İŞİD Şimali Qafqaza yerləşir?

28-04-2018, 09:57           
İŞİD Şimali Qafqaza yerləşir?
Rusiyanın başı üzərində terror təhdidinin azalmamasının səbəbləri

Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) son günlərdə Dağıstan, Tatarıstan, Stavropolda, Omsk və Ulyanovsk vilayətlərində 12 bandit və 14 terrorçunu zərərsizləşdirib. Bu barədə “Sputnik” məlumat yayıb. İŞİD üzvü olduğu deyilən silahlılar Rusiya hüquq-mühafizə orqanlarına hücuma hazırlaşırmış.

Agentliyin məlumatına görə, FTX rəhbəri Aleksandr Bortnikov bildirib ki, ötən il 25 terror aktının qarşısını alıblar, 4 terror aktı isə həyata keçirilib. Bu ilin 4 ayə ərzində 6 terror aktı hazırlayan 12 banda zərərsizləşdirilib, 189 terrorçu tutulub, 15 nəfər məhv edilib.

Qeyd edək ki, İŞİD-in ən çox fəal olduğu bölgələrdən biri də post-sovet məkanı, o cümlədən Rusiyadır. Təsadüfi deyil ki, terror təşkilatının İraq və Suriyada fəaliyyət göstərən qeyri-qanuni silahlı qruplarında ən çox gəlmə döyüşçülər sırasında Tunis (3 min nəfər - K.R.) və Səudiyyə Ərəbistanı (2500 nəfər - K.R.) ilə yanaşı 3 min nəfərə yaxın Rusiya vətəndaşları da var. İŞİD-in ən əsas əməliyyatlara qatılan döyüşçüləri də məhz Rusiyadan, Şimali Qafqazdan olan silahlılar olub.

Bundan başqa 2015-ci ildə İŞİD terror qruplaşması Rusiyanın Çeçenistan, İnquşetiya, Dağıstan və Kabardin-Balkar federal subyektlərini əhatə edən “Qafqaz Əmirliyi”ni elan edib. Şimali Qafqazda fəaliyyət göstərən silahlıların bir qismi tam heyətdə İŞİD və onun lideri Əbubəkr əl-Bağdadiyə sədaqət andı içiblər. Bununla bağlı 2015-ci il iyunun 21-də internet saytlarında video yayınlanıb.

Vaxtaşırı olaraq Rusiya hüquq-mühafizə orqanları İŞİD-in Rusiyada fəaliyyət göstərən üzvlərinə qarşı əməliyyat tədbirləri həyata keçirir. 2016-cı ilin dekabrında Rusiya FTX əməliyyatçıları Dağıstanın paytaxtı Mahaçkala şəhərində İŞİD-in “Qafqaz Əmirliyi”nin komandiri Rustan Maqomedoviç Aselderov və onunla birlikdə olan daha 4 terrorçunu məhv edib.

İŞİD də xüsusən son 4 ildə “bekar” dayanmayıb. Rusiyanın müxtəlif regionlarında, o cümlədən Moskva, Sankt Peterburq şəhərlərində terror aktı həyata keçirib və ya hazırlayarkən ifşa olunub. Ən çox terror hücumları isə daha əsasən Şimali Qafqaz və bura yaxın ərazilərdə baş verib. ötən ilin martında Dağıstanın Mahaçqala şəhəri yaxınlığında Rusiya Daxili İşlər Nazirliyinin avtomobil karvanının partladılması İŞİD tərəfindən həyata keçirilib. Hücumu qruplaşmanın yerli tərəfdarları həyata keçirib.


Bundan başqa ötən il aprelin 3-də Sankt-Peterburq metrosunda 11 nəfərin ölümü, 51 nəfərin yaralanması ilə nəticələnən terror aktını da İŞİD törədib. Bundan başqa Sankt Peterburq şəhərində yerləşən “Perekryostok” supermarketində törədilən terror aktının məsuliyyətini İŞİD öz üzərinə götürüb. Ötən ilin avqustunda isə xüsusi xidmət orqanları Moskvada özünü partlatmağa hazırlaşan İŞİD üzvünü zərərsizləşdirib.

Ümumiyyətlə isə həm Suriyadakı fəaliyyəti, həm də Şimali Qafqazdakı fəaliyyətlərinə görə Rusiya uzun zamandır İŞİD-in əsas hədəfində olan ölkələrdən biridir. Bir sıra müşahidəçilərə görə, Putinin Suriyada hərbi əməliyyatlara qatılmaqla bağlı qərarında Şimali Qafqazda terrorun yenidən baş qaldırması təhlükəsi olub. Çünki aydın məsələ idi ki, Şimali Qafqazda xüsusən də “ərəb baharı”nın ilk dönəmində silahlı qrupların fəallığı müşahidə olunurdu. 2000-ci illərin əvvəllərində Rusiyanın ciddi güc tətbiq etməklə yatırdığı Şimali Qafqazdakı silahlı ayaqlanmaların yenidən baş qaldırması təhlükəsi vardı. Bir mənada Şimali Qafqazda silahlıları tamamilə yox etmək Rusiyaya heç zaman müyəssər olmadı. Bu səbəbdən də Şimali Qafqazdakı radikalların İraq və Suriyaya axışması Rusiya rəhbərliyi üçün əlverişli oldu.

Ancaq aydın məsələ idi ki, müharibənin kəskin dövrü və ya uğurlu mərhələsi başa çatdıqdan sonra silahlıların yenidən Şimali Qafqaz meşələrinə qayıdıb ruslara qarşı daha böyük təcrübə və güclə savaşması gözlənilirdi. Putinin Suriyaya ordu göndərərək islamçı silahlıları sözün çılpaq mənasında yox etməyə başlaması məhz bununla bağlı idi. Rusiya aviasiyası Suriyanın müxtəlif bölgələrində minlərlə silahlı militanı məhv etdi. Bu səbəbdən də daha uzun zaman tab gətirə bilməyən İŞİD-in süqutu tezləşdi və Şimali Qafqazda fəallaşa bilmədi. Elan olunan “Qafqaz Əmirliyi” isə ciddi fəaliyyət göstərə bilmədi. Ancaq tamamilə boş da dayanmadılar.

Ancaq aydın məsələdir ki, Şimali Qafqaz Rusiyanın hər an alışa bilən “barıt çəlləyidir”. Üstəlik Yaxın Şərqdə aktiv hərbi-siyasi gücə çevrilən və Qərblə açıq savaşan Rusiyanın “axilles dabanı”nı düşmənləri də yaxşı bilir. Maraqlıdır ki, İŞİD-in İraq və Suriyadan başqa Filippin, Əfqanıstan, Pakistan, Yəmən, Misir, Nigeriya, Liviya kimi ölkələrdə və Rusiyada “basdırılmış minaları” var. Bu “əmirliklərin” hər biri hər an partlaya biləcək bir “barıt çəlləyidir”. Putin də bunu yaxşı anlayır və Rusiya xüsusi xidmət orqanları ilk növbədə Şimali Qafqazda silahlı hərəkətliliyə anında və sərt şəkildə reaksiya verirlər. ancaq bu, təhlükə riskinin qalmadığını deməyə əsas vermir, əksinə, Rusiya-Qərb toqquşması davam etdikcə, bu risk də qalacaq.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.