“ƏMƏK PENSİYALARI HAQQINDA “ QANUNUN TƏLƏBLƏRİ DÜZGÜN TƏTBİQ EDİLMİR
29-11-2018, 08:12

“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa edilən dəyişikliyə əsasən 2017 -ci ilin iyulun 1-dən başlayaraq, kişilərin yaşa görə əmək pensiyası təminatı hüququ 2021 -ci ilə kimi ,qadınlarınkı isə 2027 -ci ilə kimi hər il 6 ay artırılır. Bu hesabla bu ilin pensiya hüququ verən yaş həddi kişilər üçün 63, 5 , qadınlar üçün 60, 5 il təşkil edir. Yəni 2018 -ci ildə 63, 5 yaşı olan kişilərin, 60,5 yaşı olan qadınların yaşa pensiya ilə təmin olunmaq hüququ vardır. İlk baxışdan hər şey çox sadədir: yaşın bu göstərilən tələbi ödəyirsə , pensiya təyin edən dövlət qurumu pensiyanı hesablamağa borcludur. Di gəl, hər şey göründüyü kimi sadə deyilmiş...
Heç demə, göstərilən yaş həddi hər ilin 1 iyuluna kimi tamam olmalıdır. Başqa sözlə, məsələn, bu ilin iyulun 1-ə kimi 63, 5 yaşı tamam olmayan kişilərə və 60, 5 yaşı tamam olmayan qadınlara pensiya təyin olunmasına qanunvericilik yol vermir. Qanunvericiliyə edilən dəyişikliyi bir neçə dəfə diqqətdən keçirsək də, konkret olaraq hər ilin 1 iyuluna kimi yaş həddinin tamam olması barədə müddəaya rast gəlmədik. “Əmək pensiyaları haqqında” qanunun 7 -ci (“Yaşa görə əmək pensiyasının təyin edilməsi şərtləri”) maddəsində qeyd edilib ki, ... kişilərin yaş həddi 2017- ci ilin iyulun 1- indən başlayaraq 2021 -ci ilin iyulun 1-inədək , qadınların yaş həddi 2017 -ci ilin iyulun 1-indən 2027 -ci ilin iyulun 1-inədək hər il 6 ay artırılır. Burada konkret hər ilin iyulun 1-inədək yaş həddinin tamam olması göstərilməyib. Di gəl, pensiya təyin edən orqanın təmsilçiləri qanunu belə təfsir edirlər ki, pensiya hüququ verən yaş həddi ilin birinci yarısında tamamlanmalıdır. Fikrimizcə, qanunun bu formada izahı və tətbiqi yolverilməzdir və neqativ hallara yol açır. Bu neqativlik özünü doğum haqqında şəhadətnamədə doğum gününü iyulun 1-dən qabağa yazdırmaqda göstərə bilər. Deputat Vahid Əhmədov demiş, notariat idarələrinə bir -iki manat verib, “altı aylığından iş stajı düzəltmək” nə çətin şeydir ki? ! Ümumiyyətlə, bu izah məsələsini Konstitusiya Məhkəməsinin səlahiyyətinə vermək daha məntiqli olar. Fikrimizcə, ilin birinci yarısı “senzi” aradan qaldırılmalıdır. Özü də 2017 -ci ildən başlayaraq. Son tarix kimi də iyulun 1-inədək yazılması məntiqsiz olmaqla yanaşı, həm də qanunsuzdur. Axı, 2021 -ci və 2027-ci ildən yaş həddi hər iki cins üçün 65 olacaqsa ,bunun iyulun 1-inə kimi qeyd edilməsinin anlamı yoxdur. Belə çıxır, son hədd ilində iyuldan sonra yaş 65 olmaya bilər? (??)
Pensiya-sosial təminat hüququ Konstitusiya ilə təsbit olunan əsas hüquq və azadlıqlardandır. Bu hüquq və azadlığın məmurun izahı ilə gerçəkləşməsi yolverilməzdir.
Teref.az
Məğrur Bədəlsoy