Prezident Administrasiyasının sabiq şöbə müdiri ilə bağlı müəmmalı xəbər:“İstefa ərizəsi yazıb”
1-10-2016, 08:49
2007-ci ilin dekabrından 2014-cü ilin martınadək Prezident Administrasiyasının Siyasi Təhlil və İnformasiya Təminatı şöbəsinin müdiri işləmiş Elnur Aslanovla bağlı bu gün axşam saatlarında növbəti dəfə müəmmalı xəbər yayılıb.
Strateq.az-a mötəbər mənbələrdən verilən məlumata görə, PA-dakı vəzifəsini itirəndən sonra Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Elektron İdarəçiliyin İnkişafı şöbəsinin müdiri təyin olunan Elnur Aslanovun bu qurumdan çıxmaq hadqa yazdığı istefa ərizəsinə baxılıb və qəbul edilib.
Bildirilir ki, nazir Ramin Quluzadənin adına yazdığı istefa ərizəsində Elnur Aslanov başqa bir beynəlxalq təşkilatda daha yaxşı şərtlərlə işləmək təklifi aldğını və bu səbəbdən də Rabitə və Yüksək Texnologiyalar Nazirliyindəki vəzifəsindən istefa vermək qərarına gəldiyini vurğulayıb.
Qeyd edək ki, xəbərin gecə saatlarında yayılmasına baxmayaraq, Strateq.az əməkdaşı Rabitə Nazirliyinin məsul şəxsləri ilə əlaqə saxlayıb.
Nazirlikdən suala konkret cavab verilməsə də, bildirilib ki, E. Aslanov avqust ayının ortalarından məzuniyyətə çıxsa da, hələ də işinə dönməyib. Onun vəzifəsindən çıxarılıb-çıxarılmamasının nazirin səlahiyyətində olduğu və nazirin də hazırda əhali ilə görüş üçün bölgələrdə səfərdə olduğu vurğulanıb.
Xatırladaq ki, avqustun 23-də ölkə mediası axar.az saytına istinadla E.Aslanovun məzuniyyətə çıxdığı və məzuniyyətdən sonra vəzifəsinə geri qayıtmayacağı, hətta ölkəni tərk etdiyi xəbərini yaymışdı. Bu xəbərə reaksiya olaraqsa, Elnur Aslanov virtualaz.org saytına açıqlamasında xaricə köçməsi haqda məlumatları təkzib etmiş, Bakıda və məzuniyyətdə olduğunu təsdiqləmişdi.
Bu günlərdə – sentyabrın 14-də isə azpolitika.info saytının əməkdaşı E.Aslanovu Xətai metrostansiyasının yaxınlığında “Range Rover” markalı 90-EA-090 dövlət nömrə nişanlı avtomobilin sükanı arxasında müşahidə etmiş və fotosunu çəkmişdi…
Barəsində yayılan bu ziddiyyətli məlumatlarla bağlı Strateq.az Elnur Aslanovun mövqeyini işıqlandırmağa hazırdır.