Tahir Məmmədov Şamaxını Qasımovların əsarətindən qurtara biləcəkmi?
22-11-2018, 07:35

Oktyabr ayının sonunda Prezident İlham Əliyev Şamaxı rayon İcra Hakimiyyətində dəyişiklik etdi. 2013- 1018 – ci illərdə bu rayona başçılıq etmiş Asif Ağayev fəaliyyətini artıq Beyləqanda davam etdirməli olacaq. Şamaxı rayonuna isə yeni təyin olunmuş Tahir Məmmədov başçılıq edəcək.Tahir Məmmədov Şamaxı ictimaiyyəti üçün tanış sima olmasa da, artıq şamaxılıların ümid yeridir. İndi şamaxılılar səbrsizliklə o günü gözləyirlər. Maraqlıdır, hansı günü? Şamaxı rayon İcra Hakimiyyəti başçısının birinci müavini, uzun illərdir bu posta yiyələnmiş, Şamaxı rayon İcra Hakimiyyətinin başçısı olmaq arzusu ilə başçılar qarşılayıb, başçılar yolan salan Qasım Qasımovun nəhayət işdən azad olunacağı günü.
Qeyd etdiyimiz kimi Qasım Qasımov uzun illərdir ki, Şamaxı rayon İcra Hakimiyyəti başçısının müavini vəzifəsində çalışır. Bu müddət ərzində o özunə kifayət qədər güc toplayaraq Şamaxının qeyri leqal İcra başçısı statusuna sahib ola bilmişdi. Əsasən də Asif Ağayevin bu rayona başçılıq etdiyi dönəmdə Qasım Qasımovun hökmranlığı pik həddinə çatmışdı. Qasım Qasımovun Şamaxı sakinlərini zara gətirmələri haqqında dövrü mətbuatda vaxtaşırı dərc olunmuş məqalələri də buna əyani bir sübut kimi göstərmək olar.Təbiəti etibarilə sakit insan olan sabiq başçı Qasım Qasımovun hegemonluğu qarşısında aciz qaldığını məclislərin birində yaxın ətrafına etiraf da edibmiş. Siyasi mənsubiyyətindən kifayət qədər yazılmış, 1995-ci il Milli Məclisə seçkilərdən sonra “Günay” qəzetinə Heydər Əliyev hakimiyyətinin Şamaxıda seçkiləri saxtalaşdırması ilə bağlı geniş müsahibə vermiş Qasım Qasımovla vaxtı ilə Asif Məmmədov da bacara bilməmişdi. Görəsən bəs Tahir Məmmədov necə, Şamaxıda Qasım Qasımov kabusunun qarşısını ala biləcəkmi?
Yazının başlığından da görsəndiyi kimi Şamaxı bir Qasımovun deyil, iki Qasımovun əlindədir. İkinci Qasımov isə birincisi ilə qohumluq telləri olan, Şamaxı rayon İcra Hakimiyyəti başçısının Şamaxı şəhəri üzrə İcra nümayəndəliyinə rəhbərlik edən Şahnəzər Qasımovdur. Adıçəkilən bu şəxs Qasım Qasımovun Şamaxıda vəzifə başına gətirdiyi onlarla qohumlarından biridir. Əsasən Şamaxı şəhərində yeni tikililərə cavabdehliyi ilə tanınır. Məlum olduğu kimi son dövrlər imkanlı şəxslərin tez tez ayaq açdığı Şamaxı təbiətinə, təmiz havasına görə seçilən bir yerdir. Paytaxta yaxın olduğuna görə buraya üz tutan, burada mülk sahibi olmaq istəyən imkanlı şəxslərin də sayı çoxalıb. Burada mülk sahibi olmaq istəyənlər mütləq Şahnəzər Qasımovun kabinetindən keçməli olurlar. Şahnəzər Qasımov Şamaxıda yeni istifadəyə verilən iaşə obyektlərinə də, mağazalara da sərəncam verir. Onun imzası olmasa Şamaxıda heç kim daş üstünə daş belə qoya bilmir. Amma buna baxmayaraq özünün ticarət obyektlərinin, mülklərinin sayını artırmaqda davam edir. Deyilənlərə görə Şahnəzər Qasımov paytaxtda da bir neçə obyektə, evlərə sahibdir. Bütün bunlara isə o, quru maaşla deyil, Şamaxıda sözügedən vəzifəyə təyin olunduqdan sonra əldə etdiyi çirkli pullar hesabına nail olub. Əhali arasında rüşvətxor bir məmur kimi ad şıxarməş Şahnəzər Qasımova bəs görəsən dövlət qulluğunda fərqləndiyinə görə “Tərəqqi” medalı hansı xidmətlərinə görə verilib. Şamaxıda onu tanıyanlar bu gün məhz bu suala cavab tapmaqda baş sındırırlar. Bu sualın cavabı isə bizdədi.
Uzun illərdir şamaxılılara qənim kəsilmiş Qasımovlar üçün bu günlər çox ağır keçməkdədir. Onların qapısını Tahir Məmmədov küləyi hər an döyə bilər.Bu külək onları aparası olsa, Qasımovların işi mütləq araşdırılacaq, necə ki, bir çox işdən çıxarılmışların işi hazırda araşdırıldığı kimi. Görəsən onda Qasımovlar şamaxılıların qəzəbindən qurtula biləcəklərmi?
Aktualinfo.org