ABŞ-ın Azərbaycanda terror xəbərdarlığı: kəşfiyyat məlumatı, yoxsa...
17-01-2018, 10:02
Nəzakət Məmmədova: “Kosmik kəşfiyyat aparmaq imkanı olan ölkənin bunu müəyyən etməsi çətin deyil”
Ötən həftə ABŞ Dövlət Departamentinin amerikalı turistlər üçün tövsiyə xarakteri daşıyan siyahını yeniləməsi bir çox ölkələr kimi Azərbaycanın da gündəmindən düşmür. Buna səbəb də dörd səviyyədən ibarət olan siyahıda amerikalılar üçün risklərin olduğu ölkələr sırasında Azərbaycanın ikinci səviyyədə yer almasıdır.
Doğrudur, Azərbaycanın tək olmadığı təsnifatda yer alan ölkələrdə risklərin kritik həddə çatmadığı qeyd olunur, lakin bu da siyahıda adı keçən dövlətlərdə yaranan narahatçılığı aradan qaldırmır. Çünki indiyə qədər Amerika tərəfin bu tipli uyarıcı bəzi addımlarının sonda gerçək olduğunun şahidi olmuşuq. Misal üçün Türkiyəni göstərə bilərik. Belə ki, 2017-ci ilə daxil olan gecə İstanbulda “Reina” gecə klubunda törədilən və 40 nəfərin ölümünə səbəb olan terror aktından aylar öncə Amerika öz vətəndaşlarına müraciət etmiş, onları Türkiyəyə getməməyə çağırmışdı. Səbəb kimi isə Türkiyədə terror aktlarının gözlənildiyi önə çəkilmişdi. Bu baxımdan Dövlət Departamentinin siyahısının doğurduğu narahatlıq əsassız deyil. Düzdür, Azərbaycan dünyanın ən təhlükəsiz ölkələri sırasında yer alır. Hər halda, son illərdir dünyanı ağuşuna alan terror aktlarının ölkəmizdən yan keçməsi buna sübutdur.
Amerikanın Azərbaycandakı sabiq səfiri Metyu Brayza ölkəsinin bu xəbərdarlığına bu cür diqqətçəkən mövqe açıqlayıb: “Mən ABŞ-ın Azərbaycandakı səfiri, həmçinin ATƏT-in Minsk Qrupunun həmsədri olduğum vaxtlarda bütün diplomatik missiyanı, məni və ailəmi terror təhdidlərindən qoruduğu üçün daim Azərbaycan hökumətinə minnətdar olacağam”.
Brayza eyni zamanda Rusiya XİN-in mətbuat xidmətinin sözçüsü Mariya Zaxarovanın açıqlamasına da toxunub. Diplomat bildirib ki, Rusiya XİN rəsmisinin dediyi kimi, ABŞ Dövlət Departamenti Azərbaycana səyahətlərin əleyhinə deyil. Departament ölkə vətəndaşlarına Azərbaycana səfər etməməyi tövsiyə etmir. Söhbət yalnız Dağlıq Qarabağ və Ermənistan-Azərbaycan sərhədlərinə səyahətlərdən gedir.
Politoloq Nəzakət Məmmədova siyahıda Azərbaycanın adının bu cür keçməsinə geniş rakursdan yanaşır: “ABŞ daima Azərbaycanın terrora və zorakı ekstremizmə qarşı fəal mübarizə apardığını qeyd edib. Eyni zamanda ABŞ-la bu sahədə sıx əməkdaşlığın olması diqqətə çatdırılıb. Prezident İlham Əliyevin MDB dövlət başçıları Şurasının Bişkek görüşündə 2017-2019-cu illərdə terrorçuluğa və digər zorakı ekstremizm hallarına qarşı mübarizəyə dair birgə proqrama qoşulması yüksək qiymətləndirilib. Prezident Əliyevin NATO-nun Varşava sammitində zorakı ekstremizmə qarşı mübarizəyə dair müzakirələrdə iştirakı da ABŞ tərəfindən təqdirəlayiq hesab edilib. Bu cür qiymətləndirmələrdən sonra ABŞ-ın Azərbaycanı terror təhlükəsi olan ölkə kimi dəyərləndirməsi öz-özünü müəyyən qədər təkzib etməkdir. ABŞ strateji tərəfdaş kimi qəbul etdiyi Azərbaycanın qeyri-neft sektorunu inkişaf etdirərək turist cəlb etmək və investisiya qoyuluşunu təşviq etmək planlarına kölgə sala bilər. Azərbaycan son illərdə bir sıra beynəlxalq yarışlar və tədbirlər keçirərək ölkəmizin dünyada müsbət imicinin formalaşmasına çalışdığı bir dövrdə bu, ölkəmizi qeyri-sabit dövlət kimi qələmə verərək müəyyən problemlər yarada bilər. Görünür, ölkənin müstəqil siyasəti müəyyən qüvvələrin xoşuna gəlməyib. Çünki bu cür qiymətləndirmə olarkən onun strateji tərəfdaş ölkələrin dünyadakı imicinə, iqtisadi inkişafına xələl gətirə biləcəyi nəzərə alınmalı idi”.
