Nazarbayevdən Putinə atmaca
5-10-2016, 00:34
Qazaxıstanın paytaxtı Astanada Rusiya-Qazaxıstan biznes forumu keçirilib.
APA TV-nin məlumatına görə, forumda Rusiya prezidenti Vladimir Putin və Qazaxıstan prezidenti Nursultan Nazarbayev iştirak edib.
Tədbir maraqlı məqamlarla yadda qalıb. Forumda iki ölkə arasında biznes-əlaqələrin indiki səviyyəsi müzakirə olunub, statistik göstəricilərə diqqət yetirilib.
Qazaxıstanın dövlət başçısı Nursultan Nazarbayev çıxışında ölkəsində münbit biznes mühitinin olduğuna diqqət çəkib.
Nazarbayev ölkəsinin Dünya bankının vergi dərəcələrinin müəyyənləşdirilməsi reytinqində Rusiyanı xeyli qabaqladığını deyib:
“Biz 189 dövlətin daxil olduğu reytinq cədvəlində 18-ci, Rusiya isə 47-ci pillədə qərarlaşıb”, – deyə o vurğulayıb
Daha sonra biznes forumdakı işgüzar mühitin gərginləşməməsi üçün Qazaxıstan prezidenti nitqinə bir qədər zarafat qataraq, “Biz heç olmazsa nədəsə Rusiyadan irəlidə olmalıyıq” – ifadəsini işlədib.
Qeyd edək ki, bir qədər əvvəl açıqlanan “Doing Business” reytinqində Qazaxıstan əlverişli vergi mühitinə malik ölkələr arasında Rusiyanı 30 pillə qabaqlayır.
Putin isə öz növbəsində Qazaxıstandakı inkişafı təqdir edib.