Əliməmməd Nuriyevdən Razi Nurullayevə dəstək - "AXCP-nin varisi ola bilər"
19-08-2015, 16:37
“Razi Nurullayevin hərəkətində qanunazidd hal yoxdur. Yəqin ki, mətbuat konfransında qaldırılan məsələlər, mübahisələr hansısa əsaslara söykənib”.
Bunu aznews.az-a açıqlmasında Azərbaycan Xalq Cəbhəsi Partiyasının Ali Məclisi Rəyasət Heyətinin sabiq üzvü Əlməmməd Nuriyev Razi Nurullayevin bu gün keçirdiyi mətbuat konfransında qaldırdığı məsələlərə münasibətində deyib. O, vurğulayıb ki, Siyasi Partiyalar Haqqında qanuna uyğun olaraq, məsələlərlə bağlı mübahisələr yaranarsa, bunun həlli üçün ya Ədliyyə Nazirliyi müvafiq sənədləri yoxlamalıdır, ya da məhkəmə müstəvisində baxılıb qərar verilməlidir:
“Razi Nurullayevin iddialarına görə, partiyadan qeyri-qanuni çıxarılmalar baş verib. Hazırda partiyanın üzvləri mövcud rəhbərliyi qəbul etmirlər. Partiya kiçik bir qrupun əlindədir. Bu da idarəetmədə prinsipləri pozur. Əgər doğrudan da bunlar yoxlanılıb araşdırılsa, məhkəmə də müvafiq rəyə gələ bilər”.
Ə.Nuriyevin fikrincə, Azərbaycan Xalq Cəbhəsi Partiyasında zaman-zaman prinsiplər pozulub:
“Mətbuat konfransında onunla yanaşı, yeni Xalq Cəbhəsinin üzvləri də iştirak edib. Yəqin ki, mübahisələr hansısa əsaslara malikdir. Ona görə də Razi bəy bu fikirləri söyləyib. Düşünürəm ki, Xalq Cəbhəsi Partiyasında idarəetməsində zaman-zaman problemlər olub və bu gün də var. Partiyanın idarəedilməsi ilə bağlı məsələlər mətbuat müstəvisində çıxarılıb. İndi bir qrup şəxs hesab edir ki, onlara qarşı haqsızlıq olub. Bu məsələlər aydınlaşdırılıb və bununla bağlı müvafiq qərarlar qəbul edilə bilər. Hüququ baxımından Razi bəyin irəli sürdüyü iddialarda hər hansı problem yoxdur. İddia kimi irəli sürə bilər, sübutlar isə məhkəmənin araşdırması və gəldiyi nəticə olacaq”.
Ə.Nuriyev hesab edir ki, təkcə R.Nurullayev deyil, partiyada başqalarına qarşı da münasibətdə hansısa problemlər yaşanır. O, həmçinin qeyd edib ki, bir ada iki partiyanın fəaliyyət göstərməsi mümkün deyil:
“Haqlı iddia irəli sürən hüquqi varis olacaq”.