ANS-in balı kimə qaldı?
31-10-2016, 13:07
Bir-iki günün söhbətidir, avtobusda bir qadın dolanışıqdan bərk giley eliyirdi: “Camaat acından qırılır, bunun axırı hara gedəcək?!».
Yaxından tanıdığım adam idi. Ailələri həddindən varlıdır, üç mərtəbəli evləri, qapılarında 3-4 maşın, Binə və Sədərəkdə 17 dükanları var. Sadəcə, hərdən məhəllə daxili məsafələrdə avtobusa minər. Bu qədər var-dövlətin qabağında devalvasiya xəbərlərinin qadını ciddi şəkildə qorxutduğu göz qabağında idi. Vəziyyətin elə də qorxulu olmadığını nə qədər izah etdimsə, xeyri olmadı. Qadın öz dediyində qaldı.
Fikir vermişəm, qara camaat bir yana, indi bu cür düşünən imkanlı, savadlı adamlar çoxdur. 2015-ci ilin təkrar devalvasiyalı günlərindən indi vəziyyətin fərqli olduğunu, hökumətin manatı illik 5-7 faizdən çox ucuzlaşmağa qoymayacağını nə qədər izah etsən də təsir etmir. Vəziyyət fırtınadan öncə yaranmış sakitlik kimi qorxu doğurur.
Halbuki, 2015-ci ilin kəskin devalvasiya baş verdiyi fevral və dekabr aylarında camaatda belə təlaş yox idi. Göz qabağındadır ki, indi KİV-lər, xüsusilə də ən populyar auditoriyaya malik telekanallar ölkə başçısının, hökumətin atdığı addımları, dünya bazarındakı real vəziyyəti xalqa dolğun çatdıra bilmirlər.
Əslində, camaat yerli kanallara baxmadığını deyir. O qədər də aydın olmayan səbəb üzündən Azərbaycan tamaşaçısı yerli telekanallardan üz döndərib və xarici telekanallara üz tutub. Bunu Azərbaycanda tele-auditoriyanın ölçülməsi üzrə monitorinq aparan “AGB Nielsen Media Research” şirkətinin araşdırmaları da ortaya çıxarıb. Şirkətə yaxın mənbənin dediyinə görə, bu ilin yanvar - iyun aylarında Azərbaycanın televiziya tamaşaçılarının 25 - 27%-i xarici telekanallara baxmağa üstünlük verib. Bu vəziyyət iyul ayında kəskin dəyişib və xarici telekanallara üstünlük verənlərin payı 37%-ə çatıb. Sentyabr ayında isə Azərbaycan tele izləyicilərinin az qala yarısı başqa telekanallara baxıb və göstərici 44%-ə qalxıb.
İqtisadi şərhçi İlham Şaban yaranmış vəziyyəti iyulun 18-də ANS-in bağlanması ilə əlaqələndirir: “ANS bağlanandan sonra əhalinin nəinki yerli xəbərlərə, hətta xarici xəbərlərə də baxmağa həvəsi qalmayıb. Məcazi şəkildə desək, ANS izləyicini bala alışdırmışdı, ondan sonra izləyici şirin çay içmək istəmir. Bu millət 25 ildir ki, xəbəri ANS-dən dinləyir. İndi ANS yoxdur, heç kimi dinləmək istəmir”.
Bu, sirr deyil ki, 2015-ci ildə baş vermiş hər iki devalvasiya zamanı ANS TV xaosun qarşısını almaq üçün gərgin işləmişdi. Onda bazar günlərindən birində metronun “28 may” stansiyasının yaxınlığında işbazların qara dollar bazarı yaratmaq cəhdinin qarşısını məhz ANS TV-nin reportajı almışdı. Hadisədən xəbər tutan rəsmi dairələr dərhal hərəkətə keçmişdilər, qısa bir zamanda qara bazar yox edilmişdi.
Həmin günlərdə ANS Şirkətlər Qrupunun başçısı Vahid Mustafayev canlı efirə çıxaraq bütün jurnalistləri ictimai-siyasi sabitliyi pozmaq istəyən möhtəkirlərə qarşı birgə mübarizə aparmağa çağırmışdı. “Tək böhran zamanlarında deyil, hər zaman medianın işi çox vacibdir. Media hər zaman təhsil verməli, vəziyyəti araşdırmalı və insanlara düzgün qərar vermək üçün məlumatlar çatdırmalıdır”, - deyə bildirmişdi.
Müstəqilliyin əkizi olan ANS-in başqa cür davranacağını düşünmək də mümkün deyil. 25 ildir ki, fəaliyyət göstərən telekanal belə proseslərin çoxunu keçib və hansı addımların yanlış olduğunu dərhal anlayıb. ANS-in arxivi bir türk toplumu olaraq müstəqil Azərbaycanın problemlərinin xronologiyasıdır. Bu arxivdə həmişə problemlərin özü və çıxış yolları yer alıb.
Bu gün Azərbaycan təkrar devalvasiyalardan sonranın nigarançılığını yaşayır və bu gün ANS-in yeri görünür. Ən azından avtobusda gördüyüm qadın kimi narahat insanların baxıb sakitləşməsi, hər şeyin nəzarət altında olmasına inanması üçün. Məmləkət insanını yenidən öz televiziyalarımızın auditoriyasına qaytarmaq naminə ANS açılmalıdır.
Fuad Əliyev