“Ölkəni 18 yaşında idarə etmək olar, tramvay sürmək olmaz?” - İqbal Ağazadədən ehyamlı status
1-10-2016, 08:53
Ümid Partiyasının sədri İqbal Ağazadə facebookda diqqətçəkən status paylaşıb. Günün mövzusu olduğunu nəzərə alaraq, musavat.com onu təqdim edir:”26 sentyabr tarixdə keçirilən referendumda konstitusiyaya dəyişiklik edərək prezidentliyə və deputatlığa aid yaş senzi aradan qaldırıldı. Deputatların əksəriyyəti bunu demokratiyanın təntənəsi kimi şərh edərək hamının seçılmək haqqının tanınması kimi əsadlandırmağa çalışdılar. Bunun əksini söyləyənləri qeyri demokratik olmaqda ittiham etməkdən belə çəkinmədilər. Təəssüf ki,bu gün Milli Məclisdə “Yol hərəkəti haqqında” qanun layihəsində dəyişiklik edərək tramvay və trolleybus sürücülərinə sürücülük vəsiqəsinin 21 yaşdan tez verilməsinin insanların həyatı üçün təhlükəli olduğunu israrla müdafiə edib səs verdilər. Əcəba, nə baş verir? Ölkəni 18 yaşında idarə etmək olar, tramvay və trolleybus sürmək olmaz?”
Qeyd edək ki, tanınmış siyasi fəal Bəxtiyar Hacıyev də bu mövzuda fikirlərini paylaşıb. Orada isə yazılıb:”Bu gün Milli Məclis “Yol Hərəkəti haqqında” qanuna dəyişiklik edib. Bundan sonra tramvay və trolleybusları idarə etmək üçün vəsiqələr 21 yaşdan yuxarı şəxslərə veriləcək. 4 gün əvvəl isə Konstitusiyamıza dəyişiklik edilərək, prezidentlik üçün yaş limiti götürüldü, yəni, 18 yaşı olan adam da ölkə prezidenti seçilə bilər.
Komediyadır…
Olmayan tramvay və trolleybusu idarə etməyi 21 yaşdan aşağı şəxsə etibar etmirlər, bunun üçün qanunda dəyişiklik edirlər. Amma ölkəni idarə etməyi 21 yaşdan aşağı şəxslərə etibar edirlər. Bunun üçün də Konstitusiyaya dəyişiklik edirlər”.(musavat.com)