Qazilərimizin çörək qazandığı daha bir marşrut xətti iş adamına qurban verilir! - QALMAQAL
17-02-2020, 09:38
Qazilərimizin çörək qazandığı daha bir marşrut xətti iş adamına qurban verilir!
AFN xəbər verir ki, belə bir bəyanatla Qarabağ qazisi, tanınmış jurnalist Rey Kərimoğlu çıxış edib. O bildirib ki, "BakuBus" adı ilə qazilərin işinə maneçilik göstərilir: "Bir nəfərin marşrut xətti alınıb verilib "BakuBus"a. Ona da neçə vaxtdır söz veriblər ki, sənə başqa xətt veriləcək. Çıxış yolu kimi Bakı Nəqliyyat Agentliyi Koroğlu metrosundan Zabrat qəsəbəsinə işləyən 198 saylı xətti ("Kərpic zavod"a gedən, cəmi 6 avtobus işləyir) bu "iş adamına" verib". R.Kərimoğlu qeyd edib ki, həmin marşrut üzrə qazilərdən bu ay üçün də dövlət rüsumu, lisenziya pulu alınıb.
AFN-ə açıqlamasında R.Kərimoğlu məsələ ilə bağlı əlavə məlumatlar da verib. Onun sözlərinə görə, sözügedən marşrutun sahibi I qrup Qarabağ qazisidir: "Bu marşrut xətti üzrə daşıyıcı "Grand BUS” MMC-dir. Onun icraçı direktoru da Xanlar Allahverdiyevdir. Xanlar Horadiz əməliyyatı döyüşlərində iştirak edib, ağır yaralanıb, I qrup Qarabağ qazisidir. Orda qarajın sahibi də Xanlardır, eyni zamanda orda 3-4 nəfər Qarabağ qazisi də işləyib dolanır".
R.Kərimoğlunun sözlərinə görə, bu, Qarabağ qazilərinə qarşı olan birinci belə hal deyil: "64 saylı marşrut xətti də Qarabağ qazisi I qrup Qarabağ əlili Abbasov Ziyəddin idi. İki ayağı yox idi, ağır xəstə idi. O vəfat elədi, 40-ı çıxmamış marşrutu ailəsindən aldılar verdilər başqasına. O da kredit götürüb marşruta xərc qoymuşdu, indi bank evini əlindən alıb, 3 övladı çöllərdə qalıb. BNA rəhbərliyi ilə danışıqlar apardıq, söz verdilər həll edəcəklər, nəticəsi olmadı". BNA-nın Qarabağ əlilləri ilə bağlı başqa problemlər də yaratdığını deyən həmsöhbətimiz bütün bunların arxasında çirkin məqsədlərin dayandığını bildirdi.
Qeyd edək ki, R.Kərimoğlu məsələni sosial şəbəkələrdə ictimailəşdirəndən sonra bəzi media orqanlarında "Grand BUS” MMC-nin sahibinin Qarabağ döyüşçüsü olmadığı haqda məlumatlar yayılıb. Bəzi KİV-lərdə dərc edilən həmin məlumatlarda guya Qarabağ qazilərinin adından istifadə edildiyi bildirilir. R.Kərimoğlu bir daha qeyd etdi ki, həmin yazıda adıçəkilən adam MMC-nin sahibi, I qrup Qarabağ qazisi olan Xanlar Allahverdiyev isə icraçı direktorudur və onlar həm də şərikdirlər: "İki il əvvəl həmin şirkətlə Xanlar arasında şəriklik haqqında müqavilə bağlanıb. Hər bir halda, ortada neçə nəfər Qarabağ qazisinin iş, qazanc yeri məsələsi var və heç kim bunu görməzdən gələ bilməz".
Məsələ ilə bağlı AFN-in BNA-ya ünvanlanan sualı cavabsız qaldı.