“Azərbaycanın öz Aşura modeli var” – Hacı Surxay Məmmədli

30-09-2016, 18:47           
 “Azərbaycanın öz Aşura modeli var” – Hacı Surxay Məmmədli
Bir neçə gün öncə Qafqaz Müsəlmanları İdarəsinin sədri Hacı Allahşükür Paşazadə Azərbaycana gələn ərəb turistlərin arasında terrorçuların olması ehtimalından da danışdı. Onların ciddi yoxlanılmasının vacibliyini qeyd etdi. Qarşıdan isə hər il ölkəmizdə izdihamlı rituallarla qeyd olunan məhərrəmlik ayı və Aşura günü gəlir.

Bu və digər maraq doğuran məsələlərlə əlaqəıdar hafta.az suallarını İçərişəhər “Cümə” məscidinin axundu və QMİ-nin Səbail rayonu üzrə səlahiyyətli nümayəndəsi Hacı Surxay Məmmədli cavablandırır:

-Hacı, bu il də Aşura günü qan vermə aksiyası keçiriləcəkmi?

-Bismilləhir rəhmanir rəhim! Bağışlayan və mehriban Allahın adı ilə! Bir neçə gün bundan öncə Qafqaz Müsəlmanları İdarəsində Məhərrəmlik mövzusunda tədbir keçirildi. Həmin toplantıda şeyx həzrətləri Məhərrəm ayının gəlişi və Aşura günü ilə bağlı öz dəyərli tövsiyyələrini verdi. Hər il olduğu kimi bu il də Aşura günü qanvermə aksiyası keçiriləcək. Hemofeliya və talessimiyya xəstələri üçün belə bir addımın atılması dində də müstəhəbdir. Xoş qarşılanır. Artıq 9 ildir ki, bizdə bu ənənə davam edir. Cənab şeyx bildirdi ki, qan vermək insanlığa bir tövhədir. İmam Hüseynin şəhidliyinin əsas məqsədi islama və insanlığa töhvə verməkdir.

-İbadətgahlardan kənarda dini ayinlər həyata keçirmək, dini şüarlar yaymaq, dini bayraqlar dalğalandırmağı qadağan edən qanun qəbul edilib. Məscid axundu kimi buna münasibətinizi öyrənmək istərdik. Bu qanun Aşuranın rituallarına nə kimi təsir göstərəcək?

-Məscidlərdə məhərrəmlik mərasimləri normal şəkildə aparılmalıdır. Yəni milli – mənəvi zəmində xütbələr verilməlidir. 20 faiz torpağımız işğal altındadır. Gəncləri bu yöndə maarifləndirməliyik. Bu da şeyx həzrətlərinin tövsiyyəsidir. İmam Hüseynin şəhadəti sadəcə bir döyüş deyildi, haqqla batilin mübarizəsi idi. İslam tarixinin fəlsəfəsi budur. Dünyanın hər yerində Aşura qeyd olunur. Hər ölkə öz dəyərləri, ayin və ritualları modeli çərçivəsində bu günü qeyd edir. Azərbaycanda məhərrəmliyin, aşuranın özünün modeli var. Bu model nədən ibarətdir? Küçədə, bayırda İmam Hüseyn əleyhissəlamla bağlı dini şüarların səsləndirilməsinə nə ehtiyac var?

-Bir neçə gün əvvəl Qafqaz Müsəlmanları İdarəsində keçirilən toplantıda Hacı Allahşükür Paşazadə ölkəyə gələn ərəb turistlərin heç də hamısının turist olmadığını, onların ciddi yoxlanılmasının vacibliyindən danışdı. Aşura günü, məhərrəmlik boyunca məscidlərdə nə kimi təhlükəsizlik tədbirləri görüləcək? Bununla bağlı QMİ-nin, aidiyyatı orqanların xüsusi tapşırığı varmı?

- Hər il Məhərrəmlik ayının əvvəlindən sonuna qədər İçərişəhər “Cümə” məscidi hüquq-mühafizə orqanları tərəfindən nəzarətə götürülür və mühafizə olunur. Aşura günü də həmçinin. Hesab edirəm ki, bu il də məscidin mühafizəsi həmin qayda üzrə olacaq. Bizim ərazi üzrə də polis nəzarəti var. Biz din xadimləri, ibadət əhli dövlətin, dövlətçiliyin təhlükəsizlik qarantı sayılan polislərimizə çox güvənirik. Qafqaz Müsəlmanları İdarəsi bizə xüsusi tapşırıq da verib. Hər məscidin icması istənilən təxribata qarşı təhlükəsizlik tədbirləri alacaq. Bizim məscidin nümayəndələri, hər gün burada namaz qılan şəxslər də nəzarəti gücləndirəcək. Hüquq-mühafizə orqanlarının tanımadığı, bilmədiyi adamları məscidin axundları, icma adamları tanıya bilər. Kimin Aşura günü təxribat, iğtişaş yarada biləcəyini ancaq bizim icma üzvləri müəyyən edə bilər. Çünki onlar hər gün bu ibadət ocağına gedib-gəlirlər. Məscidə kimin hansı məqsədlərlə gəldiyini sezmək onlar üçün o qədər də çətin deyil. Elə bu baxımdan da icmamızın gəncləri Aşura günü “Cümə” məscidinin təhlükəsizliyini təmin etmək üçün səfərbər olurlar. 24 saat ərzində onlar məscidin asayişini qoruyurlar. Bu işdə bir-birimizə kömək olmağa çalışırıq.

-Daxili təhlükəsizlik növbətçilərinə icma və ya Qafqaz Müsəlmanları İdarəsi tərəfindən pul ayrılırmı?

-Onlar bizim məccani xidmət göstərən inanclı qardaşlarımızdır. Onlar Allaha xatir məscidin təhlükəsizliyi üçün keşik çəkirlər. Həmin gənclər növbə ilə xidmət edirlər. Onların bu xidmətlərini Azərbaycana, torpağa, milli-mənəvi dəyərlərə olan xidmət kimi dəyərləndirirəm. Bir qəpik pul, təmənna güdmədən bu məsələlərin öhdəsindən gəlirlər.

-Bir müddət əvvəl məscidlərdə təhlükəsizlik kameralarının quraşdırılması məsələsi gündəmə gəlmişdi. “Cümə” məscidində kameralar quraşdırılıbmı?

-Aşura günü İçərişəhər “Cümə məscidi”ndə nəzarət kameraları da quraşdırılacaq. Artıq bir müşahidə kamerası var. Dövlət və din idarələri bunun layihə də hazırlayıb. Mühafizə kameralarının quraşdırılması üçün müvafiq işlər aparılır. Bundan başqa hər məsciddə olduğu kimi bizdə də daxili mühafizə şəbəkəsi qurulub. Onlar məsciddə itmiş əşyalarla bağlı polisə müraciət edirlər. Hüquq – mühafizə orqanlarından kömək istəyirlər.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.