Beynəlxalq Bankın sabiq prezidenti həbsin bir addımlığında... - Vəkil danışır...

23-10-2015, 12:44           
Beynəlxalq Bankın sabiq prezidenti həbsin bir addımlığında... - Vəkil danışır...
Milli Təhlükəsizlik Nazirliyində həyata keçirilən xüsusi əməliyyat, prezident sərəncamı ilə nazir Eldar Mahmudovun işdən çıxarılması hazırda istintaq olunan bir çox işlərin daha obyektiv araşdırılmasına yol açıb. Belə işlərdən biri də “Beynəlxalq Bank işi”dir. Aylardır ki, istintaq davam edir, onlarla tanınmış sahibkar, iş adamı həbs olunub, istintaqa cəlb edilib.

Tutulanlar arasında bankın şöbə müdirləri, sıravi işçiləri də var. Amma bank rəhbərliyi bu gün də azadlıqdadır. MTN-də baş verən son hadisələrə qədər C.Hacıyevin həbsdən kənarda qalmasında qudası Eldar Mahmudovun rol oynadığı deyilirdi. Artıq E.Mahmudov nazir deyil. MTN-də məlum əməliyyat baş tutan günlərdə “Beynəlxalq bank işi” üzrə həbs olunan bankın Dubaydakı nümayəndəsi, “qara polkovnik” Fətulla Hüseynovun oğlu Adil Hüseynov DİN Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinə aparılıb və orada 1 həftə saxlanılıb. A.Hüseynovun vəkili Kamandar Nəsibov “Yeni Müsavat”a müsahibəsində müvəkkilinin Bakı İstintaq Təcridxanasından baş prokurorun I müavini Rüstəm Usubovun qərarı ilə köçürüldüyünü deyib.

- Mən müdafiə etdiyim şəxslə görüşdüm, amma Adil Hüseynov köçürülmədən əvvəl və sonra baş verənlər barədə heç nə danışmaq istəmədi. Böyük ehtimalla onu hədələyiblər. Ona görə də yaxınlarının həyatına görə qorxur, nədənsə ehtiyat edir. Mən demirəm ki, gedib Adil Hüseynovun ailəsini güllələyəcəklər. Söhbət təzyiqlərdən gedir. Bu iş üzrə tutulanlara təzyiq edir, deyirlər ki, pul ver! İş üzrə həbs olunanların, həmçinin Adil Hüseynovun evindən daşınmaz əmlaka dair çıxarışları götürüblər. Çıxarışını götürdükləri əmlak Adil Hüseynovun həyat yoldaşına atasından qalan əmlakdır. Həmin əmlaklara aid olan mənzilləri kirayə verəndə müqavilə bağlamağa çıxarışlar lazım olur. Buna görə də mənzilləri kirayə verə bilmirlər. Çıxarışları vermirlər. Adil Hüseynov saxlanıldıqdan sonra mənzilində axtarış aparılıb. Amma axtarışı baxış kimi rəsmiləşdiriblər.

- Adil Hüseynovun son köçürülməsi ilə bağlı sizə hər hansı bir məlumat verilib?

- Mənə məlumat verməyiblər. Aparıb 1 həftə saxlayıblar. Heç bir istintaq hərəkəti aparılmayıb.

- Adil Hüseynov Bakı İstintaq Təcridxanasından hansı adla çıxarılıb?

- Guya istintaq hərəkəti aparılmaq üçün. Əgər şəxsi zəruri istintaq hərəkətlərinin həyata keçirilməsi üçün ora aparıblarsa, təqsirləndirilənin yanında vəkili olmalıdır. Adil Hüseynovu aparıb 1 həftə saxlayıblar, amma heç bir istintaq hərəkəti keçirməyiblər. Onun aparılması haqda xəbər tutandan sonra şikayətlər yazmışam və onu geri qaytarıblar.

- Adil Hüseynovdan Beynəlxalq Bank rəhbərliyinə, konkret olaraq, Cahangir Hacıyevə qarşı ifadə istənilibmi?

- İlk gündən ona deyilib ki, Cahangirlə bağlı məsələni açıqla, başqa bir şey lazım deyil. Adil Hüseynova birbaşa göstərişi verən o yox, müavini Emil Mustafayev olub. Adil Hüseynovda həmin göstərişlərin Emil Mustafayevə Cahangir Hacıyevin verməsi haqda məlumat yoxdur. Adil Hüseynov mənə deyib ki, bütün köçürmələr Emil Mustafayevin göstərişi ilə olub. O, konkret elektron poçt vasitəsilə Adil Hüseynova yazıb ki, filan məbləğ filan hesaba, digər məbləğ digərinə köçürülsün.

- Deməli, Adil Hüseynova verilən suallarla ona göstərişlərin Cahangir Hüseynovdan gəlib-gəlmədiyinə aydınlıq gətirilməsi istənilib?

