Niyə soruşmursunuz ANS hardadır?

24-10-2016, 13:07           

Qonşumuzda bir QAZel sürücüsü var. Hər səhər işə gedəndə görürəm. Hər gün soruşur: “Müəllim, siz ziyalı adamsınız, bilmirsiz ANS-i nə vaxt açacaqlar?” Hər dəfə çiynimi çəkib gedirdim, yəni, vallah, bilmirəm. Axırı, bu gün dözə bilmədim, soruşdum ANS-lə niyə bu qədər maraqlanır. Qayıtdı ki, artıq on ildən çoxdur ki, hər sabah “Salam, Azərbaycan”a baxıb evdən çıxırmış, indi xəbərsiz qalıb: “Nəsə, onların xəbəri başqa idi, adamı maqnit kimi çəkirdi. İnanırsan, indi evdəkilər də bizim xəbərlərlə maraqlanmırlar. Gündüzü Müge Anılı ilə yola verirlər, axşam İlker Ayrıka baxırlar. ANS başqa idi, onda əvvəl ANS-ə baxırdıq, sonra deyirdik, görən, başqa kanallar bunu necə verir, çevirib onlara da baxırdıq. Sonra bahımızda götür-qoy edirdik, axırda bir nəticəyə gəlib rahatlaşırdıq. İndi elə bil havamız çatmır”. Qonşunu təxminən anlayıram, Azərbaycan xalqının artıq 25 ildir ki, hər şeyə ANS prizmasından baxmaq alışqanlığı var. Qonşu qonşu ilə dava edəndə “bax, elə eləmə ki, ANS-i çağırım, səni el içində görk edim” deyirdi. Suyu gəlməyən, qazsız qalan, kanalizasiyası daşan, məmur qapısından qovulan “ANS hardadır, niyə gəlmir? Görmür başımıza gələnləri?” deyə telekanalın ünvanına gileylər yağdırırdı. Biz Qafqaz müsəlmanları bir növ Misirdən qovulmuş, Madyan quyuları başında Tanrıdan mərhəmət gözləyən Musa peyğəmbərə bənzəyirik, hər zaman ən çətin dəqiqədə yetişən bir Xızra ehtiyacımız var. ANS də belə xızırlardan birinə çevrilmişdi. Dara düşənlər sonuncu ümid kimi ANS-dən yapışırdı. Və haqsız da deyildilər. ANS bəzən heç kimin belə ağlına gəlməyən tərzdə mühasirəni yararaq çətinə düşənlərin aradığı Haqqın yanında olurdu. 2006-cı ilin aprelində Azərbaycan Bayrağını təhqir etmiş erməni Qurgen Markaryanı zərərsizləşdirdiyinə görə Budapeşt şəhər məhkəməsinə çıxarılmış Ramil Səfərov “Mən bir türk zabitiyəm, bayrağımın şərəfi mənim şərəfimdir, mən zabit şərəfimi qorumuşam” deyəndə salonda Azərbaycandan yalnız ANS Şirkətlər Qrupunun rəhbəri Vahid Mustafayevi görmüşdü. Məhz ANS-in çəkdiyi kadrlar bu şərəfli çıxışı Azərbaycan xalqına çatdırdı və vətənsevərləri göz yaşına boğdu. Ramil Səfərov xalqın gözündə həqiqi qiymətini aldı, ağzıgöyçəklərin bu Vətən övladı barədə başladığı qara-piar sabun köpüyü kimi partladı. Xocalı həqiqətlərini dünyaya çatdıran Milli Qəhrəman Çingiz Mustafayevin şəhid ruhunu yaşadan bir telekanal kimi başqa addım ata bilməzdi. ANS Çingiz Mustafayevin bu müqəddəs irsinə 2010-cu ildə Azərbaycanın Şəhidlik şərbəti içmiş oğlu Mübariz İbrahimovun qəhrəmanlıq yolunu işıqlandıranda da sadiq qaldı. 18 iyunda minalanmış 1 kilometrlik sahəni təkbaşına keçmiş Mübariz düşmənlə təkbətək döyüşərək çox sayda itki verməsinə səbəb olmuşdu. Şəhidlik savaşından öncə valideynlərinə yazdığı məktubunda “Vətənin dar günündə artıq ürəyim dözmür” sözlərini yazmış igid Azərbaycan oğlu düşmən ordusunun içinə əbədi bir qorxu salmışdı. Ermənilər son 90 ildə ilk dəfə idi ki, Azərbaycan oğlunun gerçək gücünü görürdülər. Çox təlaş içində idilər. Azərbaycanlıların savaş qabiliyyətini itirməsi barədə uydurduqları miflər yoxa çıxmışdı. Sapı özümüzdən olan baltalarımız da təlaş içində idilər. Mübarizin igidlik yoluna çamur atmaq istəyirdilər, «hərbi hissəsini özbaşına tərk etdi, sülh danışıqlarına maneçilik yaratdı» kimi mənasız ittihamlar ortaya atdılar. Onda Azərbaycan xalqı ayağa qalxdı və öz sözünü dedi - Ağdamdan və Lənkərandan, Gəncədən və Qazaxdan, Şəkidən və Şamaxıdan, Bakıdan və Qubadan, Şuşadan və Naxçıvandan, bir sözlə bütün Azərbaycandan maşın karvanları Mübarizin Bilsuvardakı ata evinə getdi və bu igid Vətən oğluna dəstək nümayiş etdirdi. ANS həmin maşın karvanlarının önündə idi. İndi də Azərbaycan üçün növbəti Mübariz günüdür - Azərbaycanın canı ilə, qanı ilə böyütdüyü, ruhu ilə böyütdüyü övladı - müstəqilliyimizin əkizi olan ANS telekanalı izləyicilərinin görüşünə gələ bilmir. Və ən dəhşətlisi də budur ki, teleizləyicinin başına bu qəza kənar güclər tərəfindən gətirilib. Telekanalın ən məntiqsiz bir ittihamla bağlandığını Azərbaycanda hər kəs bilir. Azərbaycanda hətta orta məktəb uşaqları da bilir ki, ANS-in nurçuluqla, xüsusən də onun fətullahçı qanadı ilə heç bir əlaqəsi yoxdur. Çünki bütün təzyiqlərə baxmayaraq ANS efirində Azərbaycan xalqının 70 faizinin beyət etdiyi şiə məzhəbinin azanını səsləndirir. Fətullah Gülən isə şiələri «sapıq, rafizi» deyə ən əxlaqsız kəlmələrlə təhqir edir. Amma Azərbaycanda hətta orta məktəb uşaqları fətullahçıların hansı telekanalı yaratdığını əzbər bilirlər. Nədənsə, həmin telekanala dəyib-toxunan yoxdur. Biz - Azərbaycanın atı, arvadı və papağı qeyrət simvolu bilən kəndlərində doğulmuş kişilərin törəmələri, bəlkə, papağımızı qabağımıza qoyub oturaq, evimizin içinə girən, arvadımıza-uşağımıza birbaşa dəxli olan bu problem barədə düşünək. Bəlkə, kimlərsə bizi Kirin qarşısında məğlub olmuş Krezin xalqı lidiyalılar kimi yeyib-içən, çalıb-oxuyan vecsiz bir topluma çevirmək, savaş ruhumuzu öldürmək istəyirlər. Sizdən soruşuram «Vətən, Qarabağ» deyib canından keçməyə hazır olan patriot oğullar. Niyə soruşmursunuz, ANS hardadır? Valeh Əliyev












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.