Tramp Arktikadan Ukraynadakı münaqişəyə son qoymaq üçün istifadə edə bilər
Bu gün, 17:38
ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Tramp Arktika zonasının və Şimal Dəniz Yolunun (ŞDY) inkişaf amilindən istifadə edərək, onu Ukrayna münaqişəsinin həlli üçün öz sülh planına daxil edə bilər.
Oxu.Az xəbər verir ki, bu fikir "Responsible Statecraft" portalının materialında yer alıb.
Nəşrdə qeyd olunur ki, Tramp danışıqlar zamanı Rusiyanın Arktika zonasının iqtisadi potensialının açılmasında maraqlı olmasından istifadə edə bilər. Portal Şimal Dəniz Yolundan sanksiyaların aradan qaldırılması və Qərb gəmiçilik şirkətlərini bu nəqliyyat dəhlizindən istifadə etməyə təşviq etməyin vacibliyini vurğulayır. Bildirilir ki, plan Rusiya lideri Vladimir Putinin diqqətini cəlb edəcək, həmçinin Çindən dəstək görəcək və Skandinaviya dövlətləri, Cənubi Koreya və Yaponiya üçün faydalı ola bilər.
Eyni zamanda, qeyd olunur ki, sövdələşmənin bir hissəsi ŞDY-dən əldə edilən mənfəətin kiçik bir hissəsinin, məsələn, 5%-in növbəti əlli il ərzində münaqişə zamanı dağılmış Ukrayna infrastrukturunun bərpası üçün istifadə edilməsi şərti olmalıdır. Həmçinin bildirilir ki, sülhün bərqərar olması üçün əsas problem Şərqi Avropada gələcək təhlükəsizlik arxitekturası və münaqişə zonasında qüvvələrin bölünməsi kimi mürəkkəb məsələlər olacaq.