Azərbaycanlı milyarder Heydər Əliyevə hücumlara görə qisas alacaq
31-08-2015, 21:01
Sankt-Peterburqdakı Azərbaycan diasporunun fəalları Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevə qarşı çirkin təbliğat kampaniyasına biganə qalmayacaq. Ermənilərin pulu üstündə oturan Viktor Aleksandrovun bu hücumları cavabsız qalmayacaq.
Bunu Rusiyanın şimal paytaxtında yaşayan azərbaycanlı milyarder, yerli azərbaycanlı icmasının lideri, Sankt-Peterburq Baş Daxili İşlər İdarəsi yanında İctimai Şuranın üzvü Vaqif Məmişov deyib.
V.Məmişov Azərbaycan xalqına, dövlətinə və onun liderinə qarşı bu təxribatlara qarşı şəxsən çıxacağını və təşkilatçıların buna görə cavab verəcəklərini vəd edir: “Bu, açıq-aydın təxribatdır. Özü də Sankt-Peterburqun qubernatoru Georgi Poltavçenkonun Azərbaycana çoxdan gözlənilən və sentyabrın 30-da baş tutması planlaşdırılan səfəri ərəfəsində. Mən şəhərin azərbaycanlı icmasının rəhbəri kimi Sankt-Peterburq Baş Daxili İşlər İdarəsinə şəxsən müraciət edəcəyəm. Belə təxribatçı vərəqələri yayanların tapılıb ağır şəkildə cəzalandırılmasını tələb edəcəyəm. Onu da deyim ki, bu çirkin kampaniyanın təşəbbüskarları niyyətlərinə çata bilməyəcəklər. Çünki Heydər Əliyev dünya miqyaslı şəxsiyyətdir. Rusiyada ona məhəbbət və ehtiramla yanaşırlar. Heydər Əliyevin şərəfinə xatirə lövhəsi vurulması Sankt-Peterburq hökumətinin qərarıdır”.
Azərbaycanın Sankt-Peterburqdakı Baş Konsulluğundan isə bildirdilər ki, şəhər küçələrində antiazərbaycan məzmunlu vərəqələrin peyda olması aşkar təxribatdır.
Baş Konsulluq bununla əlaqədar artıq Sankt-Peterburq Baş Daxili İşlər İdarəsinə, Rusiya DİN-in Peterburqdakı nümayəndəliyinə və şəhər rəhbərliyinə müraciət edərək V.Aleksandrovu millətlərarası ədavəti qızışdırmağa görə məsuliyyətə cəlb etməyə çağırıb.
Qeyd edək ki, bir neçə gün öncə Rusiyanın Sankt-Peterburq şəhərində yerli ermənilər tərəfindən Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev əleyhinə təbliğat aparılmağa başlanıb.
Xəbər verildiyi kimi, şəhərin əksər küçələrində Azərbaycanın sabiq prezidentinin ünvanına təhqir dolu vərəqələr peyda olub.
Bu təbliğat kampaniyasının təşkilatçıları Sankt-Peterburq şəhəri rəhbərliyindən 2005-ci ildə Qoroxovaya küçəsində Heydər Əliyevin şərəfinə qoyulmuş xatirə lövhəsini yığışdırmağı tələb edirlər.
İnternetdə bu anti-Əliyev kampaniyasının ən qatı və çılğın tərəfdarlarından biri DİN-in istefada olan zabiti və erməni icmasının fəal üzvlərindən sayılan Viktor Aleksandrov adlı bir mayordur.
V.Aleksandrov və həmfikirləri həm internetdə, həm də Piter küçələrində açıq çağırışlarla çıxış edərək Heydər Əliyevin şərəfinə vurulmuş xatirə lövhəsini sökməyi və aprelin 24-nün (uydurma “erməni soyqırımı”nın) Sankt-Peterburqada matəm günü kimi qeyd olunmasını tələb edirlər/virtualaz.org/.