- Bəli, amma Adil Hüseynov birbaşa göstərişləri Emil Hüseynovdan aldığını deyib. Çünki rəhbərliyi o edib. Bu gün Beynəlxalq Bank işi üzrə həbsdə olanların əksəriyyəti icraçılardır, 1 qara qəpiyin yiyəsi olmayıblar. Amma onlara göstəriş verən, həmin pulları hansısa məqsədlərlə xərcləyən şəxslər villalarında, bağ evlərində arxayın oturublar. Onlar niyə evlərində oturublar? Bu adamların kimliyini hamı bilir.

- “Beynəlxalq Bank işi” bu şəkildə nə vaxta kimi davam edə bilər?

- Hələlik iş üzrə istintaqın müddəti 2 dekabra kimi uzadılıb. Bundan sonra da uzada bilərlər. Söhbət ondan gedir ki, bu günə qədər hər hansı bir istintaq hərəkəti aparılmır. İttihamda yazırlar ki, guya bunlar bir qrup şəxslə əlbir olaraq filan-filan hərəkətləri ediblər. Həmin qrup dedikləri şəxslər isə müəyyən olunmayıb. Bilinmir ki, Adil Hüseynov bu hərəkətləri kiminlə edib, qrupa daxil olanlar kimlərdir? Yazırlar ki, istintaqa məlum olmayan qrup! Adil Hüseynovun ifadələrində var ki, o, birbaşa Emil Mustafayevin göstərişlərini həyata keçirib. Adil Hüseynov onun göstərişlərini yerinə yetirməyə bilməzdi. Çünki Emil Mustafayev onun rəhbəri olub. Əlbir olmaq nə deməkdir? Məgər rəhbər işçiyə göstəriş verirsə, onunla əlbir olur?

- Həmin göstərişlərin qanuni və ya qanunsuz olmasını Adil Hüseynov müəyyən edə bilərdi?

- Adil Hüseynov sıravi işçidir və bank rəhbərliyinə daxil olan şəxsin göstərişlərini yerinə yetirib. O göstərişlər nə dərəcədə qanuni və ya qanunsuz olub, bunu ayırd edə bilməzdi. Ona deyiblər filan qədər pul filan hesaba köçməlidir. O da köçürüb. O həmin məsələlərin nəzarətçisi olub. 300 milyondan çox məbləğ Xəqani Bəşirova verilib. O da oturub Fransada kef edir.

- Adil Hüseynovdan tələb olunan məbləğ nə qədərdir?

- 318 milyon.

- Həmin pulun 300 milyonundan artığı Xəqani Bəşirovdadırsa, yerdə qalan pullar haradadır?

- 12 milyonu kredit şəklində verilib, yarıdan çoxu da qaytarılıb. Eyni epizod üzrə başqa bir şəxsə də ittiham verilib. Ondan 218 milyon tələb olunur. Bilmək olmur ki, konkret məbləğ nə qədərdir.

- Kamandar müəllim, sizdən Adil Hüseynovun vəkili kimi deyil, bir hüquqşünas kimi soruşmaq istəyirəm ki, bankdan kredit alan şəxslər, bankda çalışmış şöbə müdirləri, sıravi işçilər həbs olunduğu təqdirdə, bank rəhbərliyinin, Cahangir Hacıyevin azadlıqda gəzməsi normaldır?

- İcazə verin mən də sual verim, MTN-in işçiləri həbs olunub, rəhbəri həbs olunmayıb, bu normaldır? Cahangir Hacıyevlə bağlı deyə bilmərəm ki, niyə həbs olunmur. Çünki sənədlərdə onun imzasının olub-olmadığını bilmirəm. Amma Emil Mustafayevin isə sənədlərdə imzasını görmüşəm. Deyə bilərəm ki, Emil Mustafayev tamamilə qanunsuz olaraq azadlıqdadır. O, həbs olunmalıdır.

- Necə hesab edirsiz, bu məsələlərin çözülməsi üçün istintaqın səlahiyyəti kifayət qədərdir?

- Bu, iqtisadi cinayətlərdir. Bu işi həmin idarə araşdırmamalıdır. Burada dələduzluq yoxdur. Burada kreditin təyinatı üzrə xərclənməməsi ilə bağlı araşdırma aparılmalıdır. Kredit veriləndə bank kreditin təminatı kimi girov götürməyibsə, bu, bankın öz günahıdır. Yəni bu, vətəndaşın günahı deyil. Bank həmin məbləğləri verirsə, məsuliyyət də bankındır. Bugünkü gündə bankın məsuliyyətini kənara qoyublar. Böyük məbləğdə təminatsız verilən kreditlərə görə bank özü məsuliyyət daşımalıdır. Krediti alanlar təyinatı üzrə istifadə etmirsə, bunun məsuliyyəti başqadır. Vaxtında qaytara bilmirsə, bu, mülki münasibətdir və məsələ mülki qaydada həll olunmalıdır. Cinayət xarakterli məsələ yoxdursa, iş mülki qaydada həll edilməldir. Hay-küylə, adamları “podval”a basmaqla iş düzəlmir.

- Müdafiə tərəfi Adil Hüseynovun son köçürülməsi ilə bağlı hər hansı bir addım atacaq?

- Sorğular vermişik, cavab verilmir. Sorğuları əlavə edib məhkəməyə müraciət edəcəyik. Adil Hüseynovun ora aparılmasının səbəbi deyilməlidir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.