Rusiya saytı Azərbaycanın şimal sərhədini belə adlandırdı... - Təxribat
26-10-2016, 13:21
Bu gün bir sıra Azərbaycan və Rusiya saytlarında Rusiya vətəndaşı olan qadının Dağıstanın Azərbaycanla sərhəd Məhərrəmkənd gömrük postundan 90 ədəd iPhone mobil telefonu keçirməyə cəhd etməsi barədə məlumat verilib. Məlumatda deyilir ki, Dağıstan gömrükçüləri qaçaq malı Rusiyadan Azərbaycana gələn “Lada Granta” avtomobilində yoxlama zamanı aşkar ediblər. “Yoxlama zamanı 90 ədəd iPhone və onlara aid aksesuarın avtomobilin arxa sağ təkərinin içində gizlədildiyi məlum olub. Yük müsadirə olunub və ekspertizaya göndərilib. Faktla bağlı təhqiqat aparılır. Telefonların saxta olub-olmadığını ekspertiza müəyyən edəcək...”
Söhbət informasiyanın məğzindən getmir. Moderator.az-ın araşdırdığı bir çox Rusiya saytları da sözügedən məlumatı demək olar ki, eyni məzmunda, sadəcə, bir az təfsilatlı formada dərc ediblər. Bu da olayın qonşu ölkənin ərazisində baş verməsindən irəli gəlir. Amma “Lezgi-yar” adlanan portalı dərc etdiyi eyni məlumata təxribatçı bir başlıq qoyub “...“Ləzgi-ləzgi sərhədində” iri iPhone partiyası yaxalandı”. Yəni xəbərdə “Rusiya-Azərbaycan sərhədində” ifadəsi bilərəkdən işlənmir. Bu da təbii ki, Azərbaycanın, eyni zamanda Rusiyanın ərazi bütövlüyünü tanımamaq kimi separatçı meyillərdən qaynaqlanır...
Qeyd edək ki, “Lezgi-yar”(azərbaycanca ləzgilər mənasına gəlir) saytı “milli ləzgi portalı kimi təqdim olunur. Portalın məqsədi bütün dünyaya səpələnmiş, o cümlədən Rusiya və Azərbaycanda yaşayan ləzgilərin birliyi, ləzgi mədəniyyətini, dilini, ənənələrini qorumaq və s. olduğu bildirilir. Maraqlıdır ki, sayt administrasiyasının iş telefonu Azərbaycan nömrəsidir.
Araşdırmamız zamanı o da məlum oldu ki, bu saytda Azərbaycan sərhəddi haqqında eyni ifadə əvvəllər də işlənib. Məsələn, 2015-ci il yanvarın 24-də yenə də Azərbaycan-Rusiya sərhədindən qanunsuz olaraq 8 mobil telefon keçirilməsi cəhdindən danışılır.
İş gününün sonu olduğu üçün Azərbaycan Xarici İşlər Nazirliyi ilə əlaqə yaradıb məsələyə münasibətlərini öyrənə bilmədik.
Mövzunu diqqətdə saxlayacağıq.