Rusiya və NATO generalının Bakı görüşü reallaşır – son hazırlıqlar
19-01-2018, 09:57
Elxan Şahinoğlu: “Belə görüşlər Ermənistan hakimiyyəti və erməni lobbisinin yuxusuna haram qatıb”
NATO-nun Avropada Birləşmiş Silahlı Qüvvələrinin Baş Komandanı Kertis Skaparotti və Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov hazırda Bakıda keçirəcəkləri görüşü razılaşdırırlar. Virtualaz.org TASS-a istinadən xəbər verir ki, bu barədə Skaparotti yanvarın 17-də NATO-nun Hərbi Komitəsinin iki günlük sessiyasının yekunları üzrə bildirib. “Sentyabrda bu görüş barədə razılaşdıq. Hazırda həmin görüş təşkil olunur” - o qeyd edib.
Xatırladaq ki, daha öncə “BuzzFeed” portalı 2018-ci ilin yanvar ayında NATO-nun Avropada Birləşmiş Silahlı Qüvvələrinin Baş Komandanı Kertis Skaparottinin və Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimovun Bakıda görüş keçirəcəklərini yazmışdı.
Bu, 2013-cü ildən bəri bu səviyyədə keçiriləcək ilk görüş olacaq. O vaxt ABŞ prezidenti Barak Obamanın administrasiyası NATO-nun Avropada Birləşmiş Silahlı Qüvvələrinin Baş Komandanının rusiyalı həmkarı ilə təkbətək görüşlərini qadağan etmişdi. Bunu mənbəyə Skaparottidən əvvəl həmin vəzifəni tutmuş Filipp Bridlav təsdiqləmişdi.
Qeyd edək ki, günlər öncə generallar arasında olan telefon danışığından sonra görüşün olacağı barədə tərəddüdlər yaranmışdı. Hətta bəzi KİV-ləri generalların Bakı görüşünün baş tutmayacağı barədə xəbərlər yaymışdılar. Amma görünən budur ki, bu görüş ayın sonlarına təsadüf edəcək. Ekspertlər dünyanın əsas güc mərkəzlərinin görüşü üçün növbəti dəfə Bakının seçilməsini ölkəmiz adına böyük hadisə adlandırırlar.
Qərb Universitetinin Tətbiqi Politologiya Mərkəzinin rəhbəri Elxan Şahinoğlu görüşün gecikməsini sırf texniki səbəblərlə bağlayır: “ABŞ dünyanın, Rusiya isə bölgənin əsas dövlətlərindəndir. Ona görə də bu iki ölkənin rəsmisi və ya yüksək rütbəli generalı Bakıda görüşmək istəyirlərsə, buna heç bir qüvvə mane ola bilməz. Əgər görüş gecikirsə, bu, sırf texniki məsələlərlə bağlı ola bilər. Əlbəttə, bu tip yüksək səviyyəli görüşlərin Bakıda keçirilməsi Ermənistan hakimiyyətinin və dünyadakı erməni lobbisinin yuxusuna haram qatıb. Bakının görüş yeri kimi seçilməsi Azərbaycanın yürütdüyü xarici siyasətlə bağlıdır. İrəvan görüş yeri kimi ona görə seçilə bilməz ki, Rusiyanın forpostu və quberniyasıdır, amerikalılar rusiyalı həmkarları ilə orada görüşməzlər. Tiflis ona görə seçilə bilməz ki, xarici siyasəti Qərbə yönəlib, Rusiya ilə diplomatik münasibətləri yoxdur. Tiflisə də rus diplomatlar və hərbçilər getməzlər. Azərbaycanın həm Ermənistandan, həm də Gürcüstandan fərqi odur ki, Rusiya və ABŞ-la əməkdaşlıq edir, heç birini özünə ağa saymır. Buna görə də Moskva və Vaşinqton Bakıya eyni dərəcədə hörmət edir. Görüşlərin Bakıda keçirilməsinin birbaşa Dağlıq Qarabağ münaqişəsinin həllinə təsiri yoxdur. Bakıda görüşən tərəflər Qarabağ münaqişəsini müzakirə etmirlər, bu, onların səlahiyyətinə də aid deyil. Müzakirə predmeti fərqlidir. Buna baxmayaraq, Rusiya və ABŞ yüksək rütbəli generallarının, baş qərargah rəislərinin Bakıda mütəmadi görüşmələri Azərbaycanın regional dövlət kimi statusunu artırır. Azərbaycan sabit və dünyəvi müsəlman ölkəsidir, ətraf bölgələrdə də sabitliyin tərəfdarıdır. Azərbaycan Suriyanın ərazi bütövlüyünü dəstəkləyir, Əfqanıstana yardım edir və digər humanitar aksiyalarda da iştirakını əsirgəmir. Azərbaycanın bu rolu beynəlxalq aləmdə yüksək qiymətləndirilir. Türkiyə ilə Rusiya arasında münasibətlər gərginləşəndə də Azərbaycan vasitəçilərdən biri idi. Üstəgəl, Azərbaycanın iştirakçısı və dəstəkçisi olduğu regional enerji layihələri və xarici ölkələrə yatırdığımız investisiyaların da müsbət rolu var”.
Politoloq belə görüşlərin nəticəsiz olmadığını düşünür: “Bakının dialoq məkanına çevrilməsi heç də o demək deyil ki, Azərbaycan paytaxtında müzakirə olunan məsələlər həllini tapır. Ancaq bu görüşlər nəticəsiz də qalmır. Məsələn, ABŞ-la Rusiya arasında müxtəlif mövzular ətrafında ciddi fikir ayrılıqları var. Suriyada da iki dövlət arasında əməkdaşlıq minimum səviyyədədir. Çünki maraqlar fərqlidir. Buna baxmayaraq, Rusiya və ABŞ baş qərargah rəislərinin Bakıda keçirdikləri ilk görüşdən sonra bu iki dövlətin hərbi idarələri arasında Suriya ərazisində minimum səviyyədə olsa da, koordinasiya başladı. ABŞ-Rusiya münasibətlərinin normallaşmasının beynəlxalq aləmə də müsbət təsiri var. Sadəcə, Rusiya Krımı işğal etdiyinə və bu məsələdə geri addım atmadığına görə beynəlxalq aləmdə qeyri-sabit vəziyyət hələ uzun müddət davam edəcək. Hər halda, Bakı dialoqu vəziyyətin daha çox gərginləşməsini əngəlləyir və az da olsa ortaq nöqtələrin tapılmasına şərait yaradır”.
musavat.com