Kənd təsərrüfatı məhsulları ixrac edən sahibkarların həbslərinin arxasında nələr dayanır? - İLGİNC GƏLİŞMƏ

Bu gün, 16:40           
 Kənd təsərrüfatı məhsulları ixrac edən sahibkarların həbslərinin arxasında nələr dayanır? - İLGİNC GƏLİŞMƏ
Son zamanlar Baş Prokurorluğun xarici ölkələrə kənd təsərrüfatı məhsulları ixrac edən bəzi sahibkarların həbsi ilə bağlı məlumatlar yayması diqqət mərkəzindədir. Xəbərlərdə bildirilir ki, hüquqi şəxslərlə xarici ölkələrdəki şirkətlər arasında müxtəlif vaxtlarda kənd təsərrüfatı məhsullarının alqı-satqısına dair müqavilələr bağlanıb, lakin həmin fəaliyyət nəticəsində əldə edilən külli miqdarda gəlirlərin ölkəmizdəki müvəkkil bank hesablarına qaytarılmaması ilə əlaqədar əsaslı şübhələr ortaya çıxıb. Bu səbəbdən, bir sıra vəzifəli şəxslər cinayət məsuliyyətinə cəlb edilib. Mövcud vəziyyətlə bağlı ictimaiyyətdə yanaşmalar birmənalı deyil. Bir sıra mütəxəssislər hesab edir ki, bu həbslər və cinayət işləri kənd təsərrüfatı sektoruna mənfi təsir göstərə bilər.
İqtisadçı Natiq Cəfərli "gununsesi.info"ya müsahibəmizdə də bu mövzudan danışıb.

-Natiq bəy, son aylar xarici ölkələrə kənd təsərrüfatı məhsulları ixrac edən sahibkarların həbs xəbərləri gəlir. Onlar ixrac etdikləri məhsullardan əldə etdikləri vəsaitləri ölkəyə gətirməməkdə, yəni qanunsuz pul çıxarmaqda günahlandırılır. Siz mediada bu məsələyə fərqli mövqe sərgiləmisiniz. Bu mövqeyinizi açıqlaya bilərsiniz?

– Əslində, bir neçə il öncə bu qərar qəbul olunarkən mətbuata açıqlama vermişdik ki, bu, çirkli pulların yuyulması, maliyyə sabitliyinin təminatı adı altında aparılır, amma qanunun tətbiqində detallarla bağlı problemlər çıxacaq. Necə ki bu gün çıxır. Çünki elə məsələlər var ki, burada fermerlərin, iş adamlarının hüquqları, eyni zamanda mülkiyyət hüquqları da pozulur. Dövlət tələb edir ki, iş adamı satdığı məhsulun pulunu müəyyən müddət ərzində geri qaytarsın. Gömrük bəyannaməsi yazılarkən, məhsulun həcmi və qiyməti müəyyənləşdirilir. Məsələn, 10 ton pomidorun dəyəri 1000 dollar tutur. Amma bu pomidorun xarab olan, satılmayan hissəsi olur – bunların heç bir nəzərə alınmır. İş adamlarına məcbur edirlər ki, bəyannamədə nə qədər yazılıbsa, o qədər vəsaiti yenidən ölkəyə gətirsinlər. Bu da başqa bir problem yaradır. Tutaq ki, iş adamı Rusiyada pomidorunu satır, daha sonra orada ucuz mal tapır. Qazandığı pulu həmin ucuz mala verib, ölkəyə pul əvəzinə gətirmək istəyir. Baxmayaraq ki, burada qeyri-qanuni, qadağan olunmuş bir şey yoxdur, amma buna da icazə verilmir. Bu da insanların mülkiyyət hüququnu pozur. Bir şəxs pomidoru öz həyətində əkib-becəribsə və satıbsa, bu, artıq onun mülkiyyətidir. Ondan daxil olan vəsait üzərində də sərbəst şəkildə sərəncam vermək hüququ olmalıdır. Dövlət hansısa qeyri-qanuni mexanizmlərin qarşısını almaq istəyirsə, bunu anlayıram.

Çünki böyük məbləğlərdən söhbət gedəndə çox güman ki, orada hansısa maxinasiyalar olur. Amma məni narahat edən odur ki, hətta 40 min, 50 min, 60 min dollara görə açılan cinayət işləri var. Bu, doğru deyil. İkincisi, dövlət tərəfindən başqa alternativlər də təqdim edilməlidir. Məsələn, mən malımı satdım, vəsaitimi qazandım, həmin vəsaiti başqa mal alıb ölkəyə niyə gətirə bilmərəm?

