Azərbaycan XİN-dən ilginc 20 Yanvar açıqlaması
17-01-2018, 10:47
“Bakı qırğını zamanı Əfqanıstanda iştirak etmiş heyətdən və ermənilərdən istifadə edilib”; iqtidar və müxalifət qanlı hadisələrin ildönümünə hazırlaşır
20 yanvar qırğınının 28-ci ildönümü yaxınlaşır. Sovet qoşunlarının qanunsuz yeridilməsi nəticəsində Bakıda və Azərbaycanın rayonlarında 146 nəfər öldürülüb, 744 nəfər yaralanıb, 841 nəfər qanunsuz həbs olunub. 200 ev və mənzil, 80 avtomaşın, o cümlədən təcili yardım maşınları, yandırıcı güllələrin törətdiyi yanğın nəticəsində dövlət əmlakı və şəxsi əmlak məhv edilib. Həlak olanların arasında qadınlar, uşaqlar və qocalar, həmçinin təcili yardım işçiləri və milis nəfərləri olub.
Hadisələr zamanı SSRİ Konstitusiyası, Azərbaycan SSR Konstitusiyası kobudcasına pozulub, Azərbaycan Respublikasının suveren hüquqları tapdalanıb. Qabaqcadan düşünülüb hazırlanmış bu təcavüzkarlıq Azərbaycan xalqının demokratiya və milli azadlıq uğrunda mübarizəsini boğmaq, xalqı təhqir edərək ona mənəvi zərbə vurmaq məqsədi daşıyıb. Lakin xalqımızı müstəqillik uğrunda mübarizədən çəkindirə bilməyib. 20 yanvar qırğınından sonra Azərbaycanda müstəqillik hərəkatı daha böyük miqyas alıb və cəmi bir il sonra Azərbaycan öz müstəqilliyinə nail olub. SSRİ adlı imperiya isə dağılıb.
Azərbaycan xalqı və dövləti 20 Yanvar şəhidlərinin xatirəsini əziz tutur, 20 Yanvar hər il dövlət səviyyəsində xüsusi tədbirlərlə qeyd olunur. Bu il də belə olacaq.
Yanvarın 4-də Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin sərəncamı ilə “20 Yanvar faciəsinin iyirmi səkkizinci ildönümünün keçirilməsi ilə bağlı tədbirlər planı” təsdiq edilib. Həmçinin dünya ictimaiyyətinin diqqətini bu faciəyə yönəltmək məqsədilə Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri və icmaları vasitəsilə müvafiq tədbirlərin keçirilməsi, dünyanın aparıcı kütləvi informasiya vasitələrində, eləcə də televiziya kanallarında və internet şəbəkələrində 20 Yanvar hadisələri barədə müxtəlif dillərdə materialların hazırlanması və yayılmasının təmin olunması barədə tapşırıqlar verilib.
Tədbirlər planına əsasən, ölkənin bütün tədris müəssisələrində faciəyə həsr edilmiş xüsusi dərs keçiriləcək, 20 Yanvar hadisələri zamanı şəhid olanların ailələrinə humanitar yardımlar göstəriləcək, Şəhidlər Xiyabanı ərazisində lazımi işlər aparılacaq, Azərbaycanda fəaliyyət göstərən əsas dini konfessiya və qurumlar tərəfindən faciə qurbanlarının xatirəsinə həsr olunan dini mərasimlər təşkil ediləcək. Artıq sərəncamda nəzərdə tutulan bu və digər tədbirlər həyata keçirilməkdədir.
Dünən Xarici İşlər Nazirliyində belə tədbirlərdən biri keçirilib. Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib ki, 20 Yanvar faciəsi hələ də layiqincə beynəlxalq hüquqi qiymətini almayıb: “Bu, Azərbaycana qarşı aparılan ikili standart siyasətinin tərkib hissəsidir. Faciədən qısa müddət sonra Mixail Qorbaçova Nobel sülh mükafatı verildi. Hansı əməllərinə görə?”
