“Övladlarımızı idmandan qoruyun!”
Bu gün, 09:38

Bir vaxtlar övladlarımızı küçənin zəhərindən, ziyanlı vərdişlərdən qorumaq üçün idman zallarına yönəldirdik. İnanırdıq ki, idman onları sağlam, güclü və düzgün tərbiyəli insanlar edəcək. Amma bu gün acı bir həqiqətlə üz-üzəyik: idman zalları artıq övladlarımız üçün təhlükə mənbəyinə çevrilib!
Son zamanlar idmanımızı gündəmə gətirən bir neçə xoşagəlməz faktları diqqətinizə çatdırım.
Bir neçə il əvvəl Ukraynadan Azərbaycana gəlmiş veteran MMA döyüşçüsü Həsən Əzizov – 4 yaşlı övladının gözləri qarşısında MMA Qraplinq Federasiyasınin bas məşqçi Ruslan Əfəndiyev və onun tələbələri olan , Tofiq , Vüqar, Rüfət, Xəzər tərəfindən təklənərək amansızlıqla döyüldü. Bu biyabırçı xuliqanlıq hadisəsi MMA Federasiyasının adı ilə hallandı.

Daha bir nümunə Beynəlxalq turnirlərdə Azərbaycanı təmsil etmiş Araz Musayev, Antalyada keçirilən muay-tay çempionatı zamanı bıçaqlandı. Bir millətin idmançısı yad ölkədə qan içində yerdə qaldı.
Daha dəhşətlisi – iki azyaşlı idmançının ölümü: biri 7 yaşlı Fərid məşqçisi tərəfindən döyülərək öldürüldü, digəri isə 16 yaşlı Turan idman zalında digər “şagird” tərəfindən bıçaqlanaraq qətlə yetirildi. Bu gün bir çox valideynlərin içində eyni qorxulu sual dolaşır: “Mən övladımı hara göndərirəm?”

Xüsusilə döyüş növləri (MMA, muay-tay, boks və s.) bəzi zallarda artıq idman yox, kriminal hazırlıq məktəbinə çevrilib. Gənclərin enerjisi düzgün istiqamətə yönəldilmir, əksinə, küçə davaları, zorakılıq və hətta radikal dini ideologiyalarla qarışdırılır.
Təəssüf ki, bu tendensiya təkcə döyüş növlərində deyil. Azərbaycanın ən məşhur futbol klublarından biri də artıq təhlükəli bir nümunəyə çevrilib. Burada idman geri planda qalıb, klub radikal dindarların yuvasına dönüb. Klub daxilində təriqət savaşları, ayrı-seçkilik halları baş verib. İddialara görə, baş məşqçinin dini əqidəsinə uyğun olmayan futbolçular komandadan uzaqlaşdırılıb. Artıq burada din idmandan üstün tutulur, və bu, cəmiyyət üçün təhlükəli siqnaldır.

Üstəlik, Azərbaycan idmanının başqa bir qan yarası – rüşvət və korrupsiya da bu mühiti zəhərləyir. Federasiyalarda yerlər pulla satılır, , əvəzində idman ruhundan uzaq, əlaqəli şəxslər önə çəkilir.
Sual:
Biz övladlarımızı hara göndəririk?
Sağlamlıq və əxlaq qazanmağa, yoxsa qanunsuzluğun, radikalizmin və şiddətin içində əzilməyəmi?

Vaxtdır tələb edək:
İdman zalları kriminal və dini radikal təsirlərdən təmizlənsin!
Federasiyalarda korrupsiya ilə kompromissiz mübarizə aparılsın!
İdmançılarımızın təhlükəsizliyi və psixoloji sağlamlığı qanunla qorunsun!
Çünki bu gedişlə “övladlarımızı ziyanlı vərdişlərdən qoruyun” çağırışını yox, “övladlarımızı idmandan qoruyun” çağırışını etməyə məcbur qalacağıq!
Susmaq olmaz! Əks halda sabah bu zallardan çıxan gənclər küçələrdə öz xalqına bıçaq çəkəcək!
Джавид Дамирли
TEREF