İrəvanı sülhə məcbur edəcək 3 SƏBƏB

Bu gün, 00:06           
İrəvanı sülhə məcbur edəcək 3 SƏBƏB
"Biz Azərbaycan və Ermənistan arasında sülhün təmin edilməsində son mərhələyə çatmışıq".

Bu sözləri xarici işlər naziri Hakan Fidan Türkiyə Böyük Millət Məclisində çıxışı zamanı deyib. “Cənubi Qafqaz regionunda sülhə ümid şansı var. Biz Azərbaycan və Ermənistan arasında sülhün təmin olunmasının son mərhələsindəyik. Ölkəmiz ikitərəfli danışıqları dəstəkləyir”,-deyə nazir bildirib.

Maraqlıdır, gələn ilin əvvəlində Azərbaycanla Ermənistan arasında aktiv sülh danışıqlarının başlanması ehtimal olunur?

Məsələ ilə bağlı politoloq Rəşad Bayramov “Cebheinfo.az”-a şərhində qeyd edib ki, Azərbaycanla Ermənistan arasında yalnız bir halda sülh sazişi imzalanacaq:

“Ermənistan ictimaiyyəti və hakimiyyəti çox yaxşı anlayır ki, İrəvanın Azərbaycanla sülh sazişi imzalamaqdan başqa alternativi yoxdur. Nikol Paşinyanın bəyan etdiyi kimi, Azərbaycanla sülh bərqərar olunmadığı və qonşularla normal münasiblət qurulmadığı təqdirdə Ermənistanın mövcudluğu təhlükə altında olacaq. Məsələ burasındadır ki, Ermənistan ayrı-ayrı güc mərkəzlərinin maraqlarının icrasının girovuna çevrilib, müstəqil qərar qəbul etmək və addım atmaq iqtidarında deyil.

Təbii ki, havadarlarının Ermənistana böyük ölçüdə təzyiqləri bunu sübut edir. Fransa və digər Qərb güc mərkəzlərinin mövqeyi, zaman-zaman Rusiya və İran tərəfindən Ermənistana verilən dəstək, o cümlədən Bayden administrasiyasının Ermənistan hakimiyyətinin yanında durması İrəvanı ruhlandıraraq sülh prosesindən yayındırd.

İrəvanda hesab edirdilər ki, müəyyən güc mərkəzlərinin Azərbaycana təzyiqləri Ermənistan üçün sərfəli sülh sazişinin imzalanmasına gətirib çıxaracaq. Ancaq bütün bu təziqlər heç bir nəticə vermədi.

Bu gün Fransa ilə hərbi-təhlükəsizlik münasibətləri güclənsə də, ayrı-ayrı ölkələr silah-sursat daşısa da, zaman Ermənistanın əleyhinə işləyir. Fransada mövcud iqtisadi-sosial böhran, Makronun istefası ilə bağlı çağırışlar, eyni zamanda Bayden hakimiyyətinin sona çatması və Tramp dövründə Azərbaycana əvvəlki kimi təzyiqlərin olmayacağı ilə bağlı məsələlər Ermənistanı Azərbaycanla sülh danışıqlarını aktivləşdirməyə vadar edir. İrəvanın həqiqətən sülhdən başqa alternativ yolu yoxdur”.

Ekspertin fikrincə, əgər Ermənistan Cənubi Qafqazda sülhün bərqərar olunmasını və qonşuları ilə normal münasibətlərin qurulmasını istəyirsə, ona olan təzyiqlərə sinə gərməli və müstəqil qərar qəbul etməlidir:

“Yalnız bu halda sülh sazişinin imzalanmasına yol açılacaq. Sözsüz ki, sazişin imzalanması üçün Azərbaycanın şərtlərini də yerinə yetirmək lazımdır. Ermənistanın konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarını əks etdirən müddəalar ləğv olunmalıdır.

Ermənistan bu istiqamətdə addım atmadığı təqdirdə sülh sazişinin imzalanmasından söhbət gedə bilməz”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.