Olland Putinlə görüşdən imtina edir:"Bunun bir faydası olacaqmı, bu lazımdırmı?"
10-10-2016, 10:24
Fransa prezidenti Fransua Olland yerli TF1 telekanalına bazar günü müsahibəsində bildirib ki, 19 oktyabrda Parisə səfəri nəzərdə tutulan Rusiya prezidenti Vladimir Putinlə görüşmək istəyəcəyindən əmin deyil.
Bu barədə BBC xəbər yayıb.
Putinin Ollandla görüşünün anonsunu Rusiyanın xarici işlər naziri Serqey Lavrov vermişdi. O əlavə etmişdi ki, Rusiya prezidentinin Paris səfəri xüsusi əhəmiyyətə malik olacaq, çünki Ollandla yalnız Rusiya-Fransa münasibətləri yox, həm də Suriyada və Ukraynada böhranların nizama salınması məsələləri müzakirə olunacaq.
Olland TF1-ə müsahibəsində Suriyadakı aviazərbələrə Rusiyanın dəstəyini kəskin ittiham edib. Putinlə qarşıdakı görüş haqda jurnalistin sualına cavab verərkən bildirib ki, hələlik bu məsələni özü üçün dəqiqləşdirməyib, hərçənd, çox güman ki, onunla görüşəcək.
"Mən özüm-özümə sual verirəm ki, bunun bir faydası olacaqmı, bu lazımdırmı?", – deyə F.Olland vurğulayıb.
Fransua Ollandın müsahibəsinin tam mətni bazar ertəsi efirə çıxacaq. (Virtualaz)