Tramp Türkiyə üzərində İsraili “vurdu”: Ərdoğana xüsusi mesaj

Bu gün, 12:34           
Tramp Türkiyə üzərində İsraili “vurdu”: Ərdoğana xüsusi mesaj
ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın Suriyada baş verənlər və Türkiyənin proseslərdəki iştirakı ilə bağlı açıqlamaları xüsusi diqqət çəkib.

Tramp Suriyanın gəcələyinin Türkiyədən asılı olduğunu, Ankaranın proseslərə istiqamət verəcəyini bildirib. O, ABŞ əsgərlərinin bu ölkədə ölməsini istəmədiyini deyib. Tramp Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla yaxşı münasibətlərinin olduğunu qeyd edib. Ağ Evin yeni rəhbəri Ərdoğanı güclü lider adlandırıb, türk ordusunu təqdir etdiyini söyləyib.

ABŞ-ın Türkiyəyə qarşı loyal yanaşması, Suriyada aparıcı rol almasına maneə yaratmaması nədən qaynaqlanır? Vaşinqton İran amili ilə bağlı bu yolu seçmiş ola bilərmi?

Referans.az xəbər verir ki, Globalinfo.az-a danışan politoloq Zeynal Əmrəliyev deyib ki, eks-prezident Bəşər Əsədin devrilməsindən sonra Türkiyə Suriyada aparıcı dövlətə çevrilib:

“Ankara faktiki olaraq bütün qüvvələri “ofsaytda” saxlayıb və nəzarəti öz əlinə alıb. Milli Kəşfiyyat Xidmətinin rəhbəri İbrahim Kalının Dəməşqə səfəri, burada yeni rəhbərlik tərəfindən böyük hörmətlə qarşılanması da Türkiyənin gücünü göstərir. Rusiya və İran Suriyada faktiki şəkildə məğlub oldu. İran oyundan tamamilə kənar vəziyyətə qaldı. Rusiya isə hərbi bazaları vasitəsi ilə bölgədə öz maraqlarını qoruyub saxlamağa çalışır. Eks-prezident Bəşər Əsəd və ailə üzvlərinə sığınacaq vermək Kremlin əlini gücləndirsə də, manevr imkanları çox da böyük deyil”.
Politoloqun sözlərinə görə, Qərb ölkələri Türkiyə ilə koordinasiyalı şəkildə işləyir:

“Daha əvvəl də bəzi Avropa ölkələri bu məsələdə Türkiyə ilə işbirliyinə hazır olduqlarını açıqlamışdılar. Trampın bu bəyanatı eyni zamanda İsrailə də xəbərdarlıqdır. Görünür ki, Vaşinqtonda fəaliyyətə başlayacaq yeni administrasiya Suriyada yaşanması ehtimal olunan Türkiyə-İsrail gərginliyindən narahatdır. Yeni Ağ Ev rəhbəri bir növ İsrailin Baş naziri Benyamin Netanyahu hökumətinə Ankara üzərindən xəbərdarlıq edib.

Suriyanın hazırda faktiki lideri olan Əbu Məhəmməd əl-Colanin Türkiyəyə sıx münasibətləri fonunda həm daxili, həm də xarici qüvvələrin rəsmi şəkildə Ankaranın gücünü qəbul etdiyini demək mümkündür. Suriyanın gələcəyini müəyyən edəcək ölkə şübhəsiz ki, Türkiyədir. Bu, artıq Yaxın Şərq üçün reallıqdır”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.