"Adıma sosial yardım yazıb, mənimsəyiblər" - GİLEY

20-02-2020, 10:11           
"Adıma sosial yardım yazıb, mənimsəyiblər" - GİLEY
"Adıma sosial yardım yazıb, mənimsəyiblər"
Ucarın Məlikballı kəndinin sakini, 2-ci qrup əlilliyi olan Teymur Həsənov deyir ki, 1 il ərzində xəbəri olmadan onun adına ünvanlı sosial yardım yazıb, mənimsəyiblər. Bundan təzəlikcə xəbər tutub. Aidiyyatı qurumlara müraciət edib, ancaq işinə baxan yoxdur.

DİA.AZ-ın məlumatına görə, Teymur Həsənov deyir ki, hadisə 2012-2013-cü illərdə olub. Düz bir il hər ay adına 157 manat yazılıb və mənimsənilib. Bunu kimlərin etdiyini hələlik bilmir. Aidiyyatı qurumlardan gələn cavablarda isə “hələ araşdırırıq, sizi məlumatlandıracağıq”, - deyilir.

Teymur Həsənov deyir ki, bu araşdırmaların üstündən 3 ay keçib. Hələ də nəsə tapa bilməyiblər.

“Bir dəfə televizorda dedilər ki, 20 il əvvəl olan cinayət faktının üstü açılıb. Buna qadir olan orqanlar necə olur ki, bir neçə il bundan öncə olan işi araşdırıb, tapa bilmirlər. Özü də asandır. Həmin il bu işə rəhbərliyi kim edib, çağırırsan, soruşursan, vəssəlam. Sıravi işçi bunu özbaşına, tək edə bilməzdi”.

Dövlət Sosial Müdafiə Fondunun Ucar rayon şöbəsindən Meydan TV-yə belə bir hadisənin olduğunu təsdiqləyiblər. Ancaq əlavə məlumat verə bilməyəcəklərini deyiblər:

“Hadisə barədə məlumatımız var. Vətəndaş danışıb, şikayət edib, bilmişik. İdarədə həmin adama hər şey izah olunub, lazımi məlumat verilib. Biz başqasına əlavə məlumat verə bilmərik”.

Teymur Həsənov isə deyir ki, ona heç bir qaneedici məlumat verilməyib. Sadəcə “araşdırılacaq”, - deyilib. Sonra da bir nömrədən zəng gəlib. Kimliyini bilmədiyi adam ona bir il ərzində adına yazılan pulu qaytarmağı, şikayətini geri götürməyi təklif edib. Ancaq Teymur Həsənov onunla razılaşmayıb. Deyir, o yalnız həmin pulu dövlətdən ala bilər:

“Mən istəmirəm ortaya çıxan hadisənin üstünü örtsünlər. İstəyirəm, dövlət araşdırsın, pulu mənimsəyəni tapsın və cəzasını versin. Sonra əgər o pul mənə düşürsə, qaytarsınlar. Düşmürsə, dövlətin balansına keçsin. Mən işin qapadılmasına razı deyiləm. Bəlkə də məndən başqa da nə qədər adamın adına pul yazıb, özlərinə götürüblər. İndi də hamısının üstünün açılmasından qorxurlar. Mən kasıb ola bilərəm, acından ölə də bilərəm, amma insanların haqqının yeyilməsinə göz yuma bilmərəm. İstəyirəm işə hüquqi qiymət verilsin”.

Teymur Həsənov deyir ki, Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini bir müddət əvvəl rayonlarına gəlib, vətəndaşlarla görüşüb. O da Anar Kərimovun qəbuluna girə bilib. Problemini deyib. Nazir müavini də “narahat olma, problemini araşdıracağıq”, - deyib.

Sonra Nazirlər Kabinetinə yazdığı məktuba cavab alıb. Orada da qeyd edilib ki, iş araşdırılması üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə göndərilib. Ondan sonra vətəndaşa heç bir cavab gəlməyib.

Teymur Həsənov deyir ki, onun kasıblığından faydalanıb, işi bağlamaq istəkləri nəticə verməyəcək. Çünki o, pulu almaqdan çox bu işi onun başına gətirənlərin cəzalandırılmasını istəyir:

“Mənim ailəm 5 nəfərdən ibarətdir. Özümdə ürək qüsuru var. Birdən tutanda, günlərlə böyrü üstə qalıram. Qızım isə ruhi xəstədir, anasının ümidinə yaşayır. Oğlum iş tapa bilmir. Kiçik oğlum da məktəblidir. Yoldaşımın isə günü qızımıza baxmaqla keçir. Bəli, mən kasıbam, bəli, mənim uşaqlarıma Məlikballı kəndi fitrə verir, nəzir deyir. Hansısa dövlət məmuru belə insanların pulunu mənimsəyib. İstəyirəm, bunu da biləsiniz”.