Xanım politoloq Azərbaycanın Türkiyə ola biləcəyi versiyalarını qəti rədd edir: “ABŞ səfiri Türkiyədə 9 aydan bəri terror olmadığını deyən kimi ard-arda terror aktları baş vermişdi. Həm də teraktlar Türkiyənin ABŞ-la əməkdaşlığını dayandırdığını deyəndən sonra başladı.
Burada iki variant var: ya ABŞ kəşfiyyat orqanları terror haqda əvvəlcədən məlumatlı olublar, ya da hər terror qruplaşmasının arxasında böyük dövlətlərin olmasını əsas gətirərək terror siqnalının hansısa güc mərkəzindən gəlməsi ehtimal oluna bilər. Azərbaycanın ABŞ-ın terroru maliyyələşdirən ölkə elan etdiyi İranla, terrorçu dövlət Ermənistanla həmsərhəd olduğu əsas götürülərək terror təhlükəsi olan dövlət kimi qiymətləndirilməsi mövqeyi aydındır. Lakin İran hazırda Xəzərin statusunu tanımaqla, Bakı-Qarsa qoşulmaq istəməklə Azərbaycanla daha çox iqtisadi tərəfdaşlıq münasibətlərinə üstünlük verir. Ermənistan isə Rusiyaya tabedir və Moskva icazə verməsə, Ermənistan burda heç bir terror aktı edə bilməz. Lakin Azərbaycan bu vəziyyətdən yararlanaraq, Ermənistanın bizə terror törədə biləcəyini vurğulaya bilər. Çünki ölkə öz-özünə qarşı terror etmir, terror təhlükəsi daha çox xaricdən gəlir və əgər ABŞ terror təhlükəsi xəbərdarlığı edirsə, onun mənbəyini də bilməlidir. Üstəlik, kosmik kəşfiyyat aparmaq imkanı olan bu ölkənin bunu müəyyən etməsi çətin deyil. 30 milyard dollar büdcəsi olan, dünyanın hər yerində şəbəkələri olan Mərkəzi Kəşfiyyat İdarəsinin bunu bilməməsi inandırıcı görünmür. Azərbaycanın Türkiyənin yerində ola bilməsi inandırıcı deyil. Bu iki ölkənin geosiyasi vəziyyəti tamam fərqlidir. Türkiyə NATO üzvüdür, Cümhuriyyət yaranandan bəri qərbyönümlü siyasət yeridib, indi bu siyasəti dəyişir, Türkiyənin ətrafında qızğın müharibə gedir. Olduğu coğrafiya və düşdüyü vəziyyət tamam fərqlidir. Azərbaycanın da özünəməxsus çətinlikləri var. Ərazisinin bir hissəsi işğal olunub və Ermənistan kimi terrorçu dövlətlə qonşudur, İran və Rusiya kimi mürəkkəb qonşuları var. Amma Azərbaycan hazırda balanslı siyasət yürüdür, bilavasitə sərhədlərimizdə qızğın döyüşlər getmir, ərazimizdə terrorçulara qarşı müharibə yoxdur".
Cavanşir ABBASLI,
“Yeni Müsavat”