Bakıda Gülənçilərin həbsi başlayır - siyahıda deputat və nazirlər də var...

25-10-2016, 10:04           

Ölkə başçısı İlham Əliyevin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Türkiyədə səfərdədir.

Bu barədə məlumatı AZƏRTAC yayıb. Məlumatda deyilir ki, ölkə başçısının tapşırığı ilə Türkiyəyə gedən Əli Həsənov səfər çərçivəsində bu ölkənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşüb. Görüşdə Azərbaycan ilə Türkiyə arasında bir sıra məsələlər, o cümlədən ictimai-siyasi sahədə əlaqələrlə bağlı fikir mübadiləsi aparılıb.

Türkiyə və Azərbaycan diasporlarının mütəşəkkil və birgə fəaliyyətinin təmin olunması istiqamətində yeni strategiyanın müəyyənləşdirilməsi ilə əlaqədar məsələlərə diqqət yetirilib.

Söhbət zamanı Azərbaycan-Türkiyə strateji müttəfiqliyinin yeni müstəviyə qaldırılması, əlaqələrin inkişaf perspektivləri müzakirə edilib.

Ekspertlər isə hesab edir ki, Əli Həsənovun Türkiyə səfəri həm də “Gülən məsələsi” ilə bağlı ola bilər. Məlumat üçün deyək ki, Əli Həsənov hakimiyyətdəki “gülənçilər”ə qarşı mənfi münasibəti ilə seçilir. Hələ bir neçə il əvvəl hakimiyyət daxilində başlanan “nurçu qalmaqalı”nda bu şəbəkənin bir neçə üzvünün sıradan çıxarılmasında Əli Həsənovun xüsusi da rolu olub.

Azadliq.info-nun məlumatına görə, prezidentin köməkçisi bu səfərdən yeni siyahı ilə qayıda bilər: “Türkiyədəki hərbi çevrilişə cəhddən sonra Ankara Azərbaycanın dövlət strukturlarına sızmış “gülənçilər”in sıradan çıxarılmasında israr edir. Hətta bildirilir ki, bununla bağlı Azərbaycan hakimiyyətinə konkret siyahı təqdim olunub. Hakimiyyət isə prosesə referendumdan sonra başlayacağı barədə vəd verib. Artıq referendum arxada qalıb. Görünür, bu məsələ yenidən gündəmə gəlib və Ankara Bakının hansı tədbirlər gördüyü ilə maraqlanır. Əli Həsənovun Türkiyə səfərində bu məsələnin də ciddi müzakirə olunduğu istisna deyil. Hətta mümkündür ki, prezidentin köməkçisinə yeni siyahı təqdim olunub”.

Ekspertlər Əli Həsənovun Türkiyə səfəri ərəfəsində Qaradağ rayonunda “nurçu əməliyyatı”nın keçirilməsini də təsadüfi saymır.

İstiqlal.az-a mötəbər mənbələrdən daxil olan məlumatlara görə, Ərdoğan Administrasiyasının Ə.Həsənova təqdim etdiyi siyahıda bir sıra yüksək ranqlı məmurların, o cümlədən də nazir və millət vəkillərinin adı var.

Siyahıda 1000-ə yaxın iri və orta çaplı məmur adı var. Gülənçilər nazirliklərdə, dövlət müəssisələrində, Elmlər Akademiyasında, ali məktəblərdə, bank və başqa iri biznes strukurlarında qərarlara təsir edə biləcək postlarda yerləşdirilib. Gülənçilərin sayı Azərbaycanda çox olsa da, onların ən aktivləri ilə bağlı tədbirlər görüləcək. Çünki hakimiyyət Türkiyədə olduğu kimi kütləvi repressiyalara getməyəcək. Sadəcə, müəyyən aktiv təbəqə zərəsizləşdiriləcək - deyə mənbə vurğulayıb.

Mənbənin sözlərinə görə, Ə.Həsənov Ankaraya təsadüfü göndərilməyib: Ə.Həsənov prezidentin ən çox etimad bəslədiyi və güvəndiyi füqurlardan biri olmaqla yanaşı Azərbaycan hakimiyyətində
anti-Gülən kampaniyasının önündə gedən bir şəxsdir. Ona görə də prezident Ankara ilə bağlı son məsləhətləşmələrə məhz onu göndərib. Güman ki, yaxın günlərdə Bakıdakı Gülən tərəfdarlarının həbsi və işdən çıxarılmasına start veriləcək.
teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.