Teymur Həsənov onun adına pul yazılmasını öyrənməsindən danışır. Deyir, 2012-ci ildə ailəsi ilə birgə yeməyə çörək tapmırmışlar. O zaman bir ümid Dövlət Sosial Müdafiə Fondunun Ucar Rayon Şöbəsinə gedib. Ailə vəziyyəti barədə danışıb:

“Məndən bir neçə sənəd istədilər. Hamısını toplayıb apardım. Onu da deyim ki, bu sənədlərin toplanmasına da 100 manata qədər xərcim çıxdı. Nə isə apardım verdim, bir neçə gündən sonra zəng edib dedilər ki, bəs sənə yardım düşmür. Mən də başını buraxdım. Ötən il yaman pis xəstələndim. Təmiz yatağa düşdüm. Gördüm ki, ailəmin vəziyyəti pisdir. Özümü toplayan kimi bir də üz tutdum Dövlət Sosial Müdafiə Fondunun Ucar Rayon Şöbəsinə. Dedim, qardaş, baxın, görün nə vəziyyətdədir mənim ailəm. Əvvəl də bir dəfə müraciət etdim, dedilər, “sənə yardım düşmür”. Bu yardım bəs kimə düşür? Bunu deyin, işimizi bilək. Bu zaman işçi kompüterdə adımı vurub, yoxladı. Əvvəlki maraciətimə baxmaq istəyirdi. Dedi ki, dayı, niyə düşməyib? “Axı siz 2012-ci ilin yanvarından 2013-cü ilin yanvarınadək hər ay 157 manat ünvanlı sosial yardım almısınız. Bunu niyə demirsiniz?” And-aman etdim ki, xəbərim yoxdur. Gördüm işçi də pis oldu, peşman oldu bu məlumatı mənə verməyinə. Baxın, belə təsadüf nəticəsində adıma pul yazılıb, mənimsənildiyini öyrənmiş oldum. Həmin gündən də şikayət edirəm. Aidiyyatı qurumlara yazıram, pozuram. Ancaq bir nəticəsi yoxdur”.

Teymur Həsənov deyir ki, bunun adı Allahsızlıqdan başqa bir şey deyil. 5 nəfər acından ölən vətəndaşın payını necə yemək olar?

“Özü də həmin vətəndaşların nəinki yeməyə çörəyi, heç yatmağa yatağı da yoxdur. Kim istəyir, buyurub gəlsin. Mənim şəraitimə baxsın. Görsün ki, evimizdə yatmağa yataq belə yoxdur. Hamımız yerdə yatırıq. Qaz yazmasın deyə, odun yandırırıq. Mən xəstə adam bütün günü küçələrdən çör-çöp yığıram. Ayıbdır, vallah, ayıbdır, utanın, yerə girin”.

Teymur Həsənov deyir ki, elə 2012-ci ildə olan müraciətinə görünür, müsbət cavab gəlib. Savadsız, məlumatsız biri olduğundan ondan gizlədib, özləri alıblar:

“1884 manat pul edir. Mən bununla əməlli-başlı dolanardım. İstəyirəm araşdırsınlar. Bəlkə də mənim işim tək deyil. Daha nə qədər də adamın adına pul yazıb, mənimsəyiblər. Ancaq təəssüf ki, bank, Dövlət Sosial Müdafiə Fondunun Ucar Rayon Şöbəsi, polis, nazirlik -hamısı birləşib bir cinayətkarı tapa bilmirlər”.

Teymur Həsənov Baş Prokurorluğa, Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə də müraciət edib. Hələlik, cavab ala bilməyib.

“Gülməli görünsə də, yenə ünvanlı sosial yardıma müraciət etmişəm. Bu dəfə də dalına keçməsələr, alınacaq, alacağam. Digər işin isə başını buraxan deyiləm. Axıracan gedəcəyəm. Mən qoymaram o pulu yeyənlər rahat nəfəs alsınlar. Hamısı cəzanızı çəkəcək. Prezidentin qəbuluna getmək də olsa, sonacan gedəcəyəm. Qoymaram bu iş burda qala”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.