“Gürcüstanda deputatlıq uğrunda 12 soydaşımız mübarizə aparır” – Zəlimxan Məmmədli

6-10-2016, 15:43           
“Gürcüstanda deputatlıq uğrunda 12 soydaşımız mübarizə aparır” – Zəlimxan Məmmədli
İki gün sonra qonşu Gürcüstanda parlament seçkiləri keçiriləcək. Soydaşlarımızdan namizədliyi irəli sürülənlərin şansları, seçki öncəsi vəziyyəti “Borçalı” cəmiyyətinin sədri Zəlimxan Məmmədli ilə müzakirə etdik. Zəlimxan Məmmədli hafta.az-a müsahibəsində seçki ilə bağlı proqnozlarını oxucularımızla bölüşüb, azərbaycanlı namizədlərin şanslarını dəyərləndirib.

- Zəlimxan müəllim, qarşıdan gələn seçkiləri necə qiymətləndirirsiniz?

-Qafqaz regionunda hakimiyyətin dinc, demokratik yolla dəyişməsinin əsası Gürcüstanda qoyulub. Bu baxımdan Gürcüstandakı hazırkı seçkilər də yeni bir dönəmə təsadüf edir. İndiki seçkilərdə Gürcüstanın “getdiyi qatara” uyğun dinamika ilə silahlanan vəən əsası, soydaşlarımızı təmsil edə biləcək namizədlərimiz var. Bu da çox önəmli yeniliklərdən biridir. Bu vaxta qədər Borçalıdan olan soydaşlarımız seçki görməyib. Seçkidə iştirak etməyiblər. Əvvəllər namizədləri “yuxarı”dan müəyyənləşdiriblər. Saakaşvili dönəminə qədər namizədlər də seçiləcəklərini əvvəlcədən biliblər. İndi qonşu Gürcüstanda seçkilərdə müasir texnologiyalar tətbiq olunur. Özüm seçki texnoloquyam. Varşavada, ABŞ-da seçki texnologiyasıüzrə kurslar keçmişəm. Borçalı gəncliyi, soydaşlarımız da bu texnologiyaları mənimsəyib tətbiq edirlər. Bu da məni çox məmnun edən nüanslardandır.

- Reytinqi zəifləmiş vəəvvəlki seçkidə verilən vədləri arxa plana atmış hakimiyyətin seçkiləri ədalətli keçirəcəyinə inanırsınızmı?

- Seçkilərin ədalətli keçiriləcəyini söyləmək çətindir. Çünki çox ciddi problemlər var. Birincisi, Qərb və Rusiya Gürcüstan üzərində savaş aparır. Üstəlik, indiki dövrdə qonşu ölkədə keçmişə qayıdış, demokratiya prinsiplərindən imtina, mürtəce, alt qatda Rusiyanın lehinə oynayan İvanişvili təfəkkürlü meyillər var. Bugünkü siyasi hakimiyyət bölgədəki konflikt zonalarının aradan qaldırılmasıəvəzinə, onların qalmasına meyillidirlər. Bu da hazırkı hakimiyyətin azad, demokratik seçkilər fonunda hakimiyyətdə qalma şanslarını azaldır. Son araşdırmalarımız göstərir ki, hakimiyyət öz resurslarından istifadə edərək seçkilərin azad şəkildə keçməməsi üçün müəyyən addımlar atır. Hətta seçki komissiyalarıüzərində hakimiyyətin ciddi təzyiqləri müşahidə olunur. Şantaj, zor tətbiq etmə halları, namizədləri bütün vasitələrlə aradan çıxarma halları müşahidə edilir. Bu, Avropa demokratiyası görmüş bir cəmiyyətin vərdiş etmədiyi bir anlayışdır. Bütün bunlar seçkilərin ədalətli keçiriləcəyinə şübhə yaradır.

- Sizcə, parlament seçkilərində hansı siyasi partiya qalib gələcək? Kimin şansını daha yüksək qiymətləndirirsiniz?

- Rəqabət əsasən hazırkı hakimiyyətlə, ana müxalifət arasında gedir. Ana müxalifətdə Mixail Saakaşvilinin Vahid Vətəndaş Hərəkatı Partiyasıdır. Hakimiyyətdə isə Gürcüstan arzusu – “41-lər”dir. Saakaşvili xətaları ilə yanaşı, böyük inqilabi islahatların əsasını qoyub. Hazırkı iqtidar isə hakimiyyətə maksimalist şüarlarla gəlib. Kütlənin səslərini ələ aldıqdan sonra verilən vədlər yerinə yetirilmədi. “Gürcü arzusu” insanları aldatdığının fərqindədir. “41-lər”in bu seçkilərdəşüarlarının ana xətti “Rusiya daha gözəldir. Saakaşvili gəldi, aranı qatdı və biz indi orada mal sata bilmirik”... Saakaşvili isə deyir ki, əvvəl başladıqları islahatları davam etdirəcəklər. Onların əsas ana xətti isə Avroatlantik məkana inteqrasiyasıdır. Əslində, rəqabət bu iki partiyanın arasında getsə də, qeydə alınan tərəflər çoxdur. Seçkilərdə iştirak etmək üçün hardasa, 40-dan çox siyasi tərəf qeydə alınıb. Bunun özü mürtəcelikdən qaçmadır. Ola bilsin ki, hədəf elektoratı daha çox parçalamağa hesablanıb.

