Xalq Cəbhəsi saxta sənəd alverçiləri ilə bağlı müraciət yaydı FOTO
1-10-2016, 07:45
AXCP adından saxta sənəd alveri ilə bağlı açıqlama
Bir müddət əvvəldə mətbuatda xəbər getdi ki, Azərbaycandakı bir qrup dələduz Xalq Cəbhəsi Partiyasının, eləcə də partiya sədri Əli Kərimlinin adından saxta sənədlər düzəldib mühacirətə gedənlərə satmaqdadır. Bizə məlumat verən ayrı- ayrı adamlar bu sənədlər paketini 800-1000 yevro arası qiymətə satırlar. Bu saxta sənədlərdən bəzilərinin şəkilləri AXCP Mətbuat Xidmətinə çatdırılıb və onlarla bağlı Avropa ölkələrinin səfirliklərinə məlumat veriləcək. Müxtəlif adamlar bildirirlər ki, AXCP sədrinin adından verilən bu saxta sənədləri partiya sıralarından qovulan Razi Nurullayev və onun çevrəsindəki adamlar satırlar. Məsələn, bu sənədlərin biri Almaniyaya mühacirət edən Sumqayıt şəhər sakini, hal- hazırda Almaniyanın Düren şəhərində məskunlaşan Elnur Əlibəyov adlı vətəndaşa satılıb. Maraqlıdır ki, Sumqayıt şəhər sakini olan E. Əlibəyova satılan AXCP üzvü vəsiqəsi və arayışda onun Bakı şəhərində Nəsimi rayon şöbəsinin üzvü olduğu qeyd edilib. Eləcə də, Ağsu rayonunun Pirhəsənli kəndinin sakini Həsən İbadlı Almaniyaya mühacirətə yollanıb və gedərkən həmin bu qurplaşmadan AXCP sədri Əli Kərimlinin saxtalaşdırılan imzası və saxta möhür vurulan sənədlər paketi alıb. Həsən İbadlıya verilən saxta sənədlərdə onun hətta, guya ,,Azadlıq,, qəzeti ilə əməkdaşlıq etdiyi də göstərilib.
Bu saxtakar qruplaşma ,,peşəkarlıqla,, işlədiklərini zənn edərək, Azərbaycan Xalq Cəbhəsi Partiyasının adına uyğunlaşdırılan elektron poçt ünvanları da yaradırlar və Avropa dövlətlərinin mühacirlərin işi ilə məşğul olan uyğun strukturlarına da həmin ünvanları əlaqə vasitəsi kimi təqdim edirlər.
Bu açıqlamaya həmin saxta mühacirlərlə və onların saxta sənədləri ilə bağlı bəzi fotolar əlavə edilir.
Azərbaycan Xalq Cəbhəsi Pariyası bu saxtakarlığı qətiyyətlə pisləyir və bəyan edir ki, onun adından saxta sənəd alveri ilə məşğul olanları ifşa etməkdə davam edəcək.
Azərbaycan Xalq Cəbhəsi Partiyası Avropa Dövlətlərinə partiya üzvü kimi müraciət edənlərin işinin dəqiqləşdirilməsini diqqətdə saxlayacaq.
Azərbaycan Xaql Cəbhəsi Partiyası bu cür saxtakarların gələcəkdə mühacirətdəki fəallara qarşı istifadə edilə biləcəyini nəzərə alaraq AND hərəkatına müraciət edir və hesab edir ki, AND Avropa dövlətlərinin uyğun strukturları ilə əlaqə yaradaraq bu cür tendensiyaların aradan qaldırılmasına nail ola bilər.
AXCP Mətbuat Xidməti