Deputatdan sənədsiz evlərin sahiblərinə YENİ XƏBƏR: - “Problem həll olunmaq üzrədir”
24-10-2016, 18:25
Bakı şəhəri ərazisində 500 minə yaxın sənədsiz ev var. Hələ 2010-cu ildə Bakı və ətraf qəsəbələrin inkişafına dair ikinci dövlət proqramının təqdimatı keçiriləndə prezident İlham Əliyev qeydiyyatsız evlərin sənədləşdirilməsi ilə bağlı məsələ qaldırmışdı. Ölkə başçısı sənədsiz tikililər məsələsinin paytaxt üçün ciddi sosial problemə çevrildiyini bəyan edərək, müvafiq strukturlara, xüsusilə Bakı şəhər İcra Hakimiyyətinə sənədləşmə ilə bağlı xüsusi tapşırıq vermişdi.
Sonradan - 2012-ci ilin iyun ayında prezident İlham Əliyev magistral boru kəmərlərinin, yüksək gərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin və suların mühafizə zonalarında, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində inşa edilmiş yaşayış evləri və digər tikililərlə bağlı məsələlərin tənzimlənməsi məqsədi ilə komissiya yaradılması haqqında sərəncam imzaladı.
Nəhayət, İlham Əliyev 2015-ci il yanvarın 13-də sənədsiz evlərlə bağlı problemin həllinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanun qüvvəyə minənədək əldə edilən və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısı”nın təsdiq edilməsi barədə fərman verdi.
Bu il isə ölkə başçısı "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə 2016-cı il 14 iyun tarixli 297-VQD nömrəli Qanununun tətbiqi haqqında sərəncam imzalayıb.
Amma nədənsə sənədsiz evlərlə bağlı problem həll olunmaq bilmir ki, bilmir...
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov Modern.az-a deyib ki, problem həll olunmaq üzrədir:
“2013-cü ilə qədər olan evlərin torpaq sənədi varsa, onların hamısı rəsmiləşdiriləcək”.
Deputat bildirib ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunda edilən dəyişikliklərə görə, bu sahədə heç bir problem olmayacaq:
“Cənab Prezidentin parlamentə göndərdiyi dəyişiklik nəzərə alınaraq bu edildi. Ona görə də kimlərin ki, sənədləri yerindədir, onlar rahat şəkildə sənəd ala biləcək.
2013-cü ilə qədər məsələ faktiki olaraq öz həllini tapıb. Artıq bundan sonra iş vətəndaşların üzərinə düşür ki, bütün məsələləri qaydaya salıb evlərini sənədləşdirsinlər”.