Arvadını mühasib, qardaşı oğlunu müavin təyin etdi - Sabiq sədrə elektron qolbaq taxıldı

Bu gün, 18:08           
Arvadını mühasib, qardaşı oğlunu müavin təyin etdi - Sabiq sədrə elektron qolbaq taxıldı
Orta məktəbi bitirməyən arvadını mühasib, qardaşı oğlunu özünə müavin təyin edən Daşkəsən rayonu, Çovdar bələdiyyəsinin sabiq sədri, 1963-cü il təvəllüdlü Şakir Ataxanova hökm oxunub.

Qaynarinfo-nun məlumatına görə, məhkəmədə sabiq bələdiyyə sədrinin Cinayət Məcəlləsinin 179.2.2, 179.2.3,179.2.4, 308.1 və 313-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə baxılıb.

Ədliyyə Nazirliyi tərəfindən aparılan yoxlama zamanı məlum olub ki, Şakir Ataxanov qanuna zidd olaraq tam orta təhsili olmayan həyat yoldaşına bələdiyyə qulluqçusu statusu alıb. Təqsirləndirilən şəxs həyat yoldaşını 2013-cü ildən 2023-cü ilə kimi Çovdar bələdiyyəsində mühasib kimi çalışdırıb. Təkcə 2020-2023-cü illər ərzində 63 yaşlı bələdiyyə sədri Şəlalə adlı xanımının adına 15378.90 manat əmək haqqı ödəyib.

Şakir Ataxanov başqa bir müəssisədə operator vəzifəsində işləyən qardaşı oğlu Ramilin özünə müavin seçilməsinə şərait yaratmaqla 2021-2023-cü illər ərzində bələdiyyə büdcəsindən onun adına 10188.90 manat məbləğində əmək haqqı ödəyib.

Bundan başqa, o, Daşkəsən rayonu, Çovdar bələdiyyəsinin sədri olaraq bələdiyyənin fəaliyyətinin təşkil edilməsi və digər səlahiyyətlərə malik təşkilati sərəncamverici və inzibati-təsərrüfat funksiyalarını yerinə yetirən vəzifəli şəxs kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq məsafeyinə qəsdən zidd olaraq istifadə edərək bələdiyyənin yerli gəlirlərini öz adına olan əməkhaqqı kartına köçürülməsini təmin edib.

Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən yerli büdcədən əmək haqlarına ayırmaların ümumi büdcənin 50 faizindən çox ola bilmədiyi halda, 2019-2023-cü illərdə ümumilikdə 38.091,54 manat məbləğində əmək haqqının ayrılmasını təmin etməklə israfçılığa yol verməklə yanaşı, yerli özünüidaretmə fəaliyyəti düzgün təşkil etməyərək vəzifə öhdəliklərini yerinə yetirməmiş, bələdiyyənin hüquqları və qanuni mənafelərinə mühüm ziyan vurulmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə edib.

Şakir Ataxanov həyat yoldaşı Şəlalə ilə birgə digər nümayəndələrin iştirakı olmadan Çovdar bələdiyyəsinin adından qərar verib.

Bələdiyyə sədri məhkəmədə ittiham üzrə özünü qismən təqsirli bilərək deyib ki, bələdiyyə üzvlərini dəfələrlə iclaslarla çağırmasına baxmayaraq, iclaslarda iştirak etməyiblər. Çovdar bələdiyyəsinin möhür, ştamp və bank hesabı bələdiyyə sədri kimi onda olub. Buna görə də onların yerinə imza atmaqla rəhbərlik etdiyi bələdiyyədə işlər aparıb. Təqsirləndirilən şəxs qanunvericiliyin tələblərini bilmədiyi üçün bələdiyyə üzvü olduğu halda həyat yoldaşını mühasib kimi işə qəbul etdiyini də bildirib.

Məhkəmənin qərarı ilə Şakir Ataxanov 2 il 6 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib. Ona Goranboy rayon Goran qəsəbəsində yerləşən yaşayış evini gecə saat 24:00-dan səhər saat 06:00-dək tərk etməmək, üzərində elektron nəzarət vasitəsini gəzdirmək vəzifəsi qoyulub.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.