Prezident fərman verdi: - Qrantlar “bir pəncərə” prinsipi ilə veriləcək
21-10-2016, 19:30
Prezident İlham Əliyev Xarici donorlar tərəfindən Azərbaycan Respublikasının ərazisində qrantların verilməsi prosedurunda “bir pəncərə” prinsipinin tətbiqi haqqında fərman imzalayıb.
Modern.az-ın xəbərinə görə fərmanda deyilir:
Son illər ərzində Azərbaycanda vətəndaş cəmiyyəti təsisatlarına dövlət dəstəyinin, onların fəaliyyətində şəffaflığın və hesabatlılığın artırılması məqsədilə ardıcıl tədbirlər həyata keçirilib. Nəticədə ölkədə qeyri-hökumət təşkilatları güclənib, dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən proqramların hazırlanmasında və həyata keçirilməsində onların rolu xeyli artıb.
Fərmanda qeyd olunur ki, Azərbaycanda vətəndaş cəmiyyəti təsisatlarının fəaliyyətini dəstəkləmək, xarici donorlar tərəfindən Azərbaycan Respublikasının ərazisində qrantların verilməsi prosedurunun asanlaşdırılmasını, bu sahədə şəffaflığı və ayrılan maliyyə vəsaitlərinin məqsədyönlü istiqamətləndirilməsini təmin etmək məqsədilə 2017-ci il yanvarın 1-dən xarici donorlar tərəfindən Azərbaycan Respublikasının ərazisində qrantların verilməsi prosedurunda “bir pəncərə” prinsipi tətbiq edilsin.
Bu fərmanla xarici donorlar tərəfindən Azərbaycan ərazisində qrantların verilməsi prosedurunda “bir pəncərə” prinsipi üzrə əlaqələndirici dövlət orqanının səlahiyyətlərinin həyata keçirilməsi kommersiya qurumlarına münasibətdə İqtisadiyyat Nazirliyinə, dini qurumlara münasibətdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə, digər qeyri-kommersiya qurumlarına və fiziki şəxslərə münasibətdə Ədliyyə Nazirliyinə həvalə olunur.
Nazirlər Kabinetinə qrantın maliyyə-iqtisadi məqsədəmüvafiqliyinə dair rəyin əldə edilməsi prosedurunun sadələşdirilməsini, o cümlədən onun həm xarici donor, həm də resipiyentin müraciəti əsasında həyata keçirilməsini təmin etmək; Azərbaycan Respublikası Prezidentinin aktlarının bu fərmana uyğunlaşdırılmasına dair təkliflərini iki ay müddətində Azərbaycan Prezidentinə təqdim etmək; Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını iki ay müddətində təmin edib Azərbaycan Prezidentinə məlumat vermək; mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Prezidentinə məlumat vermək; bu fərmandan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.
Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu fərmana uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat verəcək.