Deputatdan ilginc açıqlamalar- “İlham Əliyev 1-ci Pyotr kimi...”

7-10-2016, 10:27           
Deputatdan ilginc açıqlamalar- “İlham Əliyev 1-ci Pyotr kimi...”
Zahid Oruc: “Sanki hansısa gözəgörünməz qüvvə qara dövriyyələrin və qanunsuz sövdələşmələrin bundan daha yaxşı şərait yaratdığı fikrini aşılamağa çalışır”
“Dünyada iqtisadi inkişaf tempinin kəskin aşağı düşdüyü bir dövrdə Azərbaycan xaricdən ixrac olunan böhrandan kənarda qala bilməz. Əgər inteqrasiyadan danışırıqsa, onda ölkəmizin xarici asılılığı fonunda müxtəlif qeyri-sabitlik amillərinin bizə sirayət etməsi qaçılmazdır”.

Deputat Zahid Oruc bunu “Yeni Müsavat”a ölkədəki mövcud vəziyyətdən və referendumsonrakı dövrdə islahat gözləntilərindən danışarkən deyib. Milli Məclisin üzvü hesab edir ki, əslində son bir ildə neftin qiymətinin ÜDM-in 4 faizi həcmində düşməsi resurs dövlətlərinin hamısını çətin suallar qarşısında qoyub: “İqtisadiyyatın ukladını dəyişmək, bütövlükdə neft dənizində üzən manatı təmizləyib ona real məzmun vermək hər bir siyasi hakimiyyətin başlıca vəzifəsinə çevrilib. Açıq demək lazımdır, "Əsrin neft müqaviləsi"nin müddətini nəzərə alsaq, Azərbaycanda 2030-cu ilədək böyük bir zaman kəsiyində neft amilini tamam kənara qoymaq qeyri-mümkün görünür. Lakin dünənə qədər böyük hökumətlərə, şişmiş aparatlara və əhalinin 100 min nəfərinə düşən məmurların sayına görə, yaxud büdcədən maliyyələşən orqanlarda çalışanların ştat tərkibinə görə ön yerdə olan ölkələr gəlirlərin kəskin azalması fonunda sərt islahatlara getmədən yeni çağırışlara cavab verə bilməyəcəklər".

Lakin Z.Oruc hesab edir ki, burada narahatlıq doğuran əsas məsələ keçmişdə sabit iş yerlərinə və dövlət təminatına malik olan, təhsilli və ixtisaslaşmış böyük kadr ordusunu yeni iqtisadi şəraitə necə uyğunlaşdırmaqdır: “Onlar orta yaşdan yuxarıdırlar, yəni emiqrasiya edib ölkə kənarında fəaliyyətlərini qurası deyillər. Üstəlik, müəyyən pul kütləsi avtomatik ölkədən çıxacaq. O biri yandan kütləvi narazılıqların artması siyasi əleyhdarların və hakimiyyət düşmənlərinin sıralarının genişlənməsi deməkdir”. Deputatın fikrincə, məhz buna görə də referendum yeni dövrün böyük siyasi və iqtisadi “yol xəritəsi”ni hazırlayacaq komandanın formalaşması üçün dövlət başçısına əlavə səlahiyyətlər verdi: “Hər halda şok terapiyası və yaxud sovetlərin iflasından sonra Rusiyada sınaqdan keçirilmiş Pavlov, Qaydar, Çernomırdin dövrünün yarımçıq proqramlarının tətbiqindən söhbət getmir. Konstitusiyaya dəyişikliklərin müzakirələri dövründə Amerika şirkətlərinin bizim hökumətlə birgə beynəlxalq maliyyə qurumlarının da dəstəyini qazanmağı hədəfləyən proqramları hazırladıqları haqqında da məlumatlar yayılırdı. Lakin bütün bunların dərinliyinə varmadan, bir neçə istiqamətdə işlərin genişləndirilməsi qarşıdakı dövrün başlıca vəzifələrini təşkil etməlidir. Fikrimcə, ən ümdə tələblərdən biri dövlət orqanları, cəmiyyət və biznes strukturları arasında inamı bərpa etməkdir. Bunsuz ən müqəddəs plan da istənilən bəhrəni verməyəcək. Baxın, son 6 ayda verilmiş onlarla inqilabi fərman və sərəncamların başlıca hədəfini bürokratizmin, monopoliyanın və uzun illər kök salmış qanunsuzluq hallarının aradan qaldırılması təşkil etsə də, sanki hansısa gözəgörünməz qüvvə qara dövriyyələrin, proteksiyaçılığın və qanunsuz sövdələşmələrin bundan daha yaxşı şərait yaratdığı fikrini aşılamağa çalışır. Halbuki idxal və ixrac üzərindən, yaxud sahibkarlıq fəaliyyətindən kənar qüvvələrin yüz milyonlarla vəsait qazanması mexanizmlərinin dağıdılması dövlət başçısının ən ali iradəsinin birbaşa nəticəsi sayılmalıdır və onu yalnız alqışlamaq lazımdır. İkinci vacib tədbir, dövlətin iqtisadiyyatdakı payını kəskin azaltmaqdır. Çin kimi sosialist iqtisadiyyatına dayanan ölkə, yaxud monarxiya üsul-idarəsinə dayanan Birləşmiş Ərəb Əmirliyi belə azad iqtisadi modeli məhz geniş özəlləşdirmə hesabına təmin edib”.

