Fövqəladə hallar naziri Tərtərdə vətəndaşları qəbul edib
31-08-2015, 20:41
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə əsasən, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov avqustun 31-də Tərtər şəhərində oldu. Qəbuldan əvvəl nazir rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədovla birlikdə Ulu Öndərin abidəsi önünə gül dəstələri qoyaraq onun xatirəsini ehtiramla yad etdi.
teref.az xəbər verir ki, Gənclər Mərkəzində keçirilən, nazirliyin müvafiq icra strukturu rəhbərlərinin də qatıldıqları qəbulda Tərtər, Bərdə və Ağdam rayonlarının sakinlərinin, habelə həmin rayonlarda məskunlaşmış məcburi köçkünlərin müraciətlərinə baxılıb.
Vətəndaşlardan 20 nəfəri şəxsən nazir Kəmaləddin Heydərov tərəfindən qəbul olunub. Bundan başqa, kadr məsələləri ilə bağlı 154, digər məsələlərlə əlaqədar müraciət etmiş 78 vətəndaş nazir müavinləri, nazirliyin müvafiq baş idarə və qurum rəhbərləri tərəfindən qəbul edilib.
Hər bir müraciət diqqətlə dinlənilib. Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həllini tapıb. Araşdırılmasına ehtiyac olan bir sıra məsələlərin isə qanunvericiliyə uyğun, operativ həlli üçün müvafiq struktur rəhbərlərinə tapşırıqlar verilib.
Fövqəladə Hallar Nazirliyinin səlahiyyətlərinə aid olmayan müraciətlər aidiyyəti qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb və bununla əlaqədar vətəndaşlar arasında ətraflı izahat aparılıb.
Qəbula gələn rayonların sakinləri nazirlə birbaşa görüş üçün yaradılmış şəraitdən məmnun qaldıqlarını söyləyib və bölgələrdə bu cür qəbulların təşəbbüskarı olan Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.