Bakıda “leş şəbəkəsi”ni kim himayə edir?- FOTOLAR
19-01-2016, 21:29
Bir neçə gündür Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti tərəfindən reydlər keçirilir və istifadəyə yararsız tonlarla ət aşkarlanır.
Musavat.com xəbər verir ki, əsasən rayonlardan gətirilən və mənşəyi məlum olmayan, qida üçün keyfiyyəti və yararlığı şübhə doğuran, haradan alınması və sağlamlığı barədə baytarlıq arayışı olmayan ətlər nazirlik əməkdaşları tərəfindən məhv edilir.
Məlumdur ki, ölkə ərazisində "leş şəbəkəsi” mövcuddur və onlar əldə etdikləri ölü heyvanların ətini ölkədə fəaliyyət göstərən əksər kolbasa sexlərinə daşıyırlar. Bu barədə mətbuatda dəfələrlə məlumatlar yer alıb. Paytaxt küçələrində satılan 2-3 manatlıq kolbasalar da bir daha bunu sübut edir ki, gizli sexlərdə hər gün bu cür məhsulların istehsalı davam edir.
Son günlər nazirlik tərəfindən keçirilən əməliyyatlar zamanı diqqət çəkən bir məqam var. Aydın olan məsələ budur ki, ələ keçirilən tonlarla yararsız ət hansısa mağazada kiloqramla müştərilərə satılmağa gətirilmir. Tonlarla yararsız ətin kolbasa sexlərinə gətirildiyi açıq-aşkar məlumdur. Lakin nazirlik yalnız əti satan və gətirən şəxslərə qarşı reydlər keçirir. Sual doğuran məqam budur ki, necə olur ki, bu ətlərin aparıldığı ünvan, sexlər müəyyənləşdirilmir?
Musavat.com-a açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib ki, aşkar edilən yararsız ətlərin hara gətirilməsinin açıqlanmaması istehsalçıların hüquqlarının kobud şəkildə pozulmasıdır: "Məlumdur ki, reydlər zamanı ələ keçirilən ətlər Bakıya gətirilir. Hara gətirilir? Bunu açıqlamırlar. Bir neçə ay əvvəl prezident sahibkarlara qarşı yoxlamaların dayandırlması ilə bağlı göstəriş verdi. Sahibkarlar da bundan sui-istifadə etməyə başlayıblar. Bunun nəticəsi olaraq da son 3 ayda müvafiq qurumlara istehlakçıların hüquqlarının pozulması ilə bağlı göndərdiyim məktublara cavab gəlir ki, "biz sahibkarların fəaliyyətinə müdaxilə edə bilmərik”. Dövlət qurumları beləcə izləmə mövqeyi nümayiş etdirirlər. Düşünürəm ki, bunun nəticəsi olaraq ölkədə surətlə epidemiyalar yayılacaq. Ciddi fəsadlar meydana çıxacaq”.
Təşkilat rəhbəri ölkədəki "leş şəbəkəsi”nin ifaş olunması üçün Baş Prokurorluğa müraciət edəcəyini bildirib: "10 ildən artıq "leş şəbəkəsi” fəaliyyət göstərir. Onların ifşa olunmasına təəssüf ki, nail ola bilmirik. Onların nömrələri, vizit kartları belə var. Baş Prokurorluqla danışmışam. Mənə bildirildi ki, onlar istehlakçıların hüquqlarının tam şəkildə qorunmasına hazırdırlar. Gələn şikayətlərin hamısı havada qalıb. Müraciətlərə baxan yoxdur.
Bəzən ölkədə yararsız kolbasa və sosiska məhsullarının müştərilərə çatmadan ələ keçirilməsi və zərərsizləşdirilməsi ilə bağlı xəbərlər də eşidirik. Məsələn, bir neçə gün əvvəl DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi (BMCMİ) tərəfindən keçirilən əməliyyat zamanı "Al-Sana” MMC-nin işçiləri saxlanılmışdı. Onlar istifadə müddəti bitmiş kolbasa və sosiskaları satarkən saxlanılmışdı.
Məlum olmuşdu ki, həmin şəxslər istifadə müddətini çoxdan başa vurmuş "Fitnes” kolbasa və sosiskalarını satmaq istəyirmişlər. Həm də açıq-aşkar şəkildə MMC-yə məxsus maşında.
Necə olur ki, hüquq-mühafizə orqanlarının əməkdaşlarının keçirdikləri əməliyyat zamanı yararsız məhsulları ələ keçirilən firmanın məhsulları televizya kanalarında hər gün reklam edilir? Məsələn, "Fitnes” kolbasaları hər gün ATV kanalında halal və keyfiyyətli kolbasalar kimi izləyicilərə təqdim olunur”.
Eyyub Hüseynov bu cür halların yolverilməz olduğunu deyir: "İnsanları aldadan bu cür reklamlar Azərbaycanda kifayət qədərdir. Hüquq-mühafizə orqanları əməliyyat keçirib, həmin kolbasa istehsal edən MMC-nin əməkdaşlarını saxlayırsa, bu firmanın məhsulunun televiziyada hər gün reklam edilməsi doğru deyil. Müəssisənin işində kiçik bir nöqsan belə varsa, araşdırılmalıdır”.
Sonda bir daha onu qeyd edək ki, bundan əvvəlki yazılarımızda da paytaxtda mənşəyi məlum olmayan ətlərdən hazırlanan kolbasa və sosiska məhsulları satılır. Məsələn, 1 kiloqrama qədər çəkisi olan "Prima” kolbasaları 2 manata satılır. Devalvasiyadan sonra isə bu kolbasaların qiyməti 2 manat 50 qəpiyə yüksəlib. Bu cür məhsulların üzərində istehsal tarixi, istehsal yeri və tərkibi göstərilmir.
Böyük marketlərdə belə satışı həyata keçirilən bəzi kolbasa bə sosiska məhsullarının üzərində istehsal tarixi doğru şəkildə göstərilmir. Ekspertlər üzərinə sonradan istehsal tarixi yapışdırılan məhsulların alınmasını məsləhət görmürlər. Çünki bu cür məhsulların istifadə müddəti bitdikdən sonra onu yenisi ilıə əvəz etmək çox asandır.