Fərhad Əliyevin yaxın adamını intihara sürükləyən MTN-çilərin adı bilindi

28-10-2016, 09:23           
Fərhad Əliyevin yaxın adamını intihara sürükləyən MTN-çilərin adı bilindi
Əlihüseyn Şalıyevə işgəncə verməklə onu sabiq nazirlə üz-üzə qoymağa çalışanlar kimlərdir?
Eldar Mahmudovun 11 illik nazirliyi 2 səs-küylü olayla yadda qalıb. 2005-ci il martın 10-da MTN “Qara kəmər” əməliyyatını həyata keçirdi. 7 ay sonra, 2005-ci il oktyabrın 17-də MTN iki naziri - səhiyyə naziri Əli İnsanovu və iqtisadi inkişaf naziri Fərhad Əliyev, həbs etdi.

Sonradan “Qara kəmər” əməliyyatında yol verilən qanunsuzluqlar, saxtakarlıqlar üzə çıxdıqca, bu uğurlu əməliyyatın özünü bütövlükdə şübhə altına aldı. Nazirlərin işində də eyni dəst-xətt təkrar olundu. Eldar Mahmudov nazirləri dövlət çevrilişinə cəhd ittihamı ilə həbs etsə də, sonradan bu ittihamın saxtalığı da ortaya çıxdı. Məcbur olub iqtisadi sahədə cinayətkarlıqla ittiham verməklə nazirləri həbsdə saxladılar.

Nazirlərin ətrafındakı günahsız şəxslər Mahmudovun komandasının caynaqlarında əzildi, hətta öldürülənlər oldu. Gununsesi.info MTN-dəki cinayətkar qruplaşmanın əməlləri ilə maraqlı xəbər yayıb. Həmin dövrdə Fərhad Əliyevlə birgə həbs edilənlərdən biri də İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığın İnkişafı Departamentinin rəhbəri Əlihüseyn Şalıyev idi. Əlihüseyn Şalıyevə işgəncə verməklə sabiq nazirin üzünə saxlamağa çalışıblar. Həmin vaxt ona verilən işgəncələrə dözməyən Ə.Şalıyev ayaq damarlarını doğrayaraq intihar etmişdi. Həmin vaxt MTN rəhbərliyinin müdaxiləsi nəticəsində bu olayın üstü ört-basdır edildi və Əlihüseyn Şalıyevin qanı batırıldı.

Sayt Əlihüseyn Şalıyevi intihara vadar edən MTN-in o zamanki zabirlərinin kimliyini yazıb.

Sitat: “Belə ki, bu şəxslər nazirliyin Anti-Terror Mərkəzinin sabiq rəisi Elçin Quliyev (o zaman polkovnik idi) və onun müavini İlqar Əliyev olub. Saytımızı bilgiləndirən mənbənin sözlərinə görə, Fərhad Əliyev həbs olunan gün onun evində axtarışda şəxsən iştirak edən hər iki şəxs MTN-ə gələrək, Əlihüseyn Şalıyevi sabiq nazirin əleyhinə ifadə verməyə vadar edib. İntihar etdiyi günə qədər davamlı təzyiqlər altında saxlanılan Əlihüseyn Şalıyev Elçin Quliyevlə İlqar Əliyevin təzyiqlərinə baxmayaraq, Fərhad Əliyevə böhtan atmaqdan imtina edib. Sonda isə çıxış yolunu özünü öldürməkdə görüb. Ölümündən bir neçə il keçməsinə baxmayaraq, Əlihüseyn Şalıyevin yaxınları onu intihara sürükləyən Elçin Quliyevdən hüquq-mühafizə orqanlarına şikayət verə bilər. Bu şikayətin obyektiv araşdırılması isə başqa söhbətin mövzusudur”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.