Azərbaycanda dollar satışının kəskin azalmasının səbəbləri - ŞƏRH
16-02-2020, 09:11
Dövlət Neft Fondu tərəfindən 2020-ci ilin yanvar ayı ərzində 300,2 milyon ABŞ dolları məbləğində vəsait satılıb. Neft Fondu tərəfindən 2019-cu ilin dekabr ayı ərzində isə 886,35 milyon ABŞ dolları məbləğində vəsait satılıb. Beləliklə, yanvar ayında dekabr ayı ilə müqayisədə valyuta satışı 3 dəfəyə yaxın azalıb.
Qeyd edək ki, Neft Fondu tərəfindən 2019-cu ilin yanvar ayı ərzində isə 634,9 milyon ABŞ dolları məbləğində vəsait satılıb.
Ekspertlər Sputnik Azərbaycan-a açıqlamasında dollar satışının kəskin azalmasından danışıblar.
İqtisadçı-ekspert Natiq Cəfərli deyib ki, valyuta satışının azalması yaxşı hal deyil: "Xaricdən gətirilən məhsulların həcmi azalırsa, deməli tələbat azalır. Tələbat azalırsa, alıcılıq qabiliyyəti aşağı düşür. Yəni son bir il ərzində yerli istehsalda kəskin artım olmayıb. Ona görə deyə bilmərik ki, bunu yerli istehsal əvəz edib. Amma dekabr ayında daha çox mal ölkəyə daxil olub. Ola bilər, Yeni il bayramı öncəsi və digər məsələlər ilə bağlı noyabr-dekabr aylarında dollara tələbat daha çox olub. Yanvar ayında isə daha az fəallıq müşahidə edilib".
"Yanvar ayında eyni zamanda koronavirus amili var. İstehlak mallarının böyük bir hissəsi Çindən gətirilir. Yəqin Çinlə ticarət əlaqələrinin zəifləməsi, xaricə gedən insanların sayının azalması da buna təsir edib. Ümumilikdə koronavirus epidemiyası ilə əlaqədar dünyada turizm axını 30 faiz azalıb", – deyə o qeyd edib.
O bildirib ki, valyuta satışının azalması yaxşı hal deyil: "Bəzi iqtisadçılar bunu müsbət hal kimi qiymətləndirirlər, mən isə əksini düşünürəm. Bu, ölkədə iqtisadi aktivliyin, alıcılıq qabiliyyətinin zəifləməsini göstərir. Onsuzda Neft Fondunun büdcə qarşısında öhdəlikləri var. Bu öhdəliklər manatla yerinə yetirilməlidir, valyuta ilə köçürmələr olmur. Çox güman ki, yerdə qalan hissəni Mərkəzi Bank alacaq. Bu da Mərkəzi Bankın ehtiyatlarının artmasına səbəb olacaq. Bu, bir tərəfdən müsbət olsa da, digər tərəfdən, obrazlı desək dövlət bir cibindən pulu çıxarıb digər cibinə qoyacaq ki, bu da iqtisadi aktivlik üçün o qədər də önəmli deyil".
"Təxminən 24-26 bank hər hərracda valyuta alır və tələbat öncədən bilinir. Banklar valyutanı əldə etdikdən sonra fiziki və hüquqi şəxslərə verir ki, onlar xarici ticarət əməliyyatlarını həyata keçirə bilsinlər. Eyni zamanda fiziki şəxslərə satış da həyata keçirilir", – deyə o əlavə edib.
Azərbaycan Dövlət İqtisad Universitetinin professoru Elşad Məmmədov isə deyib ki, bunun iki səbəbi ola bilər: "Birinci səbəb odur ki, ölkədə sərt pul-kredit siyasəti davam etdirilir və pul kütləsi, yəni manat kütləsi azdır. Manat kütləsinin az olması da dollara tələbatı azaldır. İkinci səbəb budur ki, pul kütləsi düzgün idarə olunduğu halda real sektorda investisiyalar artırsa, ölkədən valyuta, kapital qaçışı azalır və idxala olan tələbat da azalır. Burada daha çox birinci səbəb göstərilə bilər, yəni pul kütləsinin yenə də sıxılması".
"Valyutaya tələbatın azalması yaxşı haldır, amma ikinci səbəbdən olsa idi, daha məqbul olardı. Çünki pul kütləsinin sıxılması vasitəsilə dollara tələbatın azalması dolların bahalaşmamasını şərtləndirsə də, iqtisadiyyatın dayanıqlı inkişafı mümkün deyil. Pul kütləsinin sıxılması bütövlükdə işgüzar fəallığın, investisiyaların azalmasına səbəb olur. Bu da yolverilməzdir", – deyə o qeyd edib.
Onun fikrincə, valyuta satışının azalması tam müsbət hal kimi dəyərləndirilə bilməz: "Bu, o vaxt tam müsbət hal olardı ki, iqtisadiyyatda investisiyalar artsın, pul kütləsi artsın, kreditləşmə yumşaq şərtlərlə çoxalsın. Bu halda dollara tələbat artmasa və yaxud azalsa, bunu müsbət hesab etmək olar. Dollara tələbatın azalması şərtilə investisiyaların artımına nail olunsa, onda bu, tam müsbət hal olar".