Fərman prezidentindir, baqajlar - gömrüyün - FOTO

16-12-2015, 23:53           
Fərman prezidentindir, baqajlar - gömrüyün - FOTO
Ölkəyə 10 min dollar məbləğində mal gətirmək istəyənlər hələ də köhnə qaydayla üzləşirlər
Manatın devalivasiyası və neftin dünya bazarında qiymətinin ucuzlaşmasından sonra ölkəmizdə iqtisadiyyatın inkişafı üçün bir sıra tədbirlər görüldü.

Bu tədbirlər sırasına prezident İlham Əliyevin gömrük sahəsində nəzarətin həyata keçirilməsi ilə əlaqədar bəzi yoxlamaların sadələşdirilməsi haqqında fərmanı da daxildir. Fərmana əsasən, fiziki şəxslər tərəfindən ölkənin gömrük ərazisinə gətirilən və istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan ümumi gömrük dəyəri 10000 ABŞ dolları ekvivalenti məbləğindən artıq olmayan mallar (aksizli mallar, avtonəqliyyat vasitələri və səfər zamanı fiziki şəxsin zəruri ehtiyaclarının ödənilməsi üçün nəzərdə tutulan əşyalar istisna olmaqla) gömrük ödənişi ödənilmədən gömrük sərhədindən keçiriləcək.

Prezidentin fərmanına necə əməl olunur?

Prezidentin yuxarıda qeyd etdiyimiz fərmanı verməsindən artıq 2 aya yaxın vaxt keçir. Heydər Əliyev Beynəlxalq Hava Limanının I terminalının binasında söhbət etdiyimiz sərnişinlər bildirdilər ki, fərmandan məlumatlı olsalar da, hələ ki gömrükdən 1500 dollardan yuxarı məbləğdə olan məhsulu xüsusi rusum ödəmədən keçirə bilməyiblər. Çünki buna icazə verilmir. Sərnişin Faiq Qasımov bildirdi ki, tez-tez Türkiyəyə gedib-gəlir. Ancaq hələ ki 10 min manatlıq malı gömrük ödənişi etmədən ölkəyə keçirə bilməyib:
“Bizə deyirlər ki, hələ ödənişlər köhnə qaydaya uyğun aparılır. Nazirlər Kabinetinin qərarı olmalıdır. Ona görə də fərman olsa da, dəyişən heç nə yoxdur. Ümid edirik ki, yaxşı olacaq. Məsələ burasındadır ki, bu qərar verildikdən sonra fiziki şəxs ildə neçə dəfə bu hüquqdan istifadə edə biləcək. Hesab edirəm ki, əsas məsələ bu olacaq”.

Hava limanında rüsumla bağlı fikir ayrılığı

Hava limanının məlumat şöbəsində (information) bildirdilər ki, prezidentin fərmanına uyğun olaraq hər bir fiziki şəxs 10 min dollara qədər dəyərində olan və qadağa olunmayan məhsulu ölkəyə keçirə bilər. Buna heç bir qadağa qoyulmur. Onların dediyinə görə, sərnişin hətta, misal üçün, asanlıqla qiyməti 10 min manata qədər olan hər hansı bir kompüteri, yaxud da telefonu rüsum ödəmədən gətirə bilər.

Hava limanında ölkəyə gətirilən məhsulların yoxlanıldığı xüsusi gömrük nəzarəti ərazisində adının çəkilməsini istəməyən yüksək rütbəli gömrük əməkdaşı bildirdi ki, sərnişinlər doğru deyirlər, hələ ki gömrük ödənişi ilə bağlı yeni qaydalar tətbiq olunmayıb:
“Doğrudur, bununla bağlı prezidentin fərmanı var. Ancaq fərmanda qeyd olunub ki, Nazirlər Kabineti üç ay müddətində fərmandan irəli gələn təklifləri hazırlayıb ölkə prezidentinə təqdim etməlidir. Üç ay müddət isə hələ bitməyib. Ehtimal olunur ki, 2016-cı ilin ilk ayında müvafiq qərar hazırlanıb prezidentə təqdim olunacaq. Hər halda bu barədə biz dəqiq informasiyaya malik deyilik. Nazirlər Kabinetinin təklifi və qərarı olmadan, ödənişlərdə hər hansı bir dəyişikliyin edilməsi mümkün deyil. Hazırda bu proses Nazirlər Kabinetinin 305 saylı qərarı ilə aparılır. Həmin qərara görə, fiziki şəxslər 1500 ABŞ dolları həcmində kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malları gömrük ödənişi etmədən ölkəyə keçirə bilirlər”.

Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri Akif Əli musavat.com-a aşıqlamasında fərmanla bağlı Nazirlər Kabinetində hansı işlərin aparıldığı barədə deyib ki, prezidentin fərmanı varsa, Nazirlər Kabinetinin də müvafiq qərarı olacaq:
“Prezident tapşırıbsa, bu, Nazirlər Kabineti tərəfindən də yüksək səviyyədə həyata keçirilir. Başqa cür ola bilməz. Bəhs edilən qərar da təyin olunan vaxt ərzində veriləcək”.

















Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.