– Beynəlxalq tərcübədə necə təznimlənir? Yəni dövlətlər ixrac etdiyi məhsulun dəyərinin ölkəsinə qaytarılması üçün hansı mexanizmlərdən istifadə edir?

– Avropa İttifaqı fərqli məkandır, ora ümumi bazardır. Orada mal və xidmətlər, pul dövriyyəsi sərbəstdir. Sərhəd, gömrük yoxdur, kim məhsulunu haraya istəyir satır, haradan istəyir alır. Amma Avropa Birliyindən kənar dövlətlərin ticarət əlaqələrinə baxanda, orada qarşılıqlı müqavilələrlə tənzimlənməsinə dair təcrübələr var. Məsələn, Türkiyənin Avropa Birliyi ilə gömrük, bank müqaviləsi var. Tutaq ki,Türkiyənin məşhur “Vestel” şirkəti Avropaya mal satır. Dövlət ondan tələb etmir ki, sən 50 milyon dollarlıq mal satmısansa, o vəsaitin hamısını ölkəyə gətirməlisən. Həmin vəsaitə avadanlıq, ehtiyat hissələri ala bilər, xarici maliyyə təşkilatlarından götürdüyü krediti bağlaya bilər. Yəni dövlət müəyyən qədər sərbəstlik tanıyır. Təki dövlətə aid olan məsələlər yerinə yetirilsin. Bu nə deməkdir? Gömrük rüsumu və vergisi vaxtında ödənilsin. Vətəndaşın dövlət qarşısında öhdəliyi vergidən və gömrük rüsumlarının ödənişindən keçir. Azərbaycanda kənd təsərrüfatı məhsullarının bir çoxuna ixrac rüsumları tətbiq edilmir. Amma gəlirinə vergi qoyula bilər. 1-2 faizlik vergi hesabına həm qeydiyyatı aparıla bilər, həm də əldə edilən vəsaitdən dövlət büdcəsinə daxilolmalar həyata keçirilə bilər. Bilirsiniz, burada çox hüquqi kazuslu səbəblər yaranır. Tutaq ki, mən avtomobilimi aparıb xaricdə sata bilərəmmi? Qanun satmağıma icazə verir. Amma mənə heç kim demir ki, o pulu ölkəyə gətir. Bəs pomidor satana niyə deyirlər ki, pulu ölkəyə gətir.

-Kənd təsərrüfatı sahəsinə dövlət subsidiya ayırır, güzəştlər tətbiq edir. Burada eyni zamanda ölkənin ərzaq təhlükəsizliyi məsələsi də gündəmə gəlir…

– Ölkənin ərzaq təhlükəsizliyi daxili bazara daha çox fokuslanıb…

-Daxili bazardan məhsul xaricə çıxarılırsa, o zaman dövlət bunu sorğulamamalıdır?

– Dövlət xarici ticarəti stimullaşdırır axı. Dövlət, əksinə istəyir ki, daha çox mal ixrac olunsun. İxracatdan da ölkəyə daha çox valyuta daxil olur. Bunu anlayıram, doğru siyasətdir. Bu istiqamətdə qanunvericilikdə bir problem yoxdur. Qanunvericilikdə mövcud olan problem odur ki, detallar tam araşdırılmadan, məsələyə tək yönümlü münasibət göstərilir. Mənim eşitdiyim bir hadisə var. Bir iş adamı ölkədən 2 tır mal çıxarıb, biri qəzaya uğrayıb və 40 tonluq malı zay olub. Məsələ burasındadır ki, gömrükdə baş verən zərərin də pulunu istəyirlər. Sata bilmədiyi məhsulun pulunu ölkəyə necə qaytarsın? Detallara daha yumşaq münasibət göstərilməlidir. Amma bizdə qanun hazırlanarkən belə detallar nəzərə alınmayıb. Ona görə də, ölkədən mal çıxardınsa, qəpiyinə qədər pulu ölkəyə gətirməlisən.

– Söylədiyiniz detallar qanunla necə tənzimlənməlidir?

