Milli təhlükəsizlik müşaviri vəzifəsinə namizəd ABŞ-da dron görüntülərinin izah edilməsinə çağırır

Dünən, 16:14           
Milli təhlükəsizlik müşaviri vəzifəsinə namizəd ABŞ-da dron görüntülərinin izah edilməsinə çağırır
ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın milli təhlükəsizlik müşaviri vəzifəsinə namizədi Mayk Valz bildirib ki, ABŞ-ın şərq bölgəsindəki ştatlar üzərində uçan onlarla dronun haradan gəldiyi və bunun arxasında hər hansı bir bəd niyyətin olub-olmadığını araşdırmağın vaxtı çatıb.

Floridadan olan Respublikaçı Nümayəndə və yanvarın 20-də prezident seçilmiş Trampın vəzifəyə başlamasından sonra Ağ Evin komandasına qoşulmağa hazırlaşan Valz bazar günü CBS telekanalının “Face the Nation” proqramına müsahibədə bunun səbəbinin araşdırılmalı olduğunu deyib.

Bir neçə həftədir ki, Nyu-Yorkla həmsərhəd olan Nyu Cersi və Atlantik okeanı sahili boyunca şimal və cənubda yerləşən digər ştatların sakinləri 5000-dən çox şübhəli dron gördüklərini bildiriblər. ABŞ rəsmilərinin fikrincə, bu rəqəm çox şişirdilib.

Səbəbi izah edilməyən dron görüntüləri ilə bağlı müxtəlif konspirasiya nəzəriyyələri irəli sürülüb. Buraya ABŞ hökumətinin casusluq etdiyi və İranın ABŞ-ın şərq sahillərində gəmidən atdığı pilotsuz təyyarələrin yerləşdirilməsi haqda iddialar daxildir.

Valz onları “təhlükəli ola bilən” dronlar adlandırıb. O, prezident Co Baydenin hakimiyyətdən getməkdə olan administrasiyasının qorxuları aradan qaldırmağa və dronlarla bağlı qeyri-müəyyənliyi həll etməyə çalışdığını qeyd edib, lakin özü heç bir izahat verməyib.

Şənbə günü Ağ Ev, Daxili Təhlükəsizlik Nazirliyi və Federal Təhqiqatlar Bürosunun rəsmiləri vurğulayıblar ki, son vaxtlar ən çox Nyu-Cersidə və başqa yerlərdə müşahidə edilən dronların əksəriyyəti pilotlar tərəfindən idarə edilən təyyarələrdir və milli təhlükəsizliyə heç bir təhlükə törətmir.

Federal Təhqiqatlar Bürosunun rəsmisi jurnalistlərə bildirib ki, agentlik 50 yerli, ştat və federal tərəfdaşla işləyib və qeydə alınmış 5000-dən çox drondan 100-dən azı ilə bağlı əlavə araşdırmaya ehtiyac olduğunu müəyyən edib.

Rəsmi radar və kəşfiyyat məlumatlarının təhlili də daxil olmaqla, digər hallarla bağlı əlavə araşdırmaların aparıldığını deyib.

ABŞ rəsmiləri Picatinny Arsenal da daxil olmaqla, Nyu-Cersidəki hərbi bazalar üzərində dronların müşahidə edildiyini təsdiqlədiklərini, lakin dronların xarici hökumət tərəfindən buraxıldığına dair heç bir dəlil tapmadıqlarını bildiriblər. Bununla belə, milli təhlükəsizlik rəsmiləri izah edilməmiş dronların kimin tərəfindən idarə edildiyini müəyyən edə bilməyiblər.

Yeni seçilmiş prezident Tramp şənbə günü Bayden administrasiyasının dron görüntüləri ilə bağlı məlumatları gizlətdiyini iddia və cihazların vurulmasını təklif edib. Nyu-Cersi ştatından Respublikaçı nümayəndə Kristofer Smit cümə günü verdiyi açıqlamada Ağ Evin müşahidə ilə bağlı rəftarının “laqeyd” olduğunu bildirib.

ABŞ rəsmiləri şənbə günü administrasiyanın Nyu-Cersi rəsmilərinə cihazları izləmək üçün “elektro-optik infraqırmızı kamera sistemi” daxil olan radar texnologiyası göndərdiyini bildiriblər.

Ağ Evin milli təhlükəsizlik sözçüsü Con Kirbi keçən həftə bildirib ki, dron görüntüləri ilə bağlı aparılan araşdırmada heç bir qanunsuz fəaliyyət aşkar edilməyib.

“Əksinə, mövcud görüntülər nəzərdən keçirildikdə məlum olub ki, qeyd edilən görüntülərin əksəriyyəti faktiki olaraq pilotlar tərəfindən qanuni şəkildə idarə olunan təyyarələr olub”, Kirbi bildirib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.