Almaniya tarixində ilk dəfə: Əfqan kökənli Lina Heyder 11 yaşında abitur aldı
7-07-2025, 08:14

Almaniya tarixində görünməmiş hadisə baş verib: Əfqanıstan köklü 11 yaşlı şagird Lina Heyder, abitur imtahanlarını uğurla verərək, Alman məktəb sisteminin ən gənc məzunu kimi tarixə düşüb.
Bu günlərdə Bonn şəhərində təşkil olunan təntənəli tədbirdə Lina Heyderə abitur (orta məktəbi bitirmə) şəhadətnaməsi təqdim olunub. Bu sənəd adətən “yetkinlik sənədi” kimi qəbul edilir və universitet təhsilinə keçid üçün əsas şərtdir. Ancaq bu dəfə onu əldə edən şəxs yalnız 11 yaşındadır.
Linanın məktəb həyatı digərlərindən çox fərqlənib. Valideynləri bildirir ki, o, ibtidai məktəbdə dərslərdən tez darıxır, hətta bu vəziyyət onun sağlamlığı üçün risk yaradırdı. Məhz bu mərhələdə onun istedadı və intellektual üstünlüyü ortaya çıxıb. Valideynləri və müəllimləri tərəfindən erkən fərq edilən bu bacarıq, onu təhsil sistemində daha irəli aparmaq üçün əsas oldu.
Cəmi bir il ibtidai məktəbdə oxuyan Lina, daha sonra Bonn şəhərindəki Sankt Adelheid Qızlar Gimnaziyasına qəbul olunub. Burada o, bir neçə sinfi birdən keçərək yaşca özündən çox böyük olan sinif yoldaşları ilə təhsil alıb. Bu, həm onun üçün, həm də məktəb sistemi üçün böyük sınaq idi. Amma məktəb rəhbərliyi və ailəsinin dəstəyi ilə sistem Linanın fərqli inkişaf sürətinə uyğunlaşdırılıb.
Linanın təhsil uğurlarında yalnız məktəb deyil, həm də xüsusi dəstək proqramları mühüm rol oynayıb. O, Koblenzdə yerləşən “Kinder-College e.V.” adlı istedadlı uşaqlar üçün fəaliyyət göstərən təşkilata qoşulub və hər ay orada dərslərdə iştirak edib.
Bundan əlavə, Lina Bonn Universitetinin şagirdlər üçün hazırladığı təhsil proqramında iştirak edib, Bonn Riyaziyyat Klubunun üzvü olub və MINT müəllimləri üçün Milena proqramına cəlb edilib. Bu fəaliyyətlər onun həm akademik, həm də sosial inkişafına böyük töhfə verib.
11 yaşında məktəbi bitirməsinə baxmayaraq, Lina gələcəklə bağlı hələ qəti qərar verməyib. O, universitet təhsili, şirkət qurmaq, müəllim və ya redaktor olmaq kimi müxtəlif ideyalar üzərində düşünür. Valideynləri və müəllimləri onu tələsməməyə və öz yolunu sakit və inamla tapmağa təşviq edirlər.
Lina Heyderin əfqanıstan köklü bir ailədən çıxaraq bu uğura imza atması, Almaniyada miqrant ailələrinin təhsildə artan rolunun da bir göstəricisidir. Bu hadisə, yalnız şəxsi bir uğur deyil, həm də Alman cəmiyyətinin müxtəlifliyinin və imkançılığının simvolu kimi qiymətləndirilir.
Bu, Almaniya tarixində ilk dəfə belə gənc yaşda abitur alma hadisəsi kimi qeydə alınıb və təhsil tarixində yeni bir səhifə açıb.
Sarvan Səmədoğlu
TEREF