H.Hacıyev qeyd edib ki, Azərbaycan xarici siyasətinin əsas hədəfi 20 Yanvar faciəsi ilə bağlı beynəlxalq ictimaiyyətin məlumatlandırılması və beynəlxalq aləmdə həqiqi məlumatların yayılmasından ibarətdir: “20 Yanvar faciəsi 1988-ildə Ermənistanda başlayan etnik təmizləmə siyasətinin, Xocalı faciəsinin və Azərbaycan torpaqlarının işğalının tərkib hissəsidir. Sovet ordusu qırğını törədərkən Əfqanıstanda iştirak etmiş heyətdən və ermənilərdən istifadə edib. Onlar hücuma Əfqanıstan əməliyyatı kontekstində rəng verməyə çalışırdılar”.
Dövlət qurumları ilə yanaşı, ölkədəki siyasi partiyalar da 20 yanvar qırğınının 28-ci ildönümünü qeyd edəcəklər.
Müsavat Partiyasından verilən məlumata görə, partiya rəhbərliyi və üzvləri 20 yanvar günü Şəhidlər Xiyabanını ziyarət edəcəklər. AXCP isə Milli Şura ilə birlikdə anım tədbirinə qatılacaq. ADP və VİP-in isə Şəhidlər Xiyabanını birlikdə ziyarət edəcəkləri bildirilir.
AĞ Partiyanın sədri Tural Abbaslı bildirdi ki, 20 Yanvar Azərbaycanın müasir tarixinin qəhrəmanlıq səhifələrindən biridir. Azadlıq naminə böyük bir xalqın tankların, topların qarşısına əliyalın halda çıxdığı və qələbə qazandığı gündür. “Təbiidir ki, hər bir qəhrəmanlıq tarixinin də qəhrəman şəhidləri olur. AĞ Partiya da xalq olaraq həmin gün bu qəhrəman şəhidlərimizi ziyarət edərək bu tarixin unudulmamasına və gələcəyimizə işıq tutmasına çalışır. Biz hər il olduğu kimi bu il də şəhidlərimizin məzarlarını ziyarət edəcək və ruhlarına dualar oxuyacağıq. Könül istər ki, belə ümummilli anım günlərində müxalifət eyni cəbhədən çıxış edərək birgə ziyarət etsin. Hətta iqtidar belə əlamətdar günləri fürsət hesab edərək milli barışığa nail olmağa çalışmalıdır. Yəni belə günlərdə istər xalq, istərsə də siyasilər bütün dünyaya Azərbaycanın bütövlüyü və möhkəmliyi barədə mesajlar verməyi bacarmalıdır. Ancaq hələlik heç bir müxalif partiyadan birgə ziyarət barədə təklif gəlməyib. Belə təkliflər olarsa biz birgə ziyarətin tərəfdarıyıq”.
KXCP sədrinin müavini Xəzər Teyyublu bildirdi ki, 20 yanvar günü saat 12-də keçmiş partiya üzvləri şəhidləri ziyarət edəcək.
AMİP katibi Elşən Mustafayev dedi ki, AMİP 20 Yanvar şəhidlərinin ziyarətinə partiya üzvləri ilə qatılacaq: “Mən istəməzdim ki, buna ayrılıqda getmək adı verilsin. Həmin gün imkanı olan bütün vətəndaşlarımız xiyabanı ziyarət edir. Siyasi partiyalar da demək olar ki, həmişə eyni məkanda toplaşırlar, təxminən eyni vaxtda da hərəkət edirlər. Kənardan onların ayrılıqda yox birlikdə hərəkətdə olmaqları görünür. Əsas odur ki, şəhidlər yaddan çıxmır. Siyasi mənsubiyyətindən, kimin hansı şəkildə, necə getməsindən asılı olmayaraq hamı xiyabanı ziyarət etmək istəyir”.
Ümid Partiyasının sədri Tamilla Qulami isə bildirdi ki, 20 Yanvar hadisələrinin ildönümünü birlikdə qeyd etməklə bağlı təkliflər hələ müzakirə olunmayıb. Ümid Partiyası Şəhidlər Xiyabanını ziyarət edəcək, qərargahda 20 Yanvar tarixinə həsr olunmuş dəyirmi masa keçiriləcək.
Etibar SEYİDAĞA,
“Yeni Müsavat”
17.01.201809:20 274 Twitter