Abxaziya parlamenti Rusiya ilə investisiya razılaşmasını rədd edib
5-12-2024, 11:44
Gürcüstanın bölücü Abxaziya bölgəsinin parlamenti Rusiyanın investisiyalara dair razılaşmasını ratifikasiya etməyib.
Deputatlar dekabrın 3-də, parlamentin növbədənkənar iclasında buna qərar veriblər. Parlament binası önünə toplaşan müxalifətçilər razılaşmanın Abxaziyanı köləyə çevirəcəyini bildirsələr də, Rusiyanın əleyhinə olmadıqlarını da vurğulayıblar.
"Bu razılaşmanın təbliğatçıları var – istefa verən prezident və iqtisadiyyat naziri", -müxalif deputat Kan Kvarçiyanın sözləridir. O, iqtisadiyyat nazirinin səriştəlilik səviyyəsini deputatların müzakirəyə çıxaracağını da deyib.
Noyabrın 15-də bölgənin paytaxtı Suxumidə etirazçılar yerli parlamentə və prezident administrasiyasına basqın ediblər. İzdiham Moskva ilə qalmaqallı sərmayə razılaşmasının ləğvinə çağırıblar.
"Milli maraqların birbaşa təslim edilməsi"
Bölgə rəhbərləri sözügedən razılaşmanın yerli iqtisadiyyatın inkişafına təkan verəcəyini söyləyiblər. Müxalifətsə onun rusiyalı sərmayəçilərə əsassız üstünlüklər qazandıracağından razılaşmanı "milli maraqların birbaşa təslimi" adlandırıb.
Nəticədə Abxaziya lideri Aslan Bjaniya inzibati binaları tərk etmələri şərtiylə müxalifətin istefa tələbini qəbul edib.
Razılaşmanın rəddi və siyasi böhran Abxaziyanın Rusiya ilə münasibətlərini ehtiyatla balanslaşdırmalı olduğunu göstərir. Kreml bölgəyə əsaslı iqtisadi və hərbi dəstək göstərsə də, müxalifət və əhalinin bir bölümü müstəqilliyin itirilməsindən ehtiyatlanaraq Rusiyadan güclü asılılıqdan çəkinir.
Gələn il fevralın 15-nə - Abxaziyada növbədənkənar prezident seçkisinədək vitse-prezident Badra Qunba bölgəyə rəhbərliyi öz üzərinə götürüb. Parlamentin keçmiş spikeri Valeri Bqanba de-fakto baş nazir təyin edilib.
Siyasi böhranın sürməsi Abxaziya rəhbərliyi daxilindəki parçalanmaların əlamətidir. Müxalifətin ictimai narazılığı yayması və Bjaniyanı istefaya məcbur etməsi idarəetmə və xarici siyasət məsələlərində indiki administrasiyadan narazılığın artdığını göstərir.
Xatırlatma
Abxaziya və Cənubi Osetiya 1990-cı illərin əvvəllərində müstəqilliyini elan edib və 2008-ci ildə Gürcüstanla müharibədən sonra Rusiya onların müstəqilliyini tanıyıb. Hər iki bölgənin ərazisində Rusiya hərbi qüvvələri yerləşdirilib. Rəsmi Tbilisi Abxaziya və Cənubi Osetiyanı Rusiya ordusunun işğal etdiyini bildirir. BMT sənədlərində hər iki ərazi Gürcüstanın bölgələri sayılır.