrorçular şeytanın xidmətçiləri, Allahın düşmənidir. Terrorçular dinin mərhəmət, sevgi, dözümlülük kimi dəyərlərinə qarşı çıxır. Bu gün minlərlə insanın qətlə yetirilməsi ən ağır cinayətdir. Ən aktual məsələlərdən biri dini maarifçilikdir. Biz vaxtında mənfi fəaliyyətlərdən övladlarımızı qorumalı, onları ənənəvi dinlərə ehtiram hissi ilə böyütməliyik", – deyə o vurğulayıb. (APA)












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.