Sərdar Cəlaloğlu xahiş etdi ki, hakimiyyət mənə aylıq pul verir…

8-09-2018, 22:31           
Sərdar Cəlaloğlu xahiş etdi ki, hakimiyyət mənə aylıq pul verir…
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədr müavini Niyaməddin Orduxanlı Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu haqqında sensassion sayıla biləcək fikirlər səsləndirib.

Partiya rəsmisi “Hürriyyət”-ə açıqlamasında bildirib ki, ötən əsrin 90-cı illərinin əvvəllərində Sərdar Cəlaloğlu Naxçıvanda PKK terrorçuları ilə gizli görüş keçirib:

“Bu görüş faktdır, heç kəs onu dana bilməz. Hətta, sonradan Sərdar Cəlaloğlu həmin görüşün olduğunu özü də etiraf edib.

Təsəvvür edin ki, Sərdar Cəlaloğlu PKK terrorçuları ilə görüş keçirir, sonra da bunun normal olduğunu söyləyir. 30 ildən çoxdur ki, Türkiyə dövlətinə qarşı separatçılıq aparan PKK rəhbərləri ilə görüşüb nədən söhbət etmək olar

Sərdar Cəlaloğlunun bu hərəkətini Azərbaycan-Türkiyə qardaşlığına xəyanət hesab edirəm. Bu cür addımlar Türk dünyasında heç zaman yaxşı qarşılana bilməz”.

N.Orduxanlı deyib ki, Sərdar Cəlaloğlunun İran dövləti ilə də gizli əlaqələri olub:

“Bir neçə il öncə Sərdar Cəlaloğlunun İran səfiri ilə gizli görüşünü əks etdirən fotolar “Yeni Müsavat” qəzetində də yayımlanmışdı. Kimsə sual verə bilər ki, partiya sədrinin İran səfirliyinə getməsində nə qəbahət ola bilər?

Təbii ki, partiya sədrinin səfirlə görüşməsi qəbahət deyil. Ancaq bu görüşün gizli şəkildə olması şübhələr doğurur. Bilirsiniz ki, İranın molla rejimi uzun illərdən bəri Azərbaycanın bütövlüyünə qarşı fəaliyyət göstərir.

Bu gün konkret faktlar var ki, işğalçı Ermənistana Rusiyadan sonra ən çox yardım göstərən dövlət İrandır. Belə bir ölkənin səfiri ilə gizli görüşmək yaxşı hal ola bilməz.

Səhv etmirəmsə, Sərdar Cəlaloğlu bu yaxınlarda da İranda səfərdə olub. Düşünürəm ki, Azərbaycanın hüquq-mühafizə orqanları Sərdar Cəlaloğlunun əməllərində konkret olaraq Azərbaycan dövlətçiliyi və milli maraqları əleyhinə hər hansı fəaliyyəti varsa, bunu mütləq araşdırmalıdır”.

N.Orduxanlı qeyd edib ki, Sərdar Cəlaloğlunun Londonda Azərbaycan əleyhinə kampaniya aparan qardaşı Qurban Məmmədovla əlaqələrinin hazırda da davam etməsi istisna deyil:

“Yaxşı yadımdadır ki, Azərbaycanda keçirilən son prezident seçkiləri zamanı Qurban Məmmədov internet vasitəsilə qardaşı Sərdar Cəlaloğlunu özünün ağsaqqalı elan etmişdi. Mən bunun canlı şahidi olmuşam. Hər halda bunlar qardaşdır və bunu özləri də inkar etmirlər. Ancaq mən hər hansı şəxsin siyasi fəaliyyətinə görə onun qardaşı məsuliyyət daşıya bilməz”.

Partiya rəsmisi bildirib ki, Sərdar Cəlaloğlu hökumətdən maliyyə aldığını özü də etiraf edib:

“Bir dəfə Sərdar Cəlaloğlu gəlib Qüdrət Həsənquliyevdən xahiş etdi ki, Azərbaycan hakimiyyəti mənə aylıq pul verir, ancaq onun hamısının mənə çatdığını dəqiq bilmək istəyirəm.

Görünür, Sərdar Cəlaloğlu onun üçün ayrılan pulun hamısının ona çatmadığından şübhə edirdi. Ona görə də bu məsələnin araşdırılması üçün Qüdrət bəydən xahiş etmişdi.

Əslində, həmin vaxtı Sərdar Cəlaloğlu hökumətdən maliyyə alan partiya sədri kimi özünü ifşa etmişdi”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.