-Bu proses müqavilələrlə tənzimlənə bilər. Azərbaycanda fermerlərin böyük əksəriyyəti kiçik fermerlərdir. Onların əksəriyyəti mallarını birbaşa bazara çıxara bilmir, ixrac edə bilmir. Çünki sərf eləmir. Ona görə də, belə kiçik sahibkarlar bir nəfərin adına rəsmiləşdirirlər, beləliklə, xırda-xırda məhsullar bir yerə toplanır. Həmin məhsulları adına rəsmiləşdirən şəxs isə malın pulunu cibindən bəribaşdan ödəyir. İndi ona deyirlər ki, sən o pulların hamısını gətir. Əvvəlcədən ödənişləri, yol xərcləri olub. Bir tırın Moskvaya çatması neçəyə başa gəlir? Bu xərclər də gəlirdən çıxılmalıdır axı. Əgər 50 min dollar pul qazanacaqsa, bəlkə də 10 min dollarını yola xərcləyəcək, yaxud başqa şeylərə. Yaxud da Rusiya ərazisizində rüşvət verməli olacaq. Tutaq ki, malını Rusiya gömrüyündə tutdular. İş adamı da 1000 dollar rüşvət verməli oldu ki, malını buraxdıra bilsin. Rusiya korrupsiya ilə məşhur ölkələrdən biridir. İndi iş adamı o 1000 dolları harada qeyd eləsin? Deyirlər, onu da gətir. Burada nüanslar var ki, qanunvericilikdə olan boşluqlara görə, fermerlər ciddi zərbə alır. Nəticə etibarı ilə bu proses çox sərt şəkildə davam etsə, bir müddətdən sonra fermerlər xarici ticarətdən imtina edəcəklər.

-Belə çıxır ki, proseslərin həbslərlə həlli kənd təsərrüfatı sektoruna mənfi təsirlər göstərəcək?

– Əlbəttə, ciddi şəkildə mənfi təsirləri olacaq. Bu təsirlər, əsasən, kiçik və orta fermerlərə göstərəcək. Böyük fermer təsərrüfatlarının, aqroparkların öz yolları var. Onların müqavilələri, həcmləri, dövriyyələri başqadır. İlk belə hadisə bir nəfərin adı ilə bağlı oldu. Gördülər ki, xarici ticarətdən buna çox böyük vəsait daxil olub. Yoxlayandan sonra məlum oldu ki, həmin şəxsin bu qədər torpağı, sahəsi yoxdur və o qədər məhsul sata bilməz. İndi bilinmir ki, bu, pul yuyulma əməliyyatı olub, yoxsa, mən dediyim kimi, məhsulları kiçik fermerlərdən toplayıb öz adına rəsmiləşdirərək xaricdə satıb. Yəqin ki istintaq zamanı bu məsələlər aydınlaşacaq. Dövlətin həssaslığını anlayıram. Amma nüanslar nəzərə alınmayanda kiçik və orta sahibkarlar kifayət qədər ciddi zərər görür, gələcəkdə bu sahədə məşğul olmaq istəyən fermerlərin həvəsi ölür.

-Nəyə görə bu məsələ məhz kənd təsərrüfatı məhsullarının ixracında aşkar olunub? Digər sahələrlə bağlı hələ ki bir açıqlama yoxdur.

– Çox gözəl bir sualdır. Azərbaycanda neft-kimya məhsullarının, gübrə ixracının həcmi on milyonlarla dollar təşkil edir. Bu sektorda hələ ki, belə hallara rast gəlməmişəm. Əsas kənd təsərrüfatı sahəsində rastlanıbsa, bu da sözügedən sektorda daha rahat üstünlüklərin olmasından irəli gəlir. Dövlətin subsidiyaları, güzəştləri var, ixracatda gömrük rüsumu ödənilmir. Hətta müəyyən təşviqedici addımlar var. Belə ki, bəzi kriteriyalara əməl etdikdən sonra idxal etdiyin məhsulun 3 faiz dəyərini geri ala bilərsən. Bəlkə bütün bu üstünlüklərdən irəli gəlir, dəqiq deyə bilmərəm. Müəyyən maxinasiyalara yönəlmələr də burada daha çoxdur. Say etibarı ilə on minlərlə insan bu işlə məşğul ola bilər, bu sahədə inhisarçılıq da yoxdur, kim istəsə məhsulunu aparıb sata bilər. Ola bilər bununla bağlıdır. Yenə təkrar edirəm, böyük məbləğlər şübhə yaradırsa, bu normaldır, o şübhələri aradan qaldırmaq üçün kifayət qədər ciddi işlər görülə bilər. Amma qurunun oduna yaş yanmamalıdır. Mən xəbərlərdə oxuyandakı 45 min, 60-70 min manata görə həbslər olub, bu artıq suallar yaradır ki, bu qədər vəsaitlə bu insanların nə günahları var.