Z.Oruc əlavə etdi ki, əhaliyə xidmət sektoru, enerji, qaz və su təminatında, həmçinin tibbi sektorda və təhsildə yüksək dərəcədə dövlətin rolunu saxlamağa çalışmaqla biz bir tərəfdən şəffaflığın, o biri yandan rəqabətin qarşısını kəsmiş oluruq: “Halbuki onsuz da sözügedən sektorda dövlət əmlakı hesabına insanlar pulsuz keyfiyyətli tibbi yardımı qətiyyən almırlar və nəticədə milyardlarla vəsait sanki təyinatsız xərclənmiş olur. Üçüncü mühüm addım bölgələrin iqtisadi müstəqilliyini təmin etmək üçün idarəçilik mexanizmlərini və bir sıra normativ qanunvericilik bazasını dəyişmək lazımdır. Söhbət icra orqanlarının səlahiyyətlərindən və vergi ödəmələrinin diferensial tətbiqindən gedir. Nəzərə alın ki, uzun illər ərazimizin kiçik bir hissəsi-neft sektoru ölkənin bütün digər məkanında yaşayan əhalimizin yararlandığı əsas gəlirləri və ÜDM-i yaradıb. İndi istəyiriksə, məsələn, pambıq nefti əvəz edəcək növbəti strateji məhsul olsun, o halda bölgələrdə sahibkarlıq və istehsal fəaliyyətini paytaxtdan qat-qat yaxşı şəraitə sahib etməliyik. Yoxsa Bakıya axını dayandırmaq, əhalini torpağa qaytarmaq çətin olacaq”.

Deputat sentyabr ayında ölkə rəhbəri tərəfindən xaricdən mal və məhsulların alınmasının dayandırılması haqda verdiyi sərəncamın nəticəsində yaranan yeni imkanlardan bəhs etdi: “Əslində dövlət satınalmaları hər zaman xüsusi maraq kəsb edən sfera olub. Çünki külli miqdarda vəsaitlər ölkədən çıxır, şişirdilmiş rəqəmlərlə dövriyyədən pul kütləsi kənara gedir və korrupsiyanın yeminə çevrilir. Lakin bunlardan da böyük zərbə yerli istehsalçı öz məhsulunu orduya, penitensiar sistemə və bağçaya verə bilmirdi. Biz nəinki Avropa bazarına, eləcə də yaxın qonşulara və Asiya bazarlarına məhsullarımızı belə vəziyyətdə çıxara bilmirdik. Nəticədə Azərbaycanın idxaldan asılılığı yüksək qalmaqla bərabər, milli məhsul və neftdən kənar ixrac potensialının stimulunu beləcə öldürürük. İndi tender əməliyyatlarında şəffaflığa nail olaraq həmin sahələrinin inkişafı üçün görün nə qədər imkanlar açılıb. Biz hələ ki, nəqliyyat dəhlizləri, kommunikasiya əlaqələri və ölkəmiz üzərindən həyata keçirilən beynəlxalq ticarəti hazırkı sualınızın analizində qiymətləndirmirik. İslahatlardan və referendumdan sonrakı Azərbaycanın yeni siyasi hədəflərindən danışırıqsa, hökumətin tərkibində və fəaliyyətində dəyişiliklər edərək, qanunçuluğu gücləndirərək, şəffaflığa və parlamentin funksionallığını artırmağa nail olaraq böhrandan daha ağrısız çıxa bilərik. Sizə sonuncu bir faktı deyim, dünyada qanunun rolu indeksini araşdıran mühüm beynəlxalq təşkilatlar mövcuddur. Dünya ədalət mühakiməsi layihəsi çərçivəsində onlar hökumətlərin açıqlığını, korrupsiya problemlərini, qanunun tətbiqi və tənzimləməni və digər parametrləri araşdırırlar.

Təsəvvür edin ki, bizimlə keçmişdə eyni məkanda yaşayan Estoniya ötən il həmin hesabatda 6-cı yerə çıxıb. Orada ixrac şərtlərindən tutmuş mülkiyyət toxunulmazlığına qədər başlıca məsələlər öz əksini tapıb. Nəticə də həmin reytinqə uyğundur, ölkədə artan gəlirlər və həyat səviyyəsinin yüksəlməsi qeyd olunan parametrlərdən birbaşa asılıdır. Ona görə də Azərbaycan prezidenti öz missiyasına görə çox böyük və həmçinin ən müxtəlif maraqların çulğalaşdığı idarəçilik mexanizmlərini neftsiz dövrün çağırışlarına uyğunlaşdırmaq yolunda əhəmiyyətli tədbirlərini davam etdirir. Burada sabotaj halları da, beynəlxalq media güclərinin əli ilə əksinqilab kampaniyaları da, hətta Qarabağ cəbhəsində daimi atəş səsləri də özünü göstərəcək. Lakin müharibəni udmağın yeganə yolu daxildə bizi zəiflədən tendensiyalara son qoymaqdır. Ən başlıcası, islahatlar üçün onu aparacaq lider, komanda və onu müdafiə edən xalq var. İlham Əliyev 1-ci Pyotrun Rusiya imperiyasının qurucluğundakı tarixi missiyasını fərqli zamanda, fərqli regional və beynəlxalq reallıqlar şəraitinidə gerçəkləşdirməyə qadirdir və onu hamımız birgə görəcəyik”.
teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.