"Paşinyanın vaxt uzatmaq və ya vaxt "qazanmaq"la təxribata hazırlıq cəhdi Ermənistana təhlükə yaradır"

Bu gün, 00:12           
"Paşinyanın vaxt uzatmaq və ya vaxt "qazanmaq"la təxribata hazırlıq cəhdi Ermənistana təhlükə yaradır"
“Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan, "Ermənistan heç bir ölkə ilə silahlanma yarışında deyil" deyib. Paşinyan və erməni siyasi rəhbərliyi çox şey deyə bilər. Lakin əvvəlcə bunların əməllərinə fikir vermək lazımdır. Çünki Ermənistan, son illər xüsusilə 44 günlük müharibə sonrası çox sürətli şəkildə silahlanır. Bundan əvvəl də bunu etdilər və nəticəsini gördük. Rusiya Federasiyası tərəfindən 1 milyard dollarlıq silah Ermənistana verildi və Azərbaycan Respublikasının ərazi bütövlüyünə qarşı ərazi işğalı törədildi. 44 günlük müharibə Ermənistan ordusunun belini qırdı və hələ də tam toparlana bilməyiblər”.
Bu barədə Bizimyol.info xəbər portalına Milli Məclisin deputatı Elşad Musayev danışıb. Deputat qeyd edib ki, Ermənistan müdafiə yox, hücum silahları almağa davam edir və təbii ki, bu silahlar açıq-aşkar Azərbaycan ordusuna, ölkə əraizisinə hücum məqsədilə istifadə üçün nəzərdə tutulub.

“Göz qabağındadır ki, Ermənistan verdiyi sözə əməl etmir, Ermənistan üzərinə götürdüyü öhədlikləri yerinə yetirmir. Ermənistan Respublikası sadəcə vaxt uzatmaq üçün çabalayır. Çünki Ermənistan hazırda Azərbaycan Respublikasının beynəlxalq hüquqa uyğun təkliflərini qəbul etmir, prosesi süründürməçiliyə salır, vaxt uzadır və gündəmi dəyişməklə məşğul olur. Nə kommunikasiya xətlərinin bərpası üçün, nə də sülh müqaviləsinin bağlanması üçün Ermənistan heç bir addım atmır. Eyni zamanda Türkiyə və Azərbaycan Respublikaları ilə münasibətlərin normallaşması üçün ortada konkret fəaliyyət yoxdur. Paşinyan açıq-aşkar vaxt uzatmağa və ya vaxt qazanmağa çalışır. Paşinyan, bu situasiyanı müəyyən qədər davam etdirmək üçün əlindən gələni edir. 2026-cı ilə qədər status-kvonu saxlamaq istəyir. Çünki o zaman parlament seçkiləri olacaq. Parlament seçkilərinə qədər vəziyyəti belə saxlamaq lazımdır”-deyə Elşad Musayev qeyd edib.

Deputat vurğulayıb ki, Ermənistanın əsas düşmən kimi gördüyü ölkələr Azərbaycan və Türkiyədir.

“Vaxtilə Ermənistan Gürcüstana qarşı da ərazi iddiası var idi. Bu gün Ermənistan zəiflədiyi üçün bu məsələni gündəmə gətirmir. Əgər Ermənistan güclənərsə, təbii ki, o iddiaları da davam etdirəcək. Amma dövr, zaman dəyişir. Ermənistanın bu iddialarının heç bir əsası yoxdur.

Ermənistanın keçmiş müdafiə nazirinin bir müsahibəsinə diqqət yetirdim. O da "başından böyük" iddialarla çıxış edib. Ermənistan Azərbaycan və Türkiyənin beynəlxalq hüquqa çərçivəsində irəli sürdüyü şərtləri qəbul etməyə məcburdur. Başqa çıxış yolu yoxdur. Əgər təxribata və silahlanmaya gedəcəksə, o zaman Ermənistan öz dövlətçiliyini itirməklə üz-üzə qalacaq”-deyə Elşad Musayev əlavə edib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.