- Gürcüstan vətəndaşı olan 280 min soydaşımızı bu seçkilərdə neçə namizəd təmsil edir?

- Hazırda 12 namizəd mübarizə aparır. Namizədlər arasında gürcü dilini bilən Avropa, Türkiyə təhsilli gənclərimiz var. Onlar elektoral bazanın istinad edəcəyi adamlardır. İçərilərində hüquqşünas, iqtisadçı olanlar da var. Bir qismi ayrı-ayrı partiyanın regional şöbələrində, siyasi şuralarında təmsil olunur. Məsələn, Azər Süleymanov bir neçə dəfə deputat olub. Parlamentdəki çıxışlarında milli məsələlərdə həssaslığı ilə yaddaşlarda qalıb. Gürcüstan parlamentində “biz də söz deyə bilərikmi?” sindromunu sındıran adamdır. Əhməd İmamverdiyev kifayət qədər cavan, pozitiv, millətini sevən, təfəkkürü assimilyasiya olunmamış gənclərdən biridir. Müxalif düşərgədədir. Namizədlər arasında gənc xanım soydaşımız Samirə Bayramova da var. Avropa təhsili görüb. Qanunvericilik bazasının hazırlanmasına ekspert kimi dəvət olunub. Milli azlıqlarla işüzrə kifayət qədər nəzəri təcrübəsi var. Bolnisidən namizəddir. Beynamin Kazımov da Bolnisidən namizəddir. Samirə Bayramovaya rəqibdir. Ümumiyyətlə, Bolnisidən namizədliyi irəli sürülmüş dörd güclü namizədimiz var. Qayıdaq Benyamin Kazımova. Müxalifətdə də olub. İvanişvili dönəmində hakimiyyətdə də təmsil olunub. Müdafiə Nazirliyi sistemində işləyib. Burada müsəlman əsgərləri ilə bağlı bir sıra islahatların hazırlanmasında iştirak edib. Hazırda Azad Demokratlar Partiyasının namizədi kimi seçkilərdə mübarizəyə qoşulub. Aqresiya ilə hakimiyyətə gələn iqtidarın müxalifəti olmaq bir cəsarət tələb edir. Ona sevinirəm ki, bizim millətin içərisində gedəni söyüb, gələni öymək “ənənəsi” sındırıldı. Bizimkilər də müxalifətdə dayanaraq dirəniş göstərdilər. Bütün basqılara rəğmən əqidələrindən dönmədilər. Məfkurə bütünlüyünü qorudular.

- İvanişvili dönəmində hansı soydaşlarımız yüksək kürsülərdə təmsil olundu?

- İvanişvili bizimkilərdən kimisə nazir qoymalı idi. Amma gəldikdən sonra prezidentin müşavirini daha aşağı vəzifəyə göndərdi. Baş nazirin müşaviri təyin etdi. İvanişvili hakimiyyəti hər vəchlə borçalıların icmalaşmasının qarşısını almağa çalışıb.

- Ötən gün Vahid Milli Hərəkatın deputatı Givi Tarqamadzenin avtomobili partladılıb. Özü sağ qalsa da, yaralananlar var. Bir neçə gün əvvəl isə Qoridən namizəd olan keçmiş müdafiə naziri İrakli Okruaşviliyə atəş açılmışdı. Son olaylar nədən xəbər verir? Bəs hazırkı hakimiyyət bizim namizədlərə platformalarını seçicilərinəçatdırmaq imkanı yaradırmı?

- Hakimiyyət kənd icra nümayəndələri vasitəsi ilə seçki öncəsi proseslərə müəyyən müdaxilələr edirlər. İcra nümayəndələri seçki günü bülleteni alıb, nişan qoyduqdan sonra şəklini çəkib onlara göstərmələrini tələb edirlər. Psixoloji təsir edilir. Bu isə seçki prosesinə birbaşa müdaxilədir. Azad seçki imkanlarını məhdudlaşdırmaqdır. Hakimiyyət namizədləri əngəlləmək üçün bu yollara əl atırlar.

- Soydaşlarımızın 8 oktyabr seçkiləri öncəsi siyasi aktivliyini necə qiymətləndirirsiniz?

- Soydaşlarımız arasında siyasi aktivlik çox da yüksək deyil. Əvvəllər “gəmidə oturub gəmiçi ilə dava etmək nəyə lazım” deyə bir prinsip hökm sürürdü. İndi həmin sindrom dağılıb. Soydaşlarımız dərk edir ki, onlar da vətəndaşdır və o gəminin kapitanı ola bilərlər. Əvvəlki dövrlərə baxanda yüksək olmasa da, müəyyən seçici fəallığı var. Əvvəlki namizədlərlə müqayisədə müxtəlif təfəkkürdə olan insanlar eyni kənddə seçicilərlə görüşür, fikir mübadiləsi aparırlar.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.