– Xəbərlərdə bu sahibkarların çoxunun Rusiya bazarı ilə əlaqəsi olduğunu görürük. Rusiyaya qarşı sanksiyaların təsiri nə dərəcədə ola bilər? Bütün bunlar Rusiya bankları üzərindən köçürmələrin yaratdığı problemdən irəli gələ bilərmi?

– Bu da ciddi sualdır. Azərbaycanın 80 faiz kənd təsərrüfatı məhsulları Rusiyaya satılır. Tarixən bu belədir və belə də davam edəcək. Avropa bazarına çıxa bilmirik. Habelə, Ümumdünya Ticarət Təşkilatına üzv deyilik ki, başqa bazarlara daha rahat çıxaq. Son zamanlar ərəb ölkələrinin bazarları aktuallaşıb, ora az-çox məhsul çıxarılır, amma həcm olaraq Rusiya bazarına heç vaxt çatmayacaq. Çünki Rusiya bazarı ilə ənənələr var, əlaqələr var. Burada çox maraqlı məqam ondan ibarətdir ki, Rusiya sanksiya altında olduğuna görə pul köçürmələrində ciddi problemlər var. SWIFT sistemləri işləmir. Belə olan halda, əgər sahibkar malını nağd şəkildə satmağa məcbur olubsa, o pulu ölkəyə necə gətirməlidir? Nağd şəkildə gətirəndə də deyəcəklər qaçaqmalçılıqdır. Bu suallara dövlət tərəfindən aydın cavab verilməlidir. Qanunda bu kimi boşluqlar varsa, onlar aradan qaldırılmalıdır, insanlara demək lazımdır ki, qorxmayın, çəkinməyib, çox məhsul istehsal edin, çox pul qazanın. Bildiyimə görə, sahibkarlar bank köçürmələrində o qədər problemlərlə üzləşirlər ki, Qazaxıstan üzərindən rəsmiləşdirməyə məcbur qalırlar.

– Qazaxıstan üzərindən pul köçürmək mümkündür?

– Qazaxıstan Gömrük İttifaqının üzvü olduğuna görə Rusiya ilə daxili pul köçürmə sistemləri, “Mir” kartı və digər pul köçürmə alətləri var. İndi Qazaxıstan üzərindən pul köçürmə əməliyyatları fermerlərin, iş adamlarının xərcini artırır, gəlirlərinə mənfi təsir göstərir. Dövlətin həssasiyyətlə yanaşması anlaşılandır, amma hamını eyni tərəziyə qoymaq düzgün deyil.

– Əgər iş adamlarının pul köçürmələrinin sanksiyalarla bağlılığı varsa, bunu dövlət niyə nəzərə almır?

– Bilmirəm. Bu, mənim üçün də maraqlı sualdır. Çox istərdim ki, məhkəmə prosesləri başlayanda bu məsələylə bağlı daha ətraflı məlumatlar verilsin. Hətta vaxtım olarsa, məhkəmələrdə özüm də gedib iştirak edəcəyəm. Dövlət sirri deyil, gedib detalları ilə maraqlanardım, onlar nə günah işlədiblər. Əgər çirkli pulların yuyulması əməliyyatı deyilsə, xaricdə pulu leqallaşdırıb, digər ölkəyə köçürmə əməliyyatı deyilsə, yəni adi bir biznes əməliyyatıdırsa, o zaman cinayət işinin açılması doğru deyil. Cinayət işi və həbs ən son tədbirdir. Belə bir məsələdə iş adamlarının həmin dəqiqə həbs olunması doğru deyil. İstintaq altında olsunlar, onlar haqqında araşdırmalar aparılsın. Amma 50-60 min dollara görə iş adamlarını həbs edəndə başqa fermerlər bundan nə dərs çıxaracaq?

– Siz bildirdiniz ki, kənd təsərrüfatı məhsullarının ixracının 80 faizi Rusiya bazarı təşkil edir. Digər məhsullar üzrə də əsas bazar Rusiyadır. Belə olan halda bu sanksiyalardan sahibkarların az zərər görməsi üçün hökumət hansı addımları atmalıdır?

– Burada məsələni 2 yerə ayırmaq lazımdır. Kənd təsərrüfatı məhsullarına və dərman preparatlarına qarşı sanksiyalar yoxdur. Azərbaycan çox rahat şəkildə kənd təsərrüfatı mallarını, ərzaq məhsulları və dərman preparatlarını Rusiyaya sata bilər, oradan ala da bilər. Hətta bu gün Avropa Rusiyadan taxıl, ərzaq məhsulları alır. Əgər problem pul köçürmələrində yaranırsa, burada da Azərbaycan və Rusiya arasında xüsusi müqaviləyə ehtiyacı var. Bir rezident bank seçilə bilər. Rusiyada fəaliyyət göstərən yüzlərlə bank var və onların hamısına sanksiya tətbiq olunmayıb. Sanksiya altında olmayan banklardan biri müvəkkil bank seçilə və onlar arasında ikitərəfli müqavilə bağlana bilər. Bütün ödənişlər qarşılıqlı təsdiq yolu ilə pul köçürmələrini həyata keçirmək mümkündür. Bu prosesi beynəlxalq sanksiyaları zədələmir. Amma burada da bir infrastruktur yoxdur, hamısı qalıb vətəndaşın, fermerin boynuna. Bunun qəzası var, fors-major durumları var, məhsulun bir hissəsinin xarab olması var. Hətta mediada bir keysə rast gəldim. Vətəndaş 60 min dollar gətirməliymiş, amma 54 min dollar daxil olub, 6 minə görə adamı saxlayıblar. İndi nə etsin, cibindən aparıb 6 min dollar hesaba pul qoysun? Buna yol vermək olmaz. Belə hallar fermerlərin fəaliyyətinə maneələr yaradır.

– Prosesin şəffaflaşması, həm fermerin, həm də dövlətin zərər görməməsi üçün nə təklif edərdiniz?

– Birincisi, qanunvercilikdə olan sərt qaydalar yumşaldılmalıdır…

– Hansı sərt qaydalar?

– Qanunvericilikdə nəzərdə tutulub ki, mütləq apardığını mütləq geri tam gətirməlidir. Bu “mütləq” sözünü başqa maddələrlə əvəz etmək lazımdır ki, yerli xüsusiyyətlər nəzərə alınsın. İkincisi, Azərbaycanın ən böyük ticarət tərəfdaşı olan Rusiya ilə rezident bankın seçilməsi və dövlətlərarası müqavilə ilə bunun tənzimlənməsi olmalıdır. İş adamı rahat olmalıdır ki, malını sata bildisə, pulunu rahat köçürə biləcək. Üçüncüsü, dövlət imkan yaratmalıdır ki, fermer malını satanda onun əvəzinə yalnız pul deyil, digər məhsul alıb gətirə bilsin. Məsələn, fermerə traktor lazımdır və bu, Rusiyada Azərbaycana nisbətən ucuzdur. Yeri gəlmişkən, kənd təsərrüfatı avadanlıqlarına gömrük rüsumu yoxdur. Niyə fermerin, iş adamının əlindəki pulla ucuz avadanlıq alıb gətirməsinə imkanı yaradılmamalıdır?

Bu üç qaydanı hökumət həyat keçirsə, bu sahədə olan problemlərin böyük əksəriyyətini çözmək olar. Fermerlərə də qol-qanad gələr və daha çox mal-məhsul ixrac edə bilərlər. Azərbaycanın ixracatı çox deyil. Kənd təsərrüfatı sektorundan il ərzində gələn gəliri 600 milyon dollar civarındadır. Türkiyənin balaca bir bölgəsində, təkcə Antalyada milyard yarımdır…

– Həmçinin nəzərə alsaq ki, əsas ixrac etdiyimiz qeyri-neft məhsulu kənd təsərrüfatı məhsullarıdır…

– Bəli, Azərbaycanın potensialında olan da odur. Çünki işğaldan azad olunmuş torpaqlarda gələcəkdə daha çox məhsul yetişdirəcəyik. Xarici bazarı stimullaşdırmasaq, nə baş verəcək? Qanunvericilikdə olan boşluqlar, sərtləşdirici addımlar mütləq aradan qaldırılmalıdır.

Gununsesi.info












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.