Qafqaza II Mixail gəlir – Bu dəfə müharibəni dayandırmaq üçün…
16-12-2024, 10:28
“Gürcüstanın Rusiyadan uzaqlaşdıqdan sonra Avropa İttifaqına yönəlməsi onun üçün həm müsbət, həm də mənfi nəticələr verdi. Xalq sabiq prezident Salome Zurabişvilinin hakimiyyəti dönəmində yanlış siyasət yürütdüyünü və Gürcüstanın Avropaya satıldığını gördü. Ukraynada baş verən proseslərin Gürcüstanda da reallaşmasının qarşısını almaq üçün Zurabişvilidən ayrılaraq yeni lider seçdilər”.
Bu sözləri Globalinfo.az-a politoloq Ramiyə Məmmədova Mixail Kavelaşvilinin Gürcüstanın yeni prezidenti seçilməsi haqda danışarkən deyib.
O qeyd edib ki, əhali Gürcüstanın hazırda yürütdüyü Avropameyilli siyasətin böyük bəla gətirəcəyini bilirdi:
“Avropa İttifaqına gedən yol ölkənin məhvinə gətirib çıxaracaq. Çünki dünya təcrübəsindən də aydın olur ki, Aİ və Qərb verdikləri sözləri tutmur. Öz mənafeləri daxilində fəaliyyət göstərirlər. Bunun üçün də digər ölkələrdən istifadə edirlər”.
Politoloqun sözlərinə görə, Zurabişvili özbaşına hakimiyyətə gəlməyib:
“Gürcüstanda iki tərəf – Mixail Saakaşvili və Salome Zurabişvili arasında hakimiyyət uğrunda mübarizə gedirdi. Avropanın Zurabişvili yoxsa Saakaşviliyə “stavka” etməsi ilə bağlı siyasət yürüdüldü. Bu zaman Zurabişvili Avropanın gözündə daha çox önə çıxdı. Nəticədə Saakaşvilini siyasətdən sildilər. Fransa, bəzi Qərb ölkələri və ABŞ-ın diktəsində olan Salome hakimiyyətə gəldikdən sonra ölkə daxilində vətəndaş müharibəsinin başlamasına səbəb olacaq fəaliyyət sərgilədi. Sorosun maliyyələşdirdiyi bütün qurumlar və siyasi liderlər hər zaman daxildə çaxnalaşmaların yaranmasına səbəb olan addımlar atır. Bunun ardınca da yeni hökumət seçilir. Zurabişvili də eyni siyasəti yürütdü. Kobaxidzeyə qarşı milləti ayağa qaldırmaqla revanş almaq istəyirdi”.
R.Məmmədova deyib ki, Kobaxidzenin rusmeyilli olduğu ilə bağlı səsləndirilən fikirlər yanlışdır:
“O və ətrafı xalqı, milləti sevən, onların gələcəyini xilas etmək istəyən insanlardır. Bu, çox təəssüf ki, nə yerli nə də xarici mediada doğru əks olunur. Zurabişvilinin verdiyi təxribatçı bəyanatlar isə əsasən Qərbin Cənubi Qafqaza tamamilə girməsi fonunda səsləndirilib”.
Globalinfo.az xatırladır ki, 2004-cü ildə Gürcüstanda hakimiyyətə gələn Mixail Saakaşvili 2008-ci ildə Rusiyanın ölkəyə hərbi müdaxiləsinin əsas səbəbkar kimi tanınır. Hətta bəzi dairələr Zurabişvilinin də yekunda Rusiya ilə növbəti müharibəyə səbəb olacağını deyirdilər.
Lakin 2024-cü ildə Gürcüstan prezidenti seçilən Mixail Kavelaşvilinin Qərbə münasibəti loyal deyil. Bu baxımdan onun prezidentlik postuna gəlməsi Gürcüstanda sabitliyə keçid kimi təqdim olunur.