Uşaqları yedirərkən bunları etməyin - Həkim

6-12-2018, 07:39           
Uşaqları yedirərkən bunları etməyin - Həkim
Valideynləri ən çox narahat edən məsələlərdən biri də uşaqların az yeməsi, iştahsız olmasıdır. Əksər analar uşağın sağlamlığını onun kök olması ilə əlaqələndirdiyi üçün bacardıqca ona çox yemək yedirməyə çalışırlar. Ancaq mütəxəssislər bildirir ki, bu, olduqca səhv yanaşmadır. Xüsusilə, uşaq yemək istəmədiyini bildirirsə, onu məcbur etmək lazım deyil. Belə olduğu halda uşaqda iştahsızlıq yaranır.

Mövzu ilə bağlı Axar.az-a açıqlama verən pediatr Altay Abdullaoğlu uşaqlarda iştah yaratmağın yollarından danışıb:

“Bir uşağın boy və çəkisi yaşına görə normaldırsa və ehtiyacı qədər yeyirsə, narahat olmağa əsas yoxdur. Bəzi uşaqlar arıq olsalar da, tam sağlam olurlar. Uşaqların yaxşı və ya pis qidalanması valideynlərin verdiyi tərbiyədən çox asılıdır. Yəni rejimsiz qidalanma, yemək arasında şirniyyatların verilməsi, xəstə olan zaman uşağı məcbur etmək və sair məsələlər uşağı iştahsız edir. Unutmayın ki, uşaq az yeyərək də yaxşı inkişaf edə bilər.

Uşağın qabağına çox deyil, uyğun miqdarda yemək qoyulmalıdır. Əsəbiləşmədən, məcbur etmədən yedizdirmək lazımdır. Uşağa yeməkdən əvvəl keks, peçenye, çərəz kimi qidalar və şirinçay verilməməlidir.

Uşağın həvəsini artırmaq üçün bəzəkli boşqablardan istifadə etmək, yeməyi müxtəlif formada təqdim etmək lazımdır.

Açıq havada gəzdirmək də uşağın iştahının açılmasına səbəb olur. Uşağı televizorla, telefonla yedirtmək, həkim məsləhəti olmadan vitaminləri içirtmək yanlış metoddur. Analar uşaqların kökəlməsinə deyil, normal inkişaf etməsinə diqqət etməlidirlər”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.