Azərbaycanlı siyasi məhbus Tahir Nəqəvinin Evin həbsxanasında fiziki təzyiqə məruz qaldığı bildirilir
Dünən, 16:24
Azərbaycanlı siyasi məhbus və vəkil Tahir Nəqəvi Evin həbsxanasında bəzi məhbuslar tərəfindən təhqir və fiziki hücuma məruz qalıb.
Amerikanın Səsinin əldə etdiyi məlumata görə, Nəqəvi Evin həbsxanasının 8-ci bölməsinə köçürüldükdən və digər siyasi məhbuslardan ayrıldıqdan sonra bəzi məhbuslar tərəfindən əvvəlcə böhtan və təhqirlərə, daha sonra isə fiziki hücuma məruz qalıb. Qarışıqlıq digər məhbusların müdaxiləsi ilə dayandırılıb.
Ailəsi və yaxınları Nəqəvinin həbsxanada saxlanma şəraitindən və sağlamlıq vəziyyətindən ciddi narahatdırlar.
Yaxınlarının sözlərinə görə, fiziki təzyiq "21 Azər" gününün ildönümündə baş verib və hücum edən şəxs Nəqəviyə qarşı əsassız ittihamlar irəli sürərək, ona qarşı irqi təhqirlər səsləndirib.
"Tahir Nəqəvi dəfələrlə Evin həbsxanasının digər bölmələrinə köçürülərək bəzi müəyyən siyasi cərəyana yaxın məhbuslar tərəfindən, hansı ki, onlar sosial şəbəkələrdə də siyasi fəallara qarşı hücumlar və təhqirlər edirlər, irqi təhqirlərə, həyati təhlükə ilə hədələnmələrə və hücumlara məruz qalıb", hüquq müdafiəçisi Sina Yusifi X sosial şəbəkəsində yazıb.
Son bir ay ərzində Nəqəvi 6-cı bölmədən ardıcıl olaraq 7-ci, 4-cü və nəhayət 8-ci bölməyə köçürülüb. Bu cür təkrar köçürülmələr onun həm fiziki sağlamlığına, həm də psixoloji vəziyyətinə ciddi təsir göstərib. Onurğa fəqərələrində ciddi ağrılar çəkən bir əlinin funksionallığını itirən Nəqəvinin həbsxanadan kənarda ixtisaslaşmış həkim nəzarətində müalicə olunması həbsxana həkimi tərəfindən tövsiyə edilsə də, həbsxana rəsmiləri buna mane olub.
Tehran İnqilab Məhkəməsinin 15 saylı şöbəsində hakim Əbülqasım Salavatinin sədrliyi ilə keçirilən iclasda azərbaycanlı vəkil və milli fəal Tahir Nəqəvi ümumilikdə 6 il həbs cəzasına məhkum edilib. O, fevral ayının ilk həftəsində ölkənin müxtəlif vilayətlərində onlarca türk fəalla eyni vaxtda həbs olunaraq Evin həbsxanasına göndərilib. Həbs olunduğu gündən etibarən azadlığa buraxılmadan mühakimə olunaraq həbsdə